Kommunal xidmətlər üzrə fərqli ödənişlər təklif OLUNUR

tarif-surasi-kommunal-xidmetlerin-qiymetlerinin-diferensiallasdirdi

Kommunal xidmətlər üzrə tariflərin regional diferensiasiyasının tətbiqi büdcə vəsaitlərinin səmərəli istifadəsinə səbəb olacaq.

Bu barədə Trend-in Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı ilə əlaqədar sorğusuna cavab olaraq Hesablama Palatasından bildiriblər.

Qeyd olunub ki, 23 yanvar 2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanı dövlət büdcəsi xərclərinin səmərəli istifadə edilməsinin daha aktual xarakter daşıdığı bir dövrdə xüsusilə vacib və mühüm bir sənəddir: “Xatırladaq ki, ölkə başçısının “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə 07 dekabr 2015-ci il tarixli fərmanı ilə (11-ci bənd) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırığı verilib. Hesablama Palatası 2012-ci və 2016-cı illərdə Komitədə aparılmış nəzarət tədbirlərinin nəticəsi olaraq, məcburi köçkünlərə göstərilən kommunal xidmət normalarına yenidən baxılmasının mümkünlüyü və Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınların və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası” adlı normativ sənədin təkmilləşdirilməsinə ehtiyac olduğu barədə təkliflərini Nazirlər Kabinetinə və Milli Məclisə təqdim edib”.

Palatada hesab edirlər ki, fərmanın icrası və ciddi nəzarət mexanizmi sui-istifadə hallarının qarşısının alınmasına, vəsaitlərin ünvanlı istifadəsinə səbəb olacaq. Kommunal xidmət göstərən təşkilatlar əhalinin bu kateqoriyadan olan hissəsinə çox həssas yanaşmalı, bürokratik problemlər yaradılmamalıdır. Həm məcburi köçkünlər, həm də kommunal xidmət göstərən təşkilatlar bu məsələyə maksimum dərəcədə anlayışlı yanaşmalıdır.

Bildirilib ki, bu xərclər üzrə Dövlət Komitəsində növbəti audit 2018-ci ilin II rübündə nəzərdə tutulur:
“Yuxarıda qeyd edilən mühüm fərmanın icrası vəziyyəti bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi büdcə vəsaitlərinin qənaətli istifadəsinə və kommunal xidmət göstərən təşkilatların fəaliyyət göstəricilərinin dəqiqləşdirilməsinə səbəb olmalıdır. Bir fakta da diqqət edin ki, kommunal xidmət haqqları tariflərinin artırılması fonunda 2017-ci il üçün elektrik enerjisi, təbii qaz və su xidmətləri xərcləri aşağı səviyyədə proqnozlaşdırılıb. Bu isə Hesablama Palatasının dövlət büdcəsi layihələrinə və icrasına rəylərində dəfələrlə göstərildiyi kimi, həmin kommunal xidmət növləri üzrə dövlət büdcəsi vəsaitləri hesabına ödənilən normalara real istehlak səviyyəsi nəzərə alınmaqla yenidən baxılması və müvafiq proqnozların yeni normalar əsasında tərtib edilməsi ünvanlılığın artırılması ilə izah oluna bilər”.

Hesablama Palatasından büdcə vəsaitlərinin ünvanlılığını artırmaq üçün bir sıra təkliflər də irəli sürülüb:
“Azərbaycan Prezidentinin qeyd edilən fərmanı 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin icrasının təmin edilməsinə yönəlməklə yanaşı, büdcə vəsaitlərinə qənaət edilməsinə, məcburi köçkünlərə kommunal güzəştlərin ödənişində ünvanlılığın artırılmasına, həmçinin israfçılığın və əsassız xərclərin qarşısının alınmasına xidmət edəcək. Kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və respublika üzrə əhatə dairəsinin genişləndirilməsi fonunda məcburi köçkünlərin dislokasiyasının dəqiqləşdirilməsi, növbəti illərdə mövcud meyillərin təhlili nəticəsində kommunal xidmətlər üzrə norma və tariflərin regional diferensiasiyasının tətbiqi büdcə vəsaitlərinin səmərəli istifadəsinə səbəb olacaq”.

Qeyd olunub ki, hər il Hesablama Palatası fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisə təqdim edir: “2016-cı il üzrə hesabatında da Hesablama Palatası büdcə vəsaitlərinin səmərəli və ünvanlı istifadəsi ilə bağlı təkliflərini hesabata daxil edəcək”.






Fikirlər