BİR BANKI MƏHV EDİB, BİR MİLYARD QAZANDILAR!… – “Bank Satandard”ı kimlər taladı?

 

85069_src

Bir vaxtlar ölkənin populyar banklarından olan və sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin “əsəri” sayılan “Bank Standard”ı yaşadığı taleyə görə Beynəlxalq Bankın “kiçik qardaşı” adlandırmaq olar. Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və digər cavabdeh üst orqanların gözü qarşısında “əriyən” və həyəcan siqnalı çalan bank, tam diz çökənə qədər sümürüldükdən sonra onun lisenziyası 1 oktyabr 2016-cı ildə ləğv edildi və ləğvetmə üçün 2019-cu ilin sonuna qədər müddət qoyuldu. Lakin vədə tamam olmağa az vaxt qalsa da, bankla bağlı ciddi problemlər qalmaqdadır və əmanətçilərin böyük hissəsinin vəsaitinin ödənilməsi məsələsi hələ də açıq qalır.

Rüfət Aslanlı və 115 milyonun taleyi

Bəs bankın bu vəziyyətə düşməsində əsas günah sahibi olanlar üzə çıxarılaraq cəzasını alıbmı və vurulan ziyan ödənilibmi? Təəssüf ki, bu suala bütövlükdə müsbət cavab vermək mümkün deyil. Əksinə, bankın və onun əmanətçilərinin düşdüyü ağır vəziyyətdən istifadə edərək, külli miqdarda qazanc əldə edənlər oldu ki, bunlardan da ən birincisi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sabiq sədri Rüfət Aslanlı sayılır. R.Aslanlı həmin vaxt hökuməti inandıra bilmişdi ki, bankı “sağlamlaşdırmaq” üçün vəsait ayırmaq lazımdır və buna dəyər. Nəticədə, Mərkəzi Bank “Bank Standard”a 115 milyon manat ayırmağı qərara almışdı.

1496129628-7936

Lakin sonradan belə məlum oldu ki, Aslanlının “Bank Standard”ı necə xilas edəcəyi barədə heç bir planı mövcud deyil. O, guya iş getdiyi barədə bank bağlanana qədər görüntü yaratmağa çalışdı. Və günlərin birində çıxıb elan etdi ki, bankı xilas etmək mümkün deyil və onu bağlamaq qərara alınıb.

Mərkəzi Bankdan həmin məqsədlə ayrılan 115 milyon manatın taleyisə olduqca maraqlı idi. Aslanlının özünün dediyi kimi, 15 milyon manat həcmində birinci tranş tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib, 43 min əmanətçinin tələbi ödənilib. Lakin bu rəqəmi tanınmış ekspert, “Bank Standard”ın fiziki şəxslər olan 44 min əmanətçisinin hüquqlarını müdafiə edən, bankın Kreditorlar Komitəsinin o vaxtkı rəhbəri Əkrəm Həsənov tamamilə təkzib etdi.

İkinci tranşda isə “Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı aldı. R.Aslanlı yenə iddia etdi ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin Əkrəm Həsənovun müdafiə etdiyi əmanətçilər bu dəfə də heç nə almayıblar. O zaman bu 75 milyon manat haradadır? Ə.Həsənov o zaman mətbuata bildirmişdi ki, həmin pulları bankın iri əmanətçiləri arasında bölüblər, əvəzində Aslanlı sanballı “otkat” alıb. Hətta bank çevrələrindəki mənbələr iddia edirdilər ki, Rüfət Aslanlı təkcə “Bank Standard”dan 40 milyon manat qazanc əldə edib.

“AzPolitika.info” qeyd edir ki, talanın baş verdiyi dövrdə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Onun da bu prosesdə iştirak eydiyi ehtimal olunur. Azad Cavadovun səlahiyyət müddəti bitdiyi üçün ötən ilin avqustunda vəzifəsindən azad olunub. A.Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru kimi fəaliyyət göstərib. Mətbuatda yayılan məlumatlara görə, Azad Cavadovun qızı Şifahi xanım və həyat yoldaşı Afət xanım (Mərkəzi Bankın valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Accesbankın mikro kreditlər uzrə rəisidır) və Tamerlanın komandasinda yer alan Səbuhi Rüfət və Nurlan adlı şəxslər ölkədə bağlanmış 11 banki ailə biznesi və öz sərvətləri hesab edərək, talayıblar. Bu zaman Azad Cavadova məxsus olmaqla, qızı tərəfindən idarə olunan, bu gunə kimi mətbuata səhmdarlarının adı açıqlanmayan “Fınex” lizinq (bokt) şirkətindən istifadə olunub.

1469183468274711082_1000x669

“Standard Bank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov bu bankın da talanmasında Azad Cavadovun rolunun olduğuna işarə vurub. O, bildirib ki, Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir: “Ümumiyyətlə, bəlkə də dünya tarixində bu bankın müflisləşməsi, ona dəyən zərər qədər ikinci bir müflisləşmə olmayıb. Təsəvvür edin ki, ”Bank Standard”ın 1,2 milyard manat borcu qalıb, əmlakı isə deyilənə görə, cəmi 200 milyon manatdır. Bu, 6 dəfə fərq deməkdir, 1 milyard manat ortalıqda yoxdur. Dünyada bəlkə də bu qədər fərqlə yeganə müflisləşmə halıdır. Buradan açıq-aşkar görünür ki, bu bank çoxdan müflisləşibmiş. Və dövlət orqanlarının özündə problem olub ki, bunu vaxtında üzə çıxarmayıblar. Ya indi əlbir olublar, ya korrupsiya olub. Bu məsələ dövlət təhlükəsizliyinə aid olan məsələdir. Digər tərəfdən, qanunvericiliyə əsasən müflis olan banklarda sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu ödəyir, sonra bankın əmlakını sataraq öz verdiyi vəsaitləri geri qaytarır. Yalnız bundan sonra digər kreditorların vəsaitləri qaytarılır.

Əmanətlərin Sığortalanması Fondu “Standard Bank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “Standard Bank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb. Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır”.

“Bank Standard”ın qarşısında “xidmətləri” olanlar

Bankı talayanlardan biri də iş-işdən keçəndən sonra axtarışa verilən “Bank Standard”ın İdarə Heyətinin sədri Səlim Kirman və onun əlbir olduğu, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilov sayılır.

Səlim Kirman

Səlim Kirman

İstintaq hesab edir ki, onlar qabaqcadan razılaşmaqla, əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti, dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla, götürüblər. Nəticədə, bu məbləğin 13 milyon 962 min manatını öz aralarında bölüblər. Hazırda bu işə görə Ç.Cəlilov həbsdə olsa da, Heydər Babayevin adamı sayılan S.Kirmandan bir xəbər verən yoxdur.

“Bank Standard”ın qarşısında böyük “xidmətləri” olanlardan biri də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsumovun təsisçisi olduğu “AS Group İnvestment” şirkəti sayılır. Mətbuatda bankdan 77 milyon manatlıq kredit götürən şirkətin nəinki borcunu qaytarmadığı, hətta bu kreditə görə girov belə qoymadığı yazılmışdı.

Sonradan şirkət rəsmi açıqlama verərək, həmin kreditin qarşılığında girov qoyduğunu bildirdi. Və mətbuatdan xahiş etdi ki, Şahin Mövsümovun reputasiyası ilə işiniz olmasın(!). Lakin sonradan bu külli miqdarda vəsaitin ödənilib-ödənilmədiyi barədə hər hansı rəsmi məlumat rastımıza çıxmadı. Sadəcə bankın əmanətçilərinin Dövlət Neft Fondunun qarşısında aksiya keçirmək istədiyinə dair məlumatlar yayıldı…

 Şahin Mövsumov

Şahin Mövsumov

Əslində, Bankın Kreditorlar Komitəsinin o vaxtkı rəhbəri Əkrəm Həsənov bu işdə məsuliyyətin kimlərin boynunda olduğunu açıq şəkildə demişdi: “Bu məsələdə məsuliyyət təkcə Bankın İdarə Heyətinin beynəlxalq axtarışa verilmiş keçmiş sədri Səlim Kirmanın üzərinə düşmür. Bankın vəziyyətinin pisləşməsinə görə bütün keçmiş menecment cavabdehdir. Halbuki, həmin şəxslərin bir qismi bu gün banklarda rəhbərlikdədir. Həmçinin, Azərbaycan Mərkəzi Bankı da buna görə məsuliyyət daşımalıdır. Əgər bu qurumun vəzifəli şəxsləri “Bank Standard”da vaxtında normal yoxlama aparıb, qanun pozuntularına göz yummasaydı, indi Bankın vəziyyəti bu qədər pis olmazdı”.

İndi isə banka qoyduqları əmanətləri geri ala bilməyən vətəndaşlar çarəsiz qalaraq, banka borclu olan və pulu qaytarmayan şəxslərin adlarının ictimailəşdirilməsini istəyirlər. Belə ki, «Bank Standard»ın Kreditorlar Komitəsinin yeni sədri Şahin Əhmədov 2 gün əvvəl mətbuata açıqlama verərək deyib ki, bankı talayan şəxslərin ümumi sayı 153 nəfərdir. Bu 153 nəfər bankdan hərəyə azı 500 min manatdan yuxarı kredit götürüb. Və maraqlıdır ki, bu kreditlərin yarısı faizsiz, yarısı da təminatsız verilib.

İndi Kreditorlar Şurası həmin şəxslərin adlarının açıqlanmasını istəyir: «Mən Əmanətlərin Sığortalanması Fonduna dedim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır».

Doğrudan da həmin adamların adları açıqlansa maraqlı mənzərə yarana bilər. Təbii ki, 500 min manatdan artıq kreditlər, özü də girovsuz və faizsiz(!) olaraq, kasıb-kusuba verilmir. Siyahı açıqlansa, böyük ehtimalla yüksək rütbəli məmurlara yaxın şəxslərin və şirkətlərin adları üzə çıxacaq və necə deyərlər, “xoruzun quyruğu görünəcək”. Elə ona görə də Əmanətlərin Sığortalanması Fondunun bu addımı atacağı, yəni siyahını açıqlayacağı ehtimalı olduqca azdır…

 






Fikirlər