Ölkəyə ən çox gəlir gətirən aqrar məhsullar - dünya bazarında TENDERLƏR DƏYİŞİR

Dünya bazarında trendlər dəyişir...

Azərbaycan payız-qış mövsümünə qədər, qoyur və bununla bağlı kənd təsərrüfatında da ənənəvi  proseslər sürətlənir. Bir tərəfdən açıq sahə meyvə-tərəvəz istehsalı dövrü başa çatır, digər tərəfdən payız əkini və bəzi məhsullar üzrə yığım dövrü başlayır. Fermerləri və kənd təsərrüfatına yatırım etmək istəyən insanları düşündürən əsas suallardan biri isə budur ki, hazırda aqrar sahədə ən çox gəlir gətirən, yüksək əlavə dəyər yaradan, xarici bazarlarda güclü tələbat  olan məhsullar hansılardır?

“Yeni Müsavat”a açıqlamasında mövzunu şərh edən kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirdi ki, payız fəslinin ən prioritet sahəsi istixana tərəvəzçiliyidir: “Bildiyiniz kimi, artıq payız mövsümünə qədəm qoymuşuq. Payız mövsümü həm açıq sahə tərəvəzçiliyində, həm də meyvəçilikdə yekun mövsüm hesab olunur. Builki rəqəmlər hələ tam olaraq bəlli olmasa da , ümumi göstəricilər onu deməyə əsas verir ki, istehsal həcmi bəzi məhsullar üzrə, xüsusən də pambıq, barama, meyvə-tərəvəz üzrə kifayət qədər artıb. Ötən illə müqayisədə yetərincə artım var. Oktyabrın ortalarından başlayaraq biz örtülü istixanaların fəaliyyətini müşahidə edəcəyik. Bizim ixracda əsas rəqəmlərimiziformalaşdıran sahə istixanadır. Bizdə istixana sistemi elə qurulub ki, oktyabr ayından iyun ayına kimi işləyir, iyun ayından növbəti oktyabr ayına kimi iqlim amillərinə bağlı olaraq fasilə dövrü olur. Ona görə də biz yəqin ki, ilin sonunda ixrac rəqəmlərini bu sahədə daha yüksək görəcəyik”.

Nicat Nəsirli ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, hazırda müşahidə edilən odur ki, dünya bazarında konyunktura dəyişmələri çox sürətlə gedir: “Məsələn, əsas diqqət çəkən məqam odur ki, konyunktura dəyişmələri fonunda vaxtilə strateji məhsullar sayılan bir sıra məhsul növləri artıq yerdəyişmə ediblər. 2018-ci ilin sonundan qərzəkli meyvələr, əsasən də fındıq. Bu gün dünya bazarında fındığa çox böyük tələbat var. Ötən ildən etibarən ixrac strukturumuzda fındıq çox inadlı mövqe tutub, ölkəyə 100 milyon manatdan çox vəsait gətirib. Yəqin ki, builki göstəricilər də ötən ilkindən az olmayacaq. Uzun illərdir Azərbaycan hökuməti ərəb ölkələri ilə ixrac məsələsi üzərində işləyir, məhsullarımızın çox böyük bazarlardan biri olan ərəb ölkələri bazarlarına çıxmasına çalışır. Yəqin ki, bu istiqamətdə də irəliləyiş müşahidə edəcəyik. Yeni bazarların tapılması çox önəmli məsələdir”.

N.Nəsirli vurğuladı ki, tərəvəzçilikdə pomidor bu il də öz mövqeyini qoruyacaq: “Həm daxili bazarda, həm də xarici bazarda bu məhsul öz mövqeyin qoruyacaq. Bu ildən başlayaraq, dünya bazarında böyük tələbat yaranan, böyük maraqla qarşılanan Azərbaycan məhsullarından biri də xurmadır. Bu 3 məhsul bizim kənd təsərrüfatımız üçün hazırda da, bundan sonrakı dövrdə də flaqmandır. Sevindirici haldır ki, ölkədə bu üç məhsulun istehsalının stimullaşdırılması üçün müəyyən addımlar atılır. Fındıq istehsalçıları vahid assosiasiyada birləşdir, dövlət artıq 2020-ci ildən başlayaraq çoxillik əkinlərə subsidiya tətbiq edəcək. Eyni zamanda bu cür addımlar istixana tərəvəzçiliyi üçün də atılmalıdır, onlara da müəyyən güzəştlər tətbiq etmək lazımdır”.

Ekspertin sözlərinə görə, istixana məhsullarının maya dəyərinin aşağı olması və dünya bazarında rəqabət qabiliyyətinin olması üçün bu sahəyə də dövlət tərəfindən subsidiya ayrılmalı, enerji daşıyıcılarının satışında güzəştlər olmalıdır: “İstixana fəaliyyəti ilə məşğul olan sahibkarlar daha çox enerji xidmətlərinin yüksək olmasındanşikayətlənirlər. Bu da çox vacib məsələdir. Bizim qonşuluğumuzda İran faktoru var. Bu ölkə çox inadla bir neçə ildir ki, Rusiya bazarında mövqe qazanmağa çalışır. Onlarda məhsulun maya dəyəri ucuz başa gəlir. Bu gün Rusiya bazarında bizi sıxışdıran ölkələr çoxdur və  onlardan biri də İrandır.  Ölkəmizdə də istixana tərəvəzçiliyinin gücləndirilməsi ilə bağlı kompleks addımlar atılmalıdır. Çalışmalıyıq ki, ənənəvi bazarlarımızıitirməyək. Nəinki Rusiyada, ərəb ölkələrində də bizim meyvə- tərəvəz məhsullarına çox böyük maraq var. O coğrafiya çox böyükdür, o bazarda yer tutmaq  üçün mütləq ölkədə istehsal olunan məhsulun maya dəyərinin ucuzlaşdırılması üçün kompleks addımlar atılmalıdır”.

Xatırladaq ki, 2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Onların ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb.

 






Fikirlər