Neft sürətlə bahalaşır: 1 dollar artım ölkəyə gündə 400 min DOLLAR GƏTİRİR
Natiq Cəfərli: “Siyasi gərginlik azaldıqca qiymətdə aşağı enmələr müşahidə ediləcək”Dünya birjalarında neft bahalaşır. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,45 dollar və ya 2,39% artaraq 62,07 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,10 dollar və ya 2,02% artaraq 55,64 dollar təşkil edib. Azərbaycan nefti də bahalaşıb. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,73 dollar və ya 1,16% artaraq 63,62 dollar təşkil edib.Artımın siyasi hadisələr və neft ixrac edən ölkələrin OPEK-in qərarlarına əməl etmələri ilə əlaqədar olduğu bildirilir. Bundan başqa, Səudiyyə Ərəbistanının neft hasilatını azaldacağı ilə bağlı açıqlamalar və OPEK-in gələn ayın sonu təşkil edəcəyi konfransda daha 7 ölkənin hasilatı azaltmaq qərarına qoşulacağı ilə bağlı xəbərlər də neftin qiymətinə təsir göstərib. Digər tərəfdən, Yaxın Şərqdə baş verən hadisələr və xüsusilə Kürdüstan problemi neftin qiymətinə təsir edən amillər olub.Bəs görəsən, neftin qiymətinin bahalaşması tendensiyası davamlı olacaqmı? “Qara qızıl” maksimum hansı həddə qədər bahalaşa bilər? Öncəki illərdə olduğu kimi bu sürtəli artımın 35-40 dollara qədər kəskin geri dönüş etməsi mümkündürmü, risk faktorları nələrdir? Neftin 60 dolların üzərində olan bir qiymətə satılması Azərbaycan üçün nə deməkdir?Bu suallar ətrafında “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, neftin qiymətinin artması əsasən, siyasi səbəblərlə bağlıdır: “Hələ ki bu bahalaşam iqtisadi səbəblərdən doğmayıb. Siyasi səbəblərdən ən böyüyü İraq Kürdüstanında keçirilən referendum oldu. Bu referendumdan sonra mərkəzi hökumətlə Şimali İraqda, Kürdüstanın qərb bölgəsində problemlər yaşandı. Neftlə zəngin bir çox yataqlarda ”əl dəyişməsi" baş verdi ki, orada da istehsal dayandı. Şimali İraqda təxminən 1 milyon barel civarında olan istehsal dayanıb. Bu da bazarlara mənfi təsir göstərdi. Kərkük-Yumurtalıq -Ceyhan boru xətti ilə gündə 600 min barel neft Ceyhan limanına gəlirdi. O da dayandırılıb. Bununla bağlı qərar noyabrın 6-da veriləcək. Bu səbəblər neftin qiymətinə ciddi təsir göstərdi. İranla bağlı sanksiyaların Amerika tərəfindən sərtləşdirilməsi və neft sektoruna yeni sanksiyaların tətbiq edilməsi də “qara qızıl”ın qiymətinə təsir göstərdi. Rusiya ilə bağlı da Amerika tərəfindən oxşar qərar qəbul olundu. Bu da neftin qiymətinə təsir göstərən psixoloji amilə çevrildi. Yəni, hələ ki neftin qiymətinin artımında daha çox siyasi səbəblər rol oynayır. Fundamental iqtisadi səbəblər olmadığından, siyasi gərginlik azaldıqca neftin qiymətində də aşağı enmələr müşahidə edəcəyik. Çünki bütün nüfuzlu beynəlxalq energetik agentlikləri bu ilin orta neft qiymətinin 50-55 dollar civarında olacağını, gələn il isə 55 dollardan yuxarı olmayacağını proqnozlaşdırırlar. Onlar da bir çox fundamental parametrlərə əsaslanıb bu proqnozu verirlər".
Ekspert vurğuladı ki, neftin qiymətinin artması hər bir halda Azərbaycana xeyirdir: “Qiymətin hər 1 dollar artması Azərbaycana əlavə 400 min dollar gündəlik gəlir gətirir. Bu baxımdan qiymətin yuxarı olması pozitiv bir haldır. Ancaq bunun dayanıqlı olması üçün ən azı 60 dollar civarında olan qiyməti bir-iki ay ərzində mütəmadi müşahidə olunmalıdır ki, növbəti artım gözləntiləri formalaşsın. Hələ ki, belə bir gözləntilər formalaşmayıb. Yaxın zamanlarda daha ciddi iqtisad səbəblər neftin qiymətinə təsir göstərə bilər. Məsələn, Amerikada hər zaman neftayırma zavodlarının bir hissəsi yay mövsümündən qış mövsümünə keçidlə əlaqədar iki həftəlik təmirə dayanır. Bu da neft ehtiyatlarının artmasına səbəb olur. Amerikada neft ehtiyatları artdıqca qiymətlərə mənfi təsir göstərir, neft ucuzlaşır. Noyabrda Amerikada neft hasilatı ilə bağlı veriləcək iqtisadi göstəricilər ”qara qızıl"ın qiymətində həlledici rol oynayacaq. Yaxın həftələrdə neftin yenidən 50-55 dollara qədər geri çəkilməsini görəcəyik".Gələn ilin dövlət büdcəsində 45 dollardan götürülən neft proqnozunun dəyişdirilməsinə gəlincə, N. Cəfərli qeyd etdi ki, 60 dollarlıq qiymət uzun müddət davam edərsə, 2018-ci ilin ortalarında büdcəyə dəyişikliklər oluna bilər: “45 dollardan götürülən hesablamalarda büdcənin artımı da nəzərdə tutulub. Gələn il 4 milyard manata yaxın artım olacaq. Bu da əsasən, investisiya layihələrinə yönəldiləcək. Əgər qiymət uzun müddət 60 dollar civarında stabil qalsa, o zaman ilin ortasında büdcə dəyişdirilə bilər. Azərbaycanda belə bir praktika var ki, istənilən zaman büdcə korrektə olunur, dəyişdirilir. Adətən, biz bunu may ayında görürük. Əgər ilin əvvəlindən neftin 60 dollarlıq qiymətinin oturuşmuş hal aldığını görsələr, may ayında büdcə dəyişdirilə bilər. Neftin büdcədəki qiymətini ən azı 50 dollara qaldıraraq xərcləmələri də artırmaq mümkün olacaq. Gəlirlərin artımı xərclərə də pozitiv təsir göstərəcək. Həm gəlirlər artacaq, həm də xərcləmələrin artması gözlənilə bilər”.