Biznesmen-deputata arxa-dayaq olan kimdir?

Biznesmen-deputata arxa-dayaq olan kimdir?"AGBank" "çirkli pullar"ın "yuyulmasında" ittiham olunur
Çingiz Əsədullayev əlində olan imkanlardan istifadə edərək rəhbərlik etdiyi bankın üzləşdiyi problemləri asanlıqla yoluna qoyur


1992-ci ildə təsis olunan "Azəriqazbank" ASC ("AGBank") ölkənin ən tanınmış banklarından biri olmaqla yanaşı, fəaliyyəti vətəndaşlar tərəfindən ciddi narazalıqla qarşılanan kommersiya təşkilatı kimi xarakterizə olunur. Bu barədə əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən bankın səhmdarları sırasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və "Kazimir İnvestment LTD" Amerika Sərmayə Fondu mövcuddur.

Hazırda "AGBank"ın hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar xidmətlərini göstərdiyini vurğulayan mənbə bildirir ki, bankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev və İdarə Heyətinin sədri Azər Mövsümovun fəaliyyəti müştərilərin kəskin narazılığına səbəb olur. Mətləbə keçməzdən öncə məlumat üçün qeyd edək ki, bankın Müşahidə Şurasının sədri, millət vəkili Çingiz Əsədullayev 1981-ci ildə Dövlət Bankında iqtisadçı vəzifəsində işləməyə başlayıb. 1983-cü ildə isə o, Dövlət Bankında kənd təsərrüfatının kreditləşməsi idarəsində çalışıb. 1984-cü ildə həmin idarədə aparıcı iqtisadçı vəzifəsinə təyin olunub. 1986-cı ildə APK-nin sənayenin kreditləşdirilməsi idarəsində aparıcı iqtisadçı və həmin il Azərbaycan SSRİ-nin Dövlət Aqrar Sənayesində iqtisadçı işləyib. 1987-1989-cu illərdə Azərittifaqda çalışan Çingiz Əsədullayev əvvəl plan-iqtisad idarəsində rəis müavini, sonra isə maliyyə-iqtisad idarəsində rəis müavini vəzifələrində işləyib.

1990-cı ildə isə o, Bakı Şəhər İstehlak Cəmiyyətinin plan-iqtisad şöbəsinin rəisi vəzifəsində çalışıb. Həmin il Sovet-Alman MM "Nefteko"nun icraçı direktoru olub. Bir il sonra "Turan" SC-nin vitse-prezidenti təyin olunan Çingiz Əsədullayev 1992-ci ildə "Azəriqazbank" ASC-nin İdarə Heyətinin sədri, 1997-ci ildə isə bankın Müşahidə Şurasının sədri postunda təmsil olunur. "AGBank"ın İdarə Heyətinin sədrinə gəlincə, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu" fakültəsini bitirən Azər Mövsümov 1988-ci ildə SSRİ Sənaye-tikinti bankının Nərimanov şöbəsində iqtisadçı işləyib, 1990-cı ildə baş mühasib vəzifəsinə təyin olunub. 1992-ci ildə Azərbaycan Beynəlxalq Bankında mühasib, uçot və statistika üzrə aparıcı mütəxəssis vəzifələrində çalışıb. 1995-ci ildə "Azəriqazbank" ASC-nin İdarə Heyətinin sədrinin müavini, 1997-ci ildə isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Beləliklə, müxtəlif vaxtlarda "AGBank"ın adının bir sıra xoşagəlməz məqamlarda hallandığını deyən mənbənin iddiasına görə, bir neçə ay öncə adıçəkilən bank "çirkli pullar"ın "yuyulmasında" ittiham olunurdu: "Qeyd edim ki, bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy çıxış edib. Deyilənlərə görə, oxşar iddia barədə ötən ilin iyun ayında "KrebsOnSecurity" Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb. Belə ki, araşdırmaların nəticəsində bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri "tərəfdaşlıq" proqramları vasitəsi ilə əsasən "Azəriqazbank"da "yuyularaq" nağdlaşdırılıb. Lakin nədənsə həmin vaxt bank rəhbərliyi bununla bağlı heç bir açıqlama verməyib. Maraqlıdır, görəsən niyə?"

Millət vəkili Çingiz Əsədullayevin rəhbərlik etdiyi bankın fəaliyyətinə dair əldə etdiyimiz digər məlumatda isə deyilir ki, paytaxt sakini Sədaqət Hüseyn qızı Namazova mətbuata ünvanladığı müraciətində "AGBank" tərəfindən hüquqlarının pozulduğunu iddia edib. Onun bildirdiyinə görə, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar: "2008-ci ildə iki nəfər ilə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq "Azəriqazbank"dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar pul daxil olmuşdu. 2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə "kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq" cavabını aldıq".
Sədaqət Namazova vəziyyətin qəlizləşdiyini gördükdə problemin ədalətli şəkildə həllinə nail olmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini qeyd edib: "Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi. Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111, mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta paltarımı belə, evdən çıxarda bilmədim.
Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apelyasiya Məhkəməsinə verdi. Apelyasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var. Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı". Gördüyünüz kimi, məhz bu fakt onu deməyə əsas verir ki, "AGBank" ın Müşahidə Şurasının sədri, millət vəkili Çingiz Əsədullayev əlində olan imkanlardan, eləcə də bəzi yüksək çinli məmurlarla əlaqələrindən istifadə edərək rəhbərlik etdiyi bankın üzləşdiyi problemləri asanlıqla yoluna qoymaqla yanaşı, müştərilərin hüquqlarını da pozmaqdan çəkinmir. Görəsən, açıq-aşkar biznes fəaliyyəti ilə məşğul olan millət vəkilinə arxa-dayaq olan kimdir?.. (Gündelikbakı)


P.S Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq
.






Fikirlər