“CDB Bank” müştərilərə xidmət göstərilməsini DAYANDIRDI
“Caspian Development Bank” ASC “CDB Bank” müştərilərə xidmət göstərilməsini dayandırıb.) Bu barədə Bankdan bildirilib. Məlumata görə, bu, “CDB Bank”ın “Atabank” ASC-lə ilə birləşməsi ilə bağlıdır. “Birləşmə təxminən 3 ay davam edəcək və proses başa çatdıqdan sonra bank xidmətləri yenidən bərpa olunacaq”, - deyə “CDB Bank”dan bildirilib. “Atabank”dan isə “Report”a deyilib ki, hazırda kredit verilməsi istisna olmaqla, müştərilərə bütün bank xidmətləri göstərilir. Kreditləşmə isə konsolidasiyaya qərar verilməzdən öncə dayandırılıb. Xatırladaq ki, "CDB Bank" 1998-ci ildə "Universal Bank" adı ilə yaradılmış, 2001-ci ildən isə rebrendinq etmiş "Kövsərbank" ASC-nin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,02 mln. manatdır. Bankın səhmlərin 99,91%-i "Synergy Group" MMC-yə, 0,08%-i Həsən Cəfərova, 0,01%-i isə İbrahim Alışova (Bankın Müşahidə Şurasının sabiq sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) məxsusdur. "Atabank" isə 1993-cü ildə yaradılıb, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 57 mln. manatdır. Bankın səhmləri "Synergy Group"a məxsusdur. İki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.