Nazir daha bir rəis müavinini işdən çıxardı

Nazir daha bir rəis müavinini işdən çıxardıDövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Emin Şahbazov vəzifəsindən azad olunub.

Bunu APA-ya açıqlamasında DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. “Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq” - deyə Y.Xanvəli bildirib.

DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib.

Qeyd edək ki, nazir Heydər Əsədov bundan bir neçə gün əvvəl də Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil olan 10 müəssisənin fəaliyyətini qadağan edib.
Virtualaz.org saytının da xəbər verdiyi kimi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti respublikanın müxtəlif bölgələrində bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə monitorinq keçirib. Yoxlama zamanı bəlli olub ki, müəssisələrdə 700 kiloqramdan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlər və aqrokimyəvi maddələr satılır. Həmin maddələrin satışı qadağan etdirilərək, dövriyyədən çıxarılıb, 10 müəssisənin fəaliyyəti isə dayandırılıb, onların rəhbərləri işdən çıxarılıb.






Fikirlər