Deputatdan ÇAĞIRIŞ: “Ərzaq məhsulları, un yodlaşdırılmalıdır”

Gündəlik içilən sularda yod çatışmazlığı ilə rastlaşırıq. Yod çatışmazlığı insanda nəbzin zəifləməsi, yaddaş zəifliyi, zob kimi problemlərə yol açır. Vaxtilə yod çatışmazlıqları xəstəlikləri Azərbaycan üçün endemik xəstəlik hesab edilib.

 Çünki bu xəstəlikdən əziyyət çəkənlər əsasən dağlıq zonalarda yaşayanlar olub.

 1998-ci ildə 8-14 yaşlı uşaqlar arasında Lənkəranda keçirilən sorğu zamanı 54 faiz, Şəkidə isə 100 faiz uşaqda yod çatışmazlıqları xəstəlikləri aşkar edilib. Lakin hazırda vəziyyət dəyişib.

 Xəstəlik Azərbaycan üçün endemik deyil. Bu xəstəliyə Xəzər sahili bölgələrdə yaşayanlarda da çox rast gəlinir. Baxmayaraq ki, dəniz və sahilə yaxın torpaqlarda, həmin ərazilərin havasında yodun miqdarının daha çox olduğu söylənilir. Bu, yodlaşdırılmamış duzdan istifadənin nəticəsidir.

 Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Quba, Qusar, Şəki, Zaqatala bölgələrində yod çatışmazlığına daha çox rast gəlinir.

 “Bu ərazidə yaşayan insanlar çalışmalıdırlar ki, yodlaşdırılmış duzlardan istiadə etsinlər. Suların yodlaşdırılması məsələsi absurd bir məsələdir”-deyə deputat qeyd edib.  

 M.Quliyev söyləyib ki, xarici ölkələrdə yalnız duz deyil, un və digər ərzaq məhsulları da yodlaşdırılır. Onun sözlərinə görə Azərbaycanda da digər ərzaq məhsullarının yodlaşdırılmasına diqqət ayırmaq vacibdir.

 Həkim Adil Qeybulla isə düşünür ki, bu problemə daha çox Şimali Qafqazın bir neçə regionunda rast gəlinir.

 “Yəni suda, torpaqda yodun çatışmazlığı əsas problemlərdən sayılır”-deyə A.Qeybulla bildirib.

 Onun sözlərinə görə,  bununla bağlı duzun yodlaşdırılması prosesi həyata keçirilir. Suyun yodlaşdırılması  prosesi isə absurd məsələdir. Çünki sudan yalnız içmək üçün istifadə olunmur. Ona görə də SSRİ zamanında ərzaq məhsullarının müəyyən hissəsində yodlaşdırılma prosesi aparılırdı”.

A.Qeybullanın sözlərinə görə "yodlaşdırılmış duzun istifadə müddəti 1 aydır, çünki yod buxarlanır”.

 

 

 






Fikirlər