Bitkoini olanlara BƏD XƏBƏR - 1000 dollara düşə bilər
Ekspert: “Çirkli pulların yuyulması, digər qeyri-qanuni əməllərlə bağlı cəlbediciliyi aşağı düşdükcə, bitkoinə olan maraq da azalacaq” Dəyəri çox sürətlə və kəskin dəyişən bitkoinə edilən yatırımların etibarlı olmaması ilə bağlı ayrı-ayrı ekspertlərlə yanaşı, beynəlxalq agentliklər də xəbərdarlıq edir. Son olaraq “Bloomberg” agentliyi “bitkoin”dəki pulunuzu itirməyə hazırlıqlı olun" deyə, xəbərdarlıq edib. Belə ki, Avropa İttifaqının Avropa Qiymətli Kağızlar və Bazarlar Palatasının (ESMA) sədri Steven Maijoor, virtual pul bitkoinə dair fikirlərini bildirib. “Bloomberg” televiziyasının xəbərinə görə, Steven Maijoor bitkoinin volatilliyinin həddindən artıq yüksək olduğunu əsas gətirərək onun bir pul kimi istifadəsinin mümkün olmayacağını deyib: “İnvestorlar bitkoindəki bütün pulunu itirməyə hazırlıqlı olmalıdırlar. Həddindən artıq volatildir və bu vəziyyət, bitkoinin pul kimi istifadəsini əngəlləyir. Eyni zamanda genişmiqyaslı qəbul olunmur”. Kriptovalyuta bazarı ilə bağlı son məlumatlarda da əks olunub ki, bir çox koinlər də, o cümlədən bitkoin ucuzlaşmaqda davam edir. Bu günlərdə kriptovalyuta bazarında geriləmə müşahidə edilir. Hazırda dövriyyədə olan100 əsas kriptovalyutanın 95-nin qiyməti ucuzlaşıb. Digər 5 kriptovalyutanın isə dəyəri cuzi artıb. Əsas kriptovalyutalar sayılan “Bitcoin”, “Ripple”, “Etherium”, “Bitcoin Cash” ucuzlaşıb. Yanvarın 16-da bir gün öncə ilə müqayisədə “Bitkoin” 4,02% geriləyərək 13,2 min dollara düşüb. “Etherium” 7,93% ucuzlaşaraq 1 241 dollara, “Ripple” isə 14,19% azalaraq 1,61 dollara çatıb. Bəs görəsən, azərbaycanlı ekspertlər bitkoini yatırım üçün nə dərəcədə etibarlı hesab edirlər?
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, burada iki məsələni bir-birindən fərqləndirmək lazımdır: “Birincisi, kriptovalyutaların hazırlanmasında istifadə olunan texnologiyalardır, ikincisi isə kriptovalyutaların özləridir. Kriptovalyutaların hazırlanmasında istifadə olunan ”blockchain" (blokçeyn) texnologiyaları çox mükəmməl texnologiyadır. Gələcəkdə həyatın və iqtisadiyyatın bir çox sahələrində istifadə olunacaq. Artıq Skandinaviya ölkələrində bununla bağlı qərar verilib ki, bitkoin texnologiyalarından seçkilərin keçirilməsində istifadə edilsin. Bu texnologiyaya müdaxilə mümkün deyil və bir-birini təsdiqləyən məlumatlar üzərində qurulan texnologiyadır. Ona görə də seçkilərdən tutmuş əhalinin siyahıya alınmasına qədər, şirkətlərin idarə olunması, şəffaflığın və koorporativ idarəetmənin təkmilləşdirilməsinə qədər bir çox sahələrdə bu texnologiyadan istifadə olunacaq". Kriptovalyutalara gəlincə, ekspert bildirdi ki, onlarla bağlı da ciddi suallar var: “Kriptovalyutaların geniş populyarlıq qazanmasının əsas səbəbi media üzərindən gedən təbliğat və mediada hər gün müzakirə olunmasıdır. Qiymətlərin birdən-birə artması da bütün dünyada risk iştahını artırdı. Çox maraqlı bir detal var ki, 2017-ci ildə dünya mediasında ən istifadə olunan 10 sözdən biri bitkoin oldu. Belə populyarlıq qazanması, ciddi müzakirə obyekti olması, birdən-birə bahalaşması dünya üzrə investorlardan tutmuş sadə vətəndaşlara qədər hər kəsdə bu valyuta növünə maraq yaratdı və qiymətinin kəskin artmasına səbəb oldu. Bitkoin hətta 20 min dollara qədər qalxmışdı, bu gün 12 min dollara qədər enib. Təqribən maksimal həddən 8 min dollar ucuzlaşıb. Burada əsas suallar ondan ibarətdir ki, bitkoinin nə mərkəzi idarəetmə forması var, nə də nəzarət mexanizmi var. Müxtəlif dünya ölkələrinin liderləri, yüksək vəzifəli məmurları da bu haqda narahatlıqlarını dilə gətirirlər. Bir neçə gün öncə Amerikanın maliyyə naziri də danışdı ki, bitkoindən çirkli pulların yuyulmasında, silah alverində, terrorizmin maliyyələşməsində, narkotik trafikində istifadə olunması genişlənib. Bu da həmin kriptovalyutalara nəzarət mexanizminin yaradılmasını vacib elədi”. N.Cəfərli vurğuladı ki, artıq bir çox ölkələrdə bununla bağlı qərarlar da verildi: “Ən çox ticarət edilən ölkələr Çin və Cənubi Koreya idi ki, hər iki ölkənin rəhbərliyi kriptovalyutalara ciddi nəzarət olunması ilə bağlı qərarlar verdilər. Hətta Çin bəzi birjalarını kriptovalyutaların, o cümlədən bitkoinin alqı-satqısı üçün ümumiyyətlə qapatdı. Bu onu deməyə əsas verir ki, dünya ölkələri bu istiqamətdə ciddi addımlar atmaqda davam edəcəklərsə, nəzarət mexanizminin yaranmasından sonra çirkli pulların yuyulması , digər qeyri-qanuni əməllərlə bağlı cəlbediciliyi aşağı düşəcəksə, təbii ki, bitkoinə olan maraq da azalacaq. Yaxın həftələrdə bitkoinin 10 min dollardan da aşağı düşməsini görə biləcəyik. Bəzi ekspertlər bitkoinin sürətlə ucuzlaşacağını, hətta 1000 dollardan da aşağı düşəcəyini proqnozlaşdırırlar. Ola bilər ki, qısa zamanda bu baş verməsin. Gələcəkdə dünya ölkələrinin atdığı addımlar kəskinləşdikcə, belə bir ehtimal yüksələcək”.