Qadının maşınını atəşə tutan “kefikök” deputat oğlundan nə xəbər?

Qadının maşınını atəşə tutan “kefikök” deputat oğlundan nə xəbər?Bir neçə ay öncə deputat Ayaz Orucovun oğlunun içərisində iki qadın olan avtomobilə tapançadan atəş açması haqda xəbər yayılmışdı.

Xatırladaq ki, hadisə ötən il noyabr ayının 14-nə keçən gecə baş verib. Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Gelandewagen” markalı, 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb.

Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Deputat oğlu xanımları güllə atəşinə tutmasının səbəbini sonradan “kefinin köklüyü” ilə izah edib.

O vaxt mətbuat bu qalmaqaldan geniş yazmışdı və məlum olmuşdu ki, deputatın kovboy oğlunun hədəfinə tuş gələn qadınlardan biri anlaşma nəticəsində şikayətini geri götürüb. Aynurə Cəfərova adlı digər qadın isə polisə şikayət edərək deputat oğlunun cəzalandırılmasını tələb edirdi.

Bəs paytaxt küçələrində “Mercedes Gelandewagen”lə şütüyüb iki qadını təqib edən və onları atəşə tutan deputat oğlu ilə bağlı hansı tədbir görülüb? Bu qalmaqal ətrafında sonrakı hadisələr necə inkişaf edib?

Virtualaz.org saytı hüquq-mühafizə orqanlarının sözügedən cinayət hadisəsini necə araşdırması ilə maraqlanıb və deputat oğlunun bu əməlinə görə cəzalanıb-cəzalanmadığını dəqiqləşdirməyə çalışıb.

Ancaq polis və prokurorluq orqanlarından aldığımız cavablar eyni oldu: “Bu məsələdən xəbərimiz yoxdur, heç nə bilmirik”.

Belə görünür ki, küçədə kovboyluq edən oliqarx-deputatın oğlu ilə əlaqəli qalmaqalı ört-basdır edilmiş hesab etmək olar.

Deputat Ayaz Orucov “Qaçqınkom”un tikinti idarəsinin rəhbəri olub, ötən il qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikintisində yol verilən korrupsiyaya görə işdən çıxarılıb. Həmçinin A.Orucovun çoxsaylı biznes aktivləri, mebel zavodu, sexləri, mağazaları, şirkətləri var.






Fikirlər