26.09.2014 - Keçmiş rektordan daha bir qanunsuzluq

26.09.2014 - Keçmiş rektordan daha bir qanunsuzluq"Səhram" market dərhal sökülməlidir

Redaksiyamıza daxil olan şikayətə görə, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Səhram" marketin ətrafını su basıb. Uzun sürən araşdırmadan sonra müəyyən olunub ki, magistral su xəttində qəza baş verib. Kəmərin partlaması Bakının bir sıra yaşayış massivlərini susuz qoyub. Sonradan müəyyən olunub ki, "Səhram" market partlayan su borusunun üzərində tikilib. Onun üzərində obyekt tikildiyindən qəzanın nəticələrini aradan qaldırmaq çətinləşib. Hadisə yerinə gələn "Azərsu"nun təmir briqadası da əvvəlcə problemi aradan qaldıra bilməyib. Lakin sonradan sözügedən marketin hər iki tərəfində qazıntı işi apararaq su xəttini müvəqqəti bərpa edə biliblər.

Müvəqqəti olaraq suyun dayandırılmasına nail olunsa da, yenidən borunun partlamayacağına heç kim zəmanət vermir. Əslində, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov marketin su xəttinin üzərində tikilməsinə icazə verməməli idi. Dərhal sözügedən marketin sökülməsi üçün əmr verməlidir. Lakin apardığımız müşahidələrə görə, "Səhram" market hələ də öz yerində qalmaqdadır.

Yola axan suyun qarşısı alınsa da, problemi tam aradan qaldırmaq mümkün olmayıb. Verilən məlumata görə, su sızmağa başlayıb. Deyirlər ki, kəmərin bərpası üçün üstündəki market ları sökülməlidir.

Qeyd edək ki, Bakıxanov qəsəbəsindən Günəşli istiqamətinə gedən su kəməri paytaxtı içməli su ilə təmin edən əsas kəmərlərdən biridir.

Qeyd edək ki, "Səhram" market fəaliyyəti dayandırılmış Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) rektoru olmuş və Bakıxanov çörək zavodunun hazırkı direktoru Rasim Nəbiyevə məxsusdur. Bu şəxs qanunsuz yolla sözügedən obyektin tikintisinə nail olub. İndi isə onu sökdürmək fikri belə yoxdur. Maraqlıdır, müvafiq qurumlar niyə passivlik nümayiş etdirirlər? Bakı Şəhər İcra hakimiyyətində Rasim Nəbiyevi kim himayə edir? Etibarlı mənbələrin verdiyi məlumata görə, Bakıxanov çörək zavodunun yanında yeni obyekt tikilir. Görünür, Səhram market ora köçürüləcək.

Qanunvericiliyə görə, 1200 mmdiametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 12 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq kommunal infrastruktur obyektlərinin, xüsusi ilə magistral və məhəllədaxili su kəmərlərinin yerləşdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin tikintisi halları baş verib. "Azərsu" ASC-nin apardığı araşdırmalara görə, təkcə Bakı şəhərində belə mənzil və obyektlərin sayı minlərlədir. Mühafizə zonasındakı tikililər xətlərdə profilaktika işlərinin aparılmasına imkan vermir, baş verən qəzaların aradan qaldırılmasını çətinləşdirir. "Azərsu" ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyekti və ya digər tikilinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

(GündəlikBakı.com)






Fikirlər