Qlobal iqtisadi böhran başa çatdı, Azərbaycanda DURUM NECƏDİR...
Yerli və qlobal amillərin ölkə iqtisadiyyatına təsiri ekspertlərin şərhində Ötən gün mətbuatda qlobal iqtisadi böhranın başa çatması ilə bağlı analitik material dərc olunub. Orada yer alan məlumatlara görə, son illərdə ABŞ və Avropa Birliyi ölkələrinin iqtisadiyyatındakı artım tempi bunu deməyə əsas verir. Qlobal böhranın başa çatması əslində Azərbaycanın iqtisadi durumuna da müsbət təsir edən amildir. Lakin burada söhbət nədən gedir? Neftin qiymətinin ucuzlaşması Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün böhran hesab olunur. Qlobal maliyyə böhranı deyərkən isə söhbət 2008-ci ildə baş verən böhrandan gedir. Bu mövzuda danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda qlobal iqtisadi böhran haqqında təsəvvürlər yanlış formalaşıb: “Çox zaman neftdən asılı olan ölkələrdə baş verən iqtisadi geriləmənin qlobal bir xarakter daşıdığını bildirirdilər. Ancaq əslində qlobal böhran 2008-ci ildə yaşandı, 2011-ci ilə qədər davam etdi və səngiməyə başladı. ABŞ iqtisadiyyatı artıq 5-ci ildir ki, normal templərlə böyüyür. Avrozonada da son illərdə böyümə olub. Bəzi ölkələrdə müxtəlif rəqəmlər var. Yunanıstanda problemlər yaşansa da, digər Avropa Birliyi ölkələrində həmişə iqtisadi aktivlik son illərdə normal olub. 4-5 il bundan öncə İspaniya kimi böyük Avropa ölkəsində iqtisadi tənəzzül müşahidə olunurdusa, bu il iqtisadi artım 4 faiz civarında olub. Digər ölkələrə baxdıqda iqtisadi aktivlik, ÜDM artımı kifayət qədər yüksək templərlə olub. Çində 6,57 faiz arasında, Hindistanda 5-7 faiz arasında iqtisadi aktivlik müşahidə olunur”.
İqtisadçının sözlərinə görə, dünya iqtisadiyyatının təqribən 80 faizə yaxınını təşkil edən Çin, Hindistan, Avropa Birliyi və ABŞ-da artıq bir neçə ildir ki, iqtisadi böhran yaşanmır: “Azərbaycan mediasında daha çox Rusiya mediasının təsiri olduğundan bu cür təsəvvürlər var. Hələ də Rusiya dövləti qlobal iqtisadi böhran haqqında televiziya və mətbuat vasitəsilə məlumatlar ötürür. Bu, Azərbaycana da təsir edir. Azərbaycanın daxil olduğu resurs ölkələrində böhran davam edir. Bu da neftin qiymətinin aşağı düşməsi, iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədardır. Rusiyada, Azərbaycanda, ərəb yarımadasında, Venesuellada, neftdən asılı olan bu kimi ölkələrdə problemlər yaşanır. Ancaq iqtisadiyyatında neftin mühüm yer tutduğu elə ölkələr var ki, qurduqları iqtisadi sistemlə bu böhranı daha rahat adladırlar”. N.Cəfərli onu da vurğuladı ki, resurs ölkələrində yaşanan iqtisadi böhran daha çox həmin ölkələrin iqtisadi sistemindəki problemlərdən qaynaqlanır: “Kanada və Avstraliya kimi ölkələr də neft ölkəsidir. ABŞ özü də dünyada 3 ən çox neft istehsal edən ölkələrdən biridir. Buna baxmayaraq, bu ölkələr üçün neftin ucuzlaşması daha rahat keçir. Qlobal iqtisadi böhranla bağlı proseslərin səngiməsi artıq 5-ci ildir ki, davam edir. Sadəcə, ABŞ Federal Rezerv Sistemi, həm də Avropa Birliyinin Mərkəzi Bankı son açıqlamalarında bu ölkələrdə iqtisadi aktivliyin daha sürətlə artdığını, dinamikanın daha pozitiv olduğunu qeyd edirlər ki, bu da dünya iqtisadiyyatı üçün yaxşı xəbərdir. Çünki istehsalın da, istehlakın da böyük bir hissəsi ABŞ və Avropa Birliyi ölkələrində cəmləşib. Dünya iqtisadiyyatının yarıdan çoxu bu ölkələrin payına düşür. Yəni orada iqtisadi dinamikanın artması, iqtisadiyyatın daha yüksək templərlə inkişaf etməsi dünya üçün pozitiv bir yanaşma olar”. İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a danışarkən dedi ki, dünya iqtisadiyyatının əsasını təşkil edən ölkələrdə son illər tendensiya müsbətə doğru dəyişib: “İqtisadi böhran deyərkən xarici mətbuat hələ də 2008-ci ildə başlayan qlobal maliyyə böhranını müzakirə edir. Əlbəttə ki, ABŞ və Avropa Birliyi iqtisadiyyatında müşahidə edilən son trendlər, işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması, həmçinin ÜDM-də baş verən artım tendensiyası, Mərkəzi Bankın ortaya qoyulan inflyasiya hədəflərinə nail olma ehtimallarının güclənməsi, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunması bu qənaəti formalaşdırır. Paralel olaraq digər iqtisadi institutlar da öz addımlarını atmaqdadırlar.
Artıq uçot dərəcəsinin artırılması istiqamətində qərarlar ard-arda qəbul edilməkdədir. Avropa Mərkəzi Bankı genişləndirilmiş pul siyasətini başa çatması ilə bağlı ehtimalları gücləndirir, 2018-ci ilin əvvəlindən etibarən artıq Avropa Birliyi ay ərzində Birliyin iqtisadiyyatına daxil etdiyi 60 milyard avroluq həcmi ya tamamilə, ya da böyük bir qismini dayandıracaq. Bunlar təşviq məqsədilə atılan addımlardır. Digər tərəfdən, artıq Federal Ehtiyat Sisteminin özü də ard-arda açıqlamalar verməkdədir ki, ABŞ iqtisadiyyatının hazırkı vəziyyəti iqtisadiyyata əlavə pul ”inyeksiyasını" məhdudlaşdırmağı, ümumi FED aktivlərinin həcminin azaldılması vaxtının çatdığı siqnallarını verir. Bütün bunları qiymətləndirsək, turizmdə istehlak sektorlarında müəyyən qədər irəliləmələr olduğunu nəzərə alsaq, qlobal borcların dinamikasına diqqət etsək, həmçinin son illərdə avronun məzənnəsinin ortaya qoyduğu mövqeyə baxsaq görərik ki, Avropa Birliyi iqtisadiyyatında “Brexit” kimi böyük bir problem öz həllini tapmayıb, parçalanma mərhələsi qabaqdadır. Ancaq inam var və bu inam müsbət iqtisadi indikatorların nəticəsi olaraq ortaya çıxıb. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, qlobal böhranlar ortaya çıxan zaman daha təhlükəsiz aktivlərə yatırımların həcmi artır. Bu, özünü daha çox qızılın qiymətində nümayiş etdirir. Hazırda qızılın qiyməti böhranın ilk illəri ilə müqayisədə təxminən 30 faizə yaxın ucuzlaşıb. Bu isə o deməkdir ki, kapital qızıldan daha çevik aktivlərə, valyutaya, səhmlərə və daha çevik aktivlərə yönəlib. Həqiqətən də qlobal iqtisadi böhran artıq geridə qalıb, onun ağır nəticələri aradan qalxıb. Demək olar ki, iqtisadiyyat öz normal inkişaf tempini əldə etmək üzrədir". Azərbaycan üçün bunun nəticələrini dəyərləndirən iqtisadçı bildirdi ki, Azərbaycan iqtisadiyyatı kiçik bir subyekt olsa da, qlobal iqtisadi böhran hər zaman ona öz təsirini göstərir: “2008-ci ildə də qlobal böhran Azərbaycana təsir göstərdi. O zaman dünya bazarında neftin qiymətində kəskin dəyişikliklərin baş verməsinin səbəbi tələbin kəskin azalması idi. Azərbaycan bu zaman ciddi çətinliklə üzləşdi. Bundan sonrakı dövrdə də davamlı olaraq, xarici faktorlardan dolayı neftin qiymətinin ucuzlaşması böhranı dərinləşdirdi və bu kataklizm Azərbaycan iqtisadiyyatının son iki ilinin müstəqilliyin ən ağır dövrü kimi yadda qalmasına gətirib çıxardı. Qlobal iqtisadi trendin müsbət dinamikası son nəticədə dünya səviyyəsində tələbin yüksəlməsinə, istehlak gücünün artmasına gətirib çıxarır. Bu isə Azərbaycanın birbaşa olaraq təsirlənə biləcəyi faktor olan neftin qiymətinə müsbət təsir etməklə ölkənin tədiyyə balansını müsbətə doğru dəyişə bilər. İqtisadi inkişaf nəticəsində bu göstəricilər daha da sürətlənə bilər. Azərbaycanın ticarət tərəfdarlarının valyutalarında müəyyən qədər möhkənlənmə baş verə bilər ki, bunun nəticəsində son təsirlər manatın məzənnəsində də öz əksini tapa bilər. Çünki manatın məzənnəsində onun əsas xarici ticarət tərəfdaşı olan ölkələrin valyutalarında baş verən dəyişiklər də rol oynayır. Bu faktorların sabitləşməsi manatın məzənnəsinin də sabitləşməsini təmin etməklə investisiya istiqamətli sahibkar təşəbbüslərini artırar və xarici investorların da Azərbaycan iqtisadiyyatına cəlbi üçün müəyyən qədər münbit şərait yarada bilər. Qlobal sferada baş verən istənilən müsbət trend son nəticədə az da olsa Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərir".