“PROBLEMLİ KREDİTLƏRİN həllində DÖVLƏTİN KÖMƏYİ lazımdır” – EKSPERT

Bankların bağlanmasının qarşısını almağa ehtiyac yoxdur”

 “Moody’s” beynəlxalq reytinq agentliyinin mütəxəssisləri Azərbaycanın bank sektorunun böhrandan çıxa bilmədiyi qənaətindədir. Agentliyin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənədə görə, Azərbaycanın zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur: “Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya prosesinin son mərhələsində olmasına baxmayaraq, digər özəl bankların kapital artımına ehtiyacı var və yaxud bu banklar tənzimləyici tərəfindən bağlanmaq riski ilə üz-üzədirlər. Restrukturizasiya olunmuş borclar istisna olmaqla, problemli kreditlərin həcmi hələ də yüksəkdir. Bu da bankların borc vermə imkanlarını məhdudlaşdırır”.(APA)

Göründüyü kimi, nüfuzlu beynəlxalq qurumda da hesab olunur ki, Azərbaycanda bankların bağlanması prosesi davam edə bilər. Onu da qeyd edək ki, bu məsələ ilə bağlı yerli ekspertlər arasında fikirlər müxtəlifdir. Bir qrup ekspert hesab edir ki, Azərbaycan kimi kiçik ölkə olduğu üçün 10-15 bankın olması yetərlidir. Digər qrupun rəyincə, bankların sayının çox olması ölkədə bank xidmətlərinə əlçatanlığı artıran başlıca amildir. İqtisadçı-ekspert Pərviz Heydərov isə bu fikirdədir ki, bankların sayını iqtisadiyyatın özü müəyyənləşdirməlidir: “Bankların sayını iqtisadiyyat özü müəyyən etməlidir. Digər fikirlər ki, filan qədər bank olmalıdır, bu qədər çoxdur və sair – bunlar əsassız fikirlər, doğru olmayan yanaşmadır. Xatırlayırsınızsa, 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatı bu qədər inkişaf etməmişdi, amma 200-dən artıq bank var idi. Bu, əlbəttə, normal hal deyildi. Ona görə də iqtisadiyyat inkişaf etdikcə, iqtisadi qanunlar normal fəaliyyət göstərməyə başladıqca bankların sayı azaldı. 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra 12 bank bağlandı, hətta Beynəlxalq Bank da qoşulacaqdı onlara, hökumət bunun qarşısını aldı. Deməyim odur ki, bankların sayını inzibati metodlarla müəyyənləşdirmək olmaz. Bunu iqtisadi qanunuyğunluqlar, qaydalar müəyyənləşdirməlidir”.

Ekspert bildirir ki, hazırda banklar arasında sağlam olanı çox azdır: “Hazırda bankların cəmi 2-ni sağlam adlandırmaq mümkündür. Bunlar “Paşabank” və “Kapitalbank”dır. Amma buna baxmayaraq, qalan bankların hamısını inzibati yolla bağlamaq düzgün olmaz. Eyni zamanda ayaq üstündə dura bilməyən bankı da müxtəlif yollarla, zor gücünə ayaqda saxlamağa çalışmaq düzgün deyil. Əgər hansısa bank fəaliyyətini təmin edə bilmirsə, onun bağlanmasından çəkinmək lazım deyil. Düzdür, bankın bağlanması hökumətə də, müştərilərə də problemlər yaradır. Əvvəla, ona görə ki, qorunan əmanətlərin qaytarılması hökumətin üzərinə düşür, digər tərəfdən, həmin bankın müştəriləri çətin vəziyyətdə qalırlar. Amma yenə də buna baxıb banka əlavə vəsait yatırmaq və digər yollarla onun bağlanmasının qarşısını almaq effektiv yol deyil. Məsələn, xatırlayaq, “Standardbank”la bağlı vəziyyəti. Hökumət əvvəlcə istədi onu dəstəkləsin, bağlanmasına imkan verməsin. Çünki bu bank əhalidən cəlb etdiyi əmanətlərin həcminə görə sistemdə ikinci yerdə gəlirdi. Lakin sonradan anladılar ki, bu bankı zor gücünə ayaqda saxlamaq olmaz, hökumət əmanətləri qaytarmaq yükünü çiyninə çəkərək banka dəstəyini dayandırdı

P.Heydərovun sözlərinə görə, banklara ən böyük dəstək bu sektorda normal iqtisadi qaydaların işləməsini təmin etmək ola bilər: “Bir və ya bir neçə bankın inhisarçı mövqeyə çıxmasının qarşısı alınmalıdır. Ortada Beynəlxalq Bank təcrübəsi var. Bu bank ən böyük inhisarçı idi sektorda. Bu isə nə zamansa partlamalıydı. Neftin qiyməti aşağı düşən kimi yaralı yerin harada olduğu açıqca göründü, Beynəlxalq Bank dövlət üçün böyük yükə çevrildi. Onun bağlanmasına imkan vermək olmazdı, çünki bu, ölkənin beynəlxalq kredit reytinqinə çox ciddi zərbə olardı. Bu təcrübəni nəzərə alaraq, hansısa bankın inhisarçı mövqeyə çıxmasına imkan vermək olmaz. Bu, gələcəkdə bank sektorunda ciddi problemlərə yol açacaq. Təkrar edirəm ki, bu gün normal iqtisadi qanunlarla götürsək, Azərbaycanda 2 bank istisna olmaqla, bütün bankların vəziyyəti ağırdır. Həmin 2 bankın isə inhisarçılığa doğru getdikləri müşahidə olunmaqdadır. Mən arzu etməzdim ki, onlardan hər hansı biri Beynəlxalq Bank kimi duruma düşsün”.
İqtisadçının fikrincə, bankların yaranmış çətinliklərdən çıxması üçün dövlətin dəstəyinə ciddi ehtiyac var: “Bizdə indiyədək bankların fəaliyyəti daha çox ticarət prinsipləri üzərində qurulub. Yəni normal bank prinsipləri işləməyib, iqtisadiyyatın əsas sahələri ilə qarşılıqlı fəaliyyət olmayıb. Bütün fəaliyyətlər istehlak kreditləşməsinə yönəlib. Ona görə də neftin qiyməti düşən kimi bankların vəziyyəti pisləşdi, böhran onları daha kəskin vurdu”.
Bütün bunlarla yanaşı, P.Heydərov hesab edir ki, bank sektorunun böhrandan çıxması üçün dövlətin dəstəyi çox zəruridir: “Əvvəla, problemli kreditlər məsələsinin həllində kömək lazımdır. Bu məsələni banklarla müştərilər öz aralarında həll edə bilməyəcəklər. Digər tərəfdən, bankların maliyyə resurslarına çıxış imkanları çox məhduddur. Üçüncüsü, ölkədə kreditə tələbat aşağıdır. Bankların sərbəst vəsaitlərini yatırmağa yer yoxdur. Bank sektoru bax belə, çox qarmaqarışıq vəziyyətdədir. Bu vəziyyətdən çıxmaq üçün onlara dövlət tərəfindən dəstək verilməlidir”.   (“Yeni Müsavat”)
 
 






Fikirlər