Mənzil-tikinti kooperativlərində yoxlamalar başlanır?
Məlumata görə, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsində tikinti şirkətləri haqda səsləndirdiyi fikirlər aidiyyəti qurumları hərəkətə keçirib.
Məlumata görə, MTK-ların inşa etdiyi göydələnlərin ətrafındakı ekoloji vəziyyətin nə yerdə olduğu araşdırılacaq. Şəhərin bir sıra yerlərində tikilən çoxmərtəbəli binaların yan-yörəsi ekoloji cəhətdən standartlara cavab vermir.
Məlumatda vurğulanır ki, ölkə başçısının çıxışından nəticə çıxaran dövlət qurumları tikinti firmalarında yoxlamalar aparmağa, ekoloji tədbirlərin görülməsi barədə onları xəbərdar etməyə başlayıb.
Dövlət başçısının dünya praktikasından çıxış etdiyini deyən mütəxəssislər də hesab edirlər ki, bəzi hallarda Bakıda inşa olunan göydələnlərin ətrafında ekoloji vəziyyət nəzərə alınmır.
Qeyd edək ki, İ.Əliyev oktyabrın 8-də keçirilmiş müşavirəsindəki yekun nitqində bu problemə toxunub: “Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Çoxmərtəbəli binaların tikintisi işini çox düzgün şəkildə təşkil etmək mümkündür. Bu zaman tikinti şirkətlərinin üzərinə ətrafda ekoloji təmizləmə işlərinin görülməsi məsuliyyəti də qoyulmalıdır.
Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyirsə, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər” (axar.az).