Fərhad Həsənov: “Məmurların müdaxiləsi aradan qaldırıldıqdan sonra sahibkarlığın real inkişafından danışmaq olar”
Ötən ildən başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanda da əhalinin vəziyyətinə təsirsiz qalmadı. Ölkəmizin əldə etdiyi gəlirlərin azalması fonunda bütün sahələrdə problemlər artmağa başladı. Bəzi müəssisələrin gəlir əldə etmək imkanlarının azalması səbəbindən bağlanması fonunda yüzlərlə insan iş yerlərini itirdi. Manatın dollar qarşısında ucuzlaşmaqda davam etməsi və ölkədə son vaxtlar bankların faktiki olaraq dollar satışını dayandırması isə sahibkarları-iş adamlarını çətin vəziyyətə salıb.
Amma əksər ekspertlər indiki vəziyyətin qarşısının alınmasının mümkün olacağını da bildirirlər.
Sahibkar Fərhad Həsənov da yaranmış vəziyyətin sahibkarlığı zəiflətməkdə olduğundan şikayətlənir. O, “Yeni Müsavat”a bildirib ki, düzgün iqtisadi islahatlar aparılsa, problemin qarşısını almaq olardı: “Ölkənin neft sektorundan əldə etdiyi gəlirlər son 7-8 ildə mənimsənildi. Neft gəlirləri hesabına iqtisadiyyatı şaxələndirmək əvəzinə ölkəyə daxil olan böyük pullar istifadəsiz qalan binaların, diaqnostka mərkəzlərinin, eyni yolun ildə bir neçə dəfə təmirinə, binaların üzlənməsinə yönəldildi. Bütün bunlar isə valyutanın leqal və qeyri-leqal yollarla xaricə daşınması demək idi. Dağıdılan həmin milyardlar və itirdiyimiz zamanın nəticəsində iqtisadiyyatımız indiki ağır duruma düşüb. Ölkə iqtisadiyyatının yalnız bir sahədən asılılığı ona gətirib çıxardı ki, neftin qiymətinin ucuzlaşmasının ardınca Azərbaycan manatı da iki dəfədən artıq dəyər itirdi. Son vaxtlar isə dollar tapmaq ümumiyyətlə müşkülə dönüb. Sahibkarlığa bu vəziyyət çox ciddi zərbə vurmaqdadır. Manatın dəyər itirməsinin də dayandığını düşünmürəm. Hazırda ölkənin mövcud iqtisadi potensialını, maliyyə vəziyyətini, idxal-ixrac əməliyyatlarını, valyuta axınını təhlil etdikdə manatın bugünkü məzənnəsinin də reallığı əks etdirmədiyi aydın görünür”.
Fərhad Həsənovun sözlərinə görə, bankların bir-birinin ardınca bağlanması, kiçik və orta sahibkarlara kredit verilməsinin dayandırılması da sahibkarları çətin duruma salıb: “Belə ki, devalvasiyadan sonra biznes subyektlərinin borclarının artması onların bir çoxunun fəaliyyətini dayandırmasına gətirib çıxarır. Kreditləşmənin dayanması isə biznes mühitinin pisləşməsinə səbəb olmaqla yanaşı, yeni müəssisələrin, təsərrüfatların, iş yerlərinin açılmasını əngəlləyir. Hazırda xaricdən ölkəyə məhsul gətirənlərin də gəlirləri kəskin azalıb. Çünki onlar ölkəyə gətirdikləri malları xarici valyuta ilə aldıqlarına görə ödənişi də dollarla edirlər. Amma manatın az qala hər gün dəyər itirməsinə görə bu gün alınan mal sabah üstümüzə daha baha qiymətə oturur. Bundan sonra gətirdiyimiz malı baha qiymətə satdıqda alıcı problemi ilə qarşılaşırıq. Qiyməti bir qədər sabit saxladıqda isə ziyanla işləməyə məcburuq. Bununla da manat dəyər itirdikcə sahibkarların da vəziyyətin düzələcəyinə inamı itir. Bahalaşma fonunda insanların aldıqları əmək haqqının da hər ay dəyər itirməsi onların iqtisadi durumunu ağırlaşdırır. Əhalinin yaşayış şəraitinin ağırlaşması, alıcılıq qabiliyyətinin pisləşməsi isə həm də sahibkarların işini daha da zəiflədir. Bu mənada problemdən çıxış yolu ilk öncə milli valyutaya inamın bərpa edilməsindən asılıdır”.
Fərhad Həsənovun qənaətinə görə, böhran vəziyyətindən çıxmaq üçün ölkədə ciddi islahatlar aparılmalıdır: “Kiçik və orta sahibkarlığın inkişafına üstünlük və dəstək verilməli, sahibkarlara maliyyə resursları əldə etmək imkanları yaradılmalıdır. Həmçinin vergi və digər məcburi ödənişlərin faizi azaldılmalıdır. Əksər iqtisadçılar Gürcüstan təcrübəsindən çıxış edib vergi və sosial sığorta üzrə məcburi ödənişlərin birləşdirilməsini və aşağı salınmasının mümkünlüyünü təklif edir. Əgər bu addım atılarsa, 39 faiz yox, 20 faiz vergi və sosial ödənişlər edilə bilər. Həmçinin indiki halda dövlət kredit faizlərinin dərəcələrini aşağı salmaqla kommersiya banklarına ucuz və uzunmüddətli vəsait yönəldə bilər. Çıxış yollarından biri isə odur ki, məmurların biznes və sahibkarlıqla məşğul olması real olaraq əngəllənməli, sahibkarlıqla məşğul olmaq imkanı sahibkarlara verilməlidir. Onlara güzəştlər tətbiq olunmalıdır ki, ilk növbədə daxili bazarı təmin edə bilsinlər. Çünki yerli bazarda rəqabət artdıqca daha keyfiyyətli məhsul istehsal edilə və ixrac imkanları yarana bilər. Başqa sözlə, inhisarçılıq, korrupsiya, məmur müdaxiləsi qaldıqca, vergi islahatları aparılmadıqca və sahibkarlıq subyektlərinə aşağı faizlə kredit əldə etmək imkanı yaradılmadıqca bu sektorun inkişafı mümkünsüz olacaq. Yalnız inhisarçılıq, məmurların sahibkarlığa müdaxiləsi aradan qaldırıldıqdan sonra sahibkarlığın real inkişafından danışmaq olar. Əks halda, hazırda güclə də olsa ayaq üstə durmağı bacaran, fəaliyyətini davam etdirməkdə israrlı olan sahibkarlıq subyektləri qısa müddət sonra bağlanacaq”.