İSLAM ÖLKƏLƏRİNƏ dollardan İMTİNA ÇAĞIRIŞI

Ekspert: “Pakistan və İran kimi ölkələr buna gedə bilərlər, amma...”

Bu günlərdə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və ticari əməkdaşlıq daimi komitəsinin 34-cü toplantısı keçirilib.Toplantıda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilata üzv olan ölkələri qarşılıqlı ticarətdə xarici valyuta ilə hesablaşmaları aradan qaldırmağa çağırıb: “Yerli və milli valyutamızı istifadə etməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə, valyuta məzənnəsi altında əzilməyə davam edəcəyik. Aramızdakı ticarətdə milli valyuta istifadə etməyimiz imperialist şəbəkələri parçalamaq baxımından həddən artıq mühümdür”.

Xatırladaq ki, Ərdoğan eyni təkliflə qurumun ötənilki toplantısında da çıxış etmişdi. Ümumiyyətlə, Türkiyə ABŞ-la münasibətlərində yaranan gərginliyə görə son illərdə müxtəlif ölkələrlə qarşılıqlı ticarətdə dollardan imtinaya nail olmağa çalışır. Bu sahədə ilk addımları ABŞ-la münasibətləri daha gərgin olan Rusiya ilə ticarətdə atmağa başlayıblar. Belə ki, Türkiyənin Rusiyadan aldığı “S-400" raket sistemlərinə görə ödəniş dollarla aparılmayacaq. Bu barədə Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl Moskvada keçirilən forumda məlumat verib: ”Yarım saat əvvəl Türkiyə prezidenti ilə söhbətimiz oldu. Bəzi aktual məsələləri müzakirə etdik, o cümlədən “S-400" sistemlərinin tədarükünə dair məsələ barədə danışdıq. Aydındır ki, hesablaşmaları dollarla aparsaq, bu iş baş tutmayacaqdı. Odur ki, başqa bir variant tapdıq, məsələ həll olundu”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasına dair müqavilənin ümumi qiyməti 2,5 milyard dollar təşkil edir. Vəsaitin böyük hissəsi (55 faiz) Rusiya kreditləri vasitəsilə ödəniləcək, digər 45 faizini isə Ankara ödəyəcək.

Türkiyənin Körfəz ölkələri ilə ticarət əlaqələrində son illərdə müəyyən irəliləyişlər əldə olunub. Regionda mühüm biznes tərəfdaşlıqları olan Türkiyənin Körfəz ölkələri ilə xarici ticarət dövriyyəsi genişdir. Region ölkələrindən xarici ticarət həcminin ən yüksək olduğu ölkə 10 milyard dollar ilə Birləşmiş Ərəb Əmirlikləridir. Sonra 5 milyard dollarla Səudiyyə Ərəbistanı gəlir.

Türkiyənin son illər ərzində Körfəz ölkələri ilə olduqca fəal olan münasibətlərində Qətər xüsusi əhəmiyyət kəsb edir. Təbii qazı, əsasən,  xarici bazarlardan təmin edən Türkiyə maye təbii qazın 68 faizini Qətərdən idxal edir. Türkiyə eyni zamanda İrandan da böyük həcmdə neft-qaz idxal edir.

Son illərdə Türkiyənin Körfəz ölkələri ilə qarşılıqlı invesitsiyalarında da artımlar qeydə alınıb. Bütün bunların fonunda, Türkiyənin qarşılıqlı ticarət əlaqələrində dollardan imtina çağırışının İslam ölkələri tərəfindən qəbul edilməsi, həyata keçirilməsi nə qədər realdır?

Ä°lgili resim

Suala cavab verən “Yeni Müsavat” qəzetinin Yaxın Şərq üzrə ekspert-yazarı Kənan Rövşənoğlu hesab edir ki, hazırda bunun baş tutması real görünmür: “Doğrudur, Türkiyə İslam aləmində nüfuzlu ölkədir. Hazırda İslam Əməkdaşlıq Təşkilatının dönəm sədridir. Ancaq indi bu təklifin reallaşmasına mane olan amillər var. Birincisi, siyasi münasibətlərdir. Məsələn, Körfəz ərəb ölkələri, xüsusən də Misir, BƏƏ kimi dövlətlər Türkiyə ilə açıq münaqişə vəziyyətindədir. Eləcə də Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn kimi ölkələr Qətər münaqişəsi səbəbi ilə Türkiyə ilə soyuq münasibətlərə malikdir. Bundan əlavə, hazırda münaqişənin davam etdiyi Suriya, Liviya, Yəmən kimi ölkələrin də Türkiyə ilə ciddi problemlərinin olduğunu demək mümkündür. Yəni dolayısı ilə bir çox müsəlman ölkəsi Türkiyənin təklifini dəstəkləməyə hazır deyil”.

Yazarın fikrincə, ikinci səbəb sırf iqtisadidir: “Yəni bir çox ölkələr birbaşa və dolayısı ilə ABŞ-dan, Amerika dollarından asılıdır. Onların dollardan imtina etməsi real deyil, üstəlik, ABŞ-ın təsiri var. Bir sıra dövlətlər ABŞ-a qarşı çıxmağa cəsarət edə bilməz. Hətta Qətər kimi Türkiyənin regional müttəfiqinin ABŞ-dan imtina etməsi belə şübhəlidir. Bu mənada çətindir. Ancaq təbii ki, özünün iqtisadi gücü olan İran, Pakistan kimi bir sıra müsəlman ölkələrinin dollardan imtina etməsi mümkündür. Nəhayət, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Fələstin münaqişəsi ilə bağlı yaranıb. Ancaq ötən 50 ildə bu təşkilat Fələstin münaqişəsi ilə bağlı ciddi, təsirli bir addım ata bilməyib. Bunu indi dollar qarşısında etməsi də real deyil”.

Qeyd etmək yerinə düşər ki, Türkiyə tərəfi Azərbaycanla qarşılıqlı iqtisadi əlaqələrdə də dollardan imtina olunması məsələsini bir neçə dəfə gündəmə gətirib. Azərbaycan ekspertləri hesab edirlər ki, indiki şəraitdə bunun baş tutması çəx çətindir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə Türkiyə iqtisadiyyatına investisiyaları dollarla yatırıb. Onların yenidən milli valyuta ilə hesablanması mümkün deyil. Eyni zamanda ekspertlər bildirirlər ki, ticarətin dollardan kənar bir valyuta ilə aparılması hələ dollardan imtina olunması anlamına gəlmir. Çünki tətbiq olunacaq hər hansı milli valyutanın dayanacağı əsas dönərli valyuta olmalıdır. Hazırda dünyanın ən dönərli valyutası isə dollardır.






Fikirlər