Bitkoin rekord HƏDDƏ bahalaşdı
Sürətlə şişirdilən bu şar partlaya bilərmi? Bugünkü ticarət sessiyasında dünyanın ən populyar kriptovalyutası olan bitkoinin dəyəri 18 min dollar həddini aşıb. Beləliklə, ticarət sessiyasında 18,3 min dollar həddinə çatan bitkoin növbəti rekordu müəyyənləşdirib. “Outrageous Predictions” şirkətinin proqnozunda bildirilir ki, 2018-ci ildə Bitkoinin dəyəri 60 min dollara qədər yüksələcək. Xarici medianın yazdığına görə, bitkoinə sərmayə yatırımı 1 trilyon dolları ötəcək. Qeyd olunur ki, bundan sonra kriptovalyutanın qiymətində kəskin enmə tendensiyası başlayacaq. Hətta 2019-cu ildə onun qiymətinin 1000 dollara qədər düşəcəyi gözlənilir. Bu rəqəmlər isə “Saxo Bank” onlayn bankının proqnozlarında da əksini tapıb. Göründüyü kimi, bitkoin ilk baxışdan yatırım üçün nə qədər sərfəli görünsə də, etibarlılığı şübhə doğurur. Sürətlə dəyəri yüksələn kriptovalyutanın bir gün eyni sürətlə aşağı enəcəyi ehtimalı da istisna deyil. İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bitkoinin bu qədər sürətlə dəyər qazanması normal hal deyil: “Mən ilk günlərdən bitkoinlərə bir qədər şübhəli yanaşmışam. Çünki iqtisadi qanunlara görə hər bir mal və ya xidmətin maya dəyəri və bazar dəyərinin formalaşması qaydaları olmaldır. Bu ilin əvvəlində dəyəri cəmi 500-600 dollar olan bitkoinin qiymətinin qısa zamanda 30 dəfə qalxması anormal bir haldır. Bu normal yanaşma deyil. Qiymətin formalaşmasının da iqtisadi qanunları var. Tələb və təklif qaydalarına uyğun olaraq qiymət formalaşır. Bitkoinin bugünki qiymətləri isə spekulyativ qiymətlərdir. Xarici fondan, xəbərlər axınından, hər hansı bəyanatlardan ciddi asılı vəziyyətdədir. Bitkoin iqtisadi proseslərə görə yox, mediada gedən hər hansı məlumatlara görə dəyər qazanır və ya dəyər itirir. Mən kriptovalyutaya skeptik yanaşıram. Bitkoinin bir şar olduğunu və bir gün partlayacağını gözləyirəm. O zaman qiymətlər kəskin enə bilər”.
N.Cəfərli onu da bildirdi ki, bitkoindən qeyri-leqal məqsədlər üçün istifadə edilməsi də onun sonunu gətirə bilər: “Artıq dünya mətbuatında bir neçə dəfə bununla bağlı ciddi müzakirələr açılıb ki, bitkoindən qeyri-qanuni pul dövriyyəsində, çirkli pulların yuyulmasında, terrorizmin maliyyələşməsində, narkotrafikdə artıq geniş istifadə olunur. Əgər bu öz təsdiqini tapsa, ciddi faktlar ortaya çıxsa, bir neçə böyük dövlətlər, ABŞ, Britaniya, Avropa Birliyi bununla bağlı kəskin qərar qəbul etsə, bu siyasi bəyanatların fonunda kəskin qiymət enişi baş verə bilər. Necə ki, belə bir qərarı Çin hökuməti verdi, öz ərazisində bu kriptovalyuta ilə alış-verişi qadağan elədi. Bitkoinin çatdığı indiki dəyər səviyyəsi normal iqtisadi qanunlarla izah olunacaq bir səviyyə deyil. Ona görə də, bitkoinin hər an kəskin dəyərsizləşmə ehtimalı çox yüksəkdir”. İqtisadçının fikrincə, bitkoini bu qədər cəlbedici edən informasiya fonudur: “Dünyanın istənilən yerində yaşayan və bank kartı olan bir şəxs anonim şəkildə kriptovalyutanı elektron qaydada əldə edə bilər. Adına kriptovalyuta deyilsə də, bu cəmi 32 rəqəmdən ibarət bir koddur ki, onu əldə edirsən, sənin elektron cüzdanında yerləşir. İstənilən vaxt onu sata və ya dəyişdirə bilərsən. Bitkoinin dəyəri sürətlə artdığı üçün həmişə ucuz qazanc dalınca qaçan insanlar üçün bu çox cəlbedicidir. Ona görə də, əlində sərbəst vəsaiti olan insan düşünür ki, bitkoinin dəyəri ilin əvvəlindən buyana 30 dəfə artıbsa, yenə də arta bilər. Bu baxımdan onu qısa müddətli dövr üçün alır və müəyyən qədər qazanmaq istəyir. Bu gün dünyada heç bir yatırımçı düşünmür ki , bitkoinə uzunmüddətli yatırım etsin və gələcək nəsillərə saxlasın. Belə bir yanaşma yoxdur. Hamının əsas məqsədi indi ucuz aldığı bitkoini gələcəkdə baha satmaqdır. Yəni bu baxımdan bitkoinin qiymətinin şişməsinin əsas səbəbi dünyadakı informasiya axınıdır”. Natiq Cəfərli sonda onu da qeyd etdi ki, gələcəkdə bitkoinin dəyəri böyük dövlətlərin və iri yatırım şirkətlərinin ona münasibətindən asılı olaraq dəyişəcək: “Bitkoinlə bağlı pozitiv proqnozlar çoxdur, bunun hətta 300 min dollara qədər qalxacağını yazanlar da var. Amma mənim əsas nəzər yetirdiyim bir neçə böyük yatırım şirkətləri var ki, onlar daha ehtiyatlı yanaşırlar. Əgər dünyada yaxın zamanlarda böyük yatırım şirkətləri və ya iri dövlətlər bitkoinə maraq göstərəcəklərsə, yığım vasitəsi kimi istifadə edəcəklərini açıqlayarlarsa, bu onun dəyərinin daha da artmasına gətirib çıxara bilər. Ancaq bunun hamısı xəbər axını üzərindədir. Bir məhsulun qiyməti onun maya dəyəri ilə ölçülməlidir. Bir bitkoinin əldə edilməsi üçün maksimum bir neçə dollar xərclənir. Deməli maya dəyəri çox aşağıdır. Maya dəyəri çox aşağı olan məhsulun birdən birə minlərlə dollara satılması şübhələr yaradır. Düşünürəm ki, bir gün bu xəbər axınına uyğun olaraq, bu şar partlaya bilər, bitkoinin qiyməti ciddi şəkildə düşə bilər”. Qeyd edək ki, birjalarda bitkoinin kursu sabit qalmır. Məsələn, dünən səhər 1 bitkoin 18 min dollar idisə, axşam artıq bu məbləğ 16 min 150 dollara enmişdi.