İcra başçısının adı – “QARA SİYAHI”DA
Bu məqsədlə Xızı rayonuna ezam olunmuş yoxlama briqadası son iki ildə dövlət tərəfindən rayon iqtisadiyyatına ayrılmış investisiyaların auditi ilə məşğul olmağa başlayıb.
Qeyd edək ki, bəzi xəbərlərə görə, yoxlamaların gedişində real vəsait çatışmazlığının üzə çıxacağı şübhə doğurmur. Belə ki, bir müddət öncə mətbuatda Xızı rayonunda 75 yerlik uşaq bağçasının və Tıxlı kəndində 180 şagird yerlik ümumi orta məktəbin yeni binasının tikintisində ciddi yeyintilərin olduğu barədə kifayət qədər faktla “zəngin” yazılar getmişdi. Rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin qardaşına məxsus olduğu bildirilən şirkətin Tıxlıda tikdiyi məktəb binasının smeta dəyəri təxminən 3-4 milyon manat civarında olub. Lakin Tıxlı camaatı bu qədər vəsaitin heç olmasa yarısının məktəb tikintisinə sərf edildiyinə şübhə ilə yanaşır. Hər halda, tikintidə əsasən yerli materiallardan, xüsusən də rayondakı zavodun istehsal etdiyi qırmızı kərpicdən və betondan istifadə edilməsi smeta dəyərini bu hesabla xeyli azaltmalı idi. Digər tərəfdən, məktəbin tələm-tələsik istifadəyə verilməsini təsdiqləyən məqamlar da az deyil. Belə ki, məktəbin ətrafında müvafiq asfaltlama işləri demək olar ki aparılmadığından yağmurlu havalarda palçıqdan tərpənmək olmur. Bunun əziyyətini müəllim və şagirdlərlə birlikdə valideynlər də çəkir.
Məktəbə aparan kənd yolları bundan da bərbad haldadır. Bu problemin valideynləri narazı salacağından ehtiyat edən yerli icra strukturu nümayəndələri yollara “əncam” çəkməyi qərara alıb. Özü də görün necə! Bu məqsədlə hətta valideynlərdən müxtəlif miqdarda vəsait toplandığı bildirilir. Hesab edirik ki, bu cür faktlar rayonda audit aparan nümayəndələrin diqqətindən yayınmayacaq. Baxmayaraq ki, əldə etdiyimiz məlumata görə audit aparan mütəxəssislərin yerli icra strukturları ilə isti münasibətləri barədə bilgilərimiz var. Lakin, onların fəaliyyətinə rəhbərlik tərəfindən ciddi nəzarətin olması yoxlamaların nəticələrinin saxtalaşdırılması ehtimalını azaldır. Hər halda, Hesablama Palatasının apardığı əvvəlki yoxlamalarda bir sıra saxtakarlıqların ört-basdır edilməsi barədə yayılan xəbərlər rayonda ictimai fikrə təsirsiz ötüşməyib. Belə ki, Xızı Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Quliyevin səlahiyyəti olmaya olmaya apardığı “torpaq əməliyyatı” nədənsə bundan öncəki audit nümayəndələrinin diqqətindən “yayındırılmışdı”. Söhbət Xızıda torpaqların auksiondankənar, özü də köhnə tarixə hərraca qoyulmasının orijinal üsulunu “icad” eləmiş Namiq Quliyevin sabiq icra başçılarının imzalarını saxtalaşdırma əməllərindən gedir. Təəssüf ki, bu saxtakarlıqlar kimlərinsə güclü əli ilə ört-basdır edildi. Gözləmək olar ki, bu dəfəki yoxlamalarda Namiq Quliyevin saxtakarlıqları işləməyəcək.
Çünki, bir tərəfdən Xızı camaatı, o cümlədən sahibkarlar icranın bu “töycü” yığanının əlindən təngə gəlib, digər tərəfdən isə, aparılan audit yoxlamalarına nəzarət daha da gücləndirilib. Hesablama Palatasının Xızıda apardığı yoxlamalara xüsusi əhəmiyyət verən daha bir məqamı da qeyd etmək yerinə düşər. Məsələ ondadır ki, bu yoxlamaların Xəzər Aslanovun komandasının yeyintilərini “spisat” etmək məqsədi daşıdığı bildirilir. İcra başçısının aqrar məsələlər üzrə sabiq müavini Arzu Əzizovun kurasiyasında olan sahələr üzrə əsaslı vəsait qoyuluşunun vəziyyəti ilə bağlı araşdırmalar çox gizli məqamlara aydınlıq gətirə bilər. Bunlar sanki icra başçısı Xəzər Aslanovu maraqlandırmır. Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin tapşırığı ilə təmir edilmiş evlərin tamamilə sökülməsinə göstəriş verən icra başçısı Xəzər Aslanovun adı artıq bu hərəkəti səbəbindən “yuxarıların” “qara” siyahısına düşüb.
Odur ki, mümkün təhlükəni neytrallaşdırmaq üçün Xəzər Aslanovun hərəkətə keçdiyi bildirilir. Evlərin qanunsuz sökülməsinə hüquqi fon vermək məqsədilə Xızı rayon məhkəməsinin hakimi İsgəndər Hacıyevə icra başçısı tərəfindən birbaşa müvafiq göstərişlərin verildiyi barədə yayılan xəbərləri təsadüfi saymaq düzgün olmazdı. Ümumiyyətlə, Xızı rayonunun yerli icra orqanlarının bu biabırçı söküntü əməliyyatlarında rayon məhkəməsinə arxalandığı deyilir. Bildirilir ki, Xızı rayon məhkəməsinin sədri İsgəndər Hacıyevin işi-gücü obyekt uçuranlara məhkəmə qətnaməsi vasitəsilə “indulgensiya” paylamaqdır. Bunun hakimə hansı konkret dividendlər gətirməsi əslndə ciddi müzakirə mövzusudur.
Mövzuya qayıdacağıq. (gündəminfo.az)