15.07.2014- Velosiped Zavoduna əl qoymaq istəyən məmur kimdir?

15.07.2014- Velosiped Zavoduna əl qoymaq istəyən məmur kimdir?İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun hazırda inşasını apardığı Velosiped Zavodunu öz nəzarətinə almaq istəyən oliqarx tapılıb.

Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq belə bir istehsalat müəsissəsinin tikintisinə ötən ildən start verilib. Velosiped Zavodunun tikintisi plan üzrə getsə də, müəssisənin tikinti xərclərini öz üzərinə götürmək və gələcəkdə bu biznesi inhisarında saxlamaq istəyən məmur bununla bağlı bir neçə dəfə rayonda olub.

Etibarlı mənbənin verdiyi bilgiyə görə, Velosiped Zavodunu himayəsi altına almaq istəyən məmur velosiped idmanının inkişafı üçün ona etimad göstərildiyini desə də, icra başçısı onunla razılaşmayıb. Bildirib ki, ölkə rəhbərliyinin tövsiyyəsi ilə bu işi görür və birbaşa göstəriş olmayacağı təqdirdə zavodun tikintisini kiməsə həvalə edə bilməz.

Məlumata görə, artıq Bolqarıstanda bir şirkətlə müqavilə bağlanıb, layihə üzrə işlər davam etdirilir. Zavod istifadəyə verildikdən sonra il ərzində 30 min ədəd idman, uşaq və şəhər tipli velosiped istehsal etmək gücünə malik olacaq.

5 hektar ərazidə inşa olunan zavodda 95 nəfər işlə təmin olunacaq.

Bu ilin sonuna kimi zavodun tikintisinin başa çatdırılması və istehsala başlanılması nəzərdə tutulub.

Xatırladaq ki, bu böyük layihə hazırda nəinki ölkə daxilində artan tələbatı ödəyəcək, həmçinin qonşu ölkələrə ixraca imkan verəcək gücdə olduğundan, ekspertlər tərəfindən yüksək qiymətləndirilir.


"AzerTaym.az"






Fikirlər