ÖLKƏYƏ DONDURULMUŞ ƏT İDXALI SÜRƏTLƏ ARTIR – Pambıq əkininin “faydası” görünməyə başlayıb

 

280691_res_01Azərbaycan xaricdən dondurulmuş qırmızı ət idxalını getdikcə artırır. 

Virtualaz.org xəbər verir ki, təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti yayıb.

Bildirilir ki, Azərbaycana ixrac edilən dondurulmuş mal əti Ukraynanı ümumi ət ixracının 26.4 faizini təşkil edir.

Azərbaycan Dövlət Gömrük Xidmətinin statistikasına əsasən isə ölkəyə bu ilin yanvar ayında xaricdən 5.04 min ton ət idxal edilib. Bu malın idxal gömrük bəyannaməsində ümumi dəyəri 7 milyon dollardan çoxdur.

Fevral ayında isə Azərbaycana 9.14 min ton ət idxalı (12.6 milyon dollar dəyərində) həyata keçirilib. Beləliklə, təkcə iki ayda ölkəyə ət idxalı 14 min tonu keçib.

Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi.

Lakin statistik rəqəmlərdən görünür ki, ölkəyə dondurulmuş ətin idxalı artır və təkcə son iki ayda idxal edilən dondurulmuş ətin həcmi orta hesabla iki aylıq tələbatın (62 min tona yaxın) az qala dörddə birini təşkil edir. Bu da ölkədə ət istehsalının sürətlə azaldığını və yerli təzə ətin yerini xaricdən idxal edilən dondurulmuş ətin tutmağa başladığını göstərir.

Dövlət Statistika Komitəsi ilin əvvəllərində açıqlamışdı ki, ötən il ölkəyə ət idxalı miqdar ifadəsində 16.3 faizdən çox artıb.

Ekspertlərə görə ət istehsalının azalmasının və nəticədə idxalın artmasının başlıca səbəblərindən biri son illərdə ölkədə örüş sahələrinin fermerlərin əlindən pambıq və digər texniki bitkilərin əkini üçün alınması və nəticədə heyvandarlıqla məşğul olan kiçik, orta fermer təsərrüfatlarının sıradan çıxmasıdır. Habelə yem bazasının məhdudluğu və yemin baha olması nəticəsində maya dəyərinin artması heyvandarlığın tənəzzülünə təkan verən amillərdən biridir. İdxalın artmasının səbəblərindən biri də yerli ətin qiymətinin yuxarıda sadalanan amillərin təsiri ilə artması nəticəsində iaşə müəssisələrinin, dövlət təşkilatlarının daha ucuz olan dondurulmuş ətə üstünlük verməsidir.

Qeyd edək ki, xaricdən idxal edilmiş dondurulmuş ət əsasən ictimai iaşə müəssisələrində, dövlət təşkilatlarında istifadə olunur.






Fikirlər