Kənd təsərrüfatında ümidlər CÜCƏRİR..

500 milyon istehlakçısı olan Avropa bazarına çıxış üçün məhsullarımızın standartlara uyğunlaşdırılmasına ehtiyac var

Hökumət kənd təsərrüfatının inkişafı istiqamətində görülən işləri sürətləndirib. Yaz əkin mövsümü olduğundan bölgələrdə ciddi iş aparılır. Meyvə-tərəvəz məhsulları ilə yanaşı, pambıq, üzüm, şəkər çuğunduru kimi strateji məhsulların əkini də artıb. Bəs görəsən, Azərbaycan aqrar sektorda nə zaman gözlənilən uğurlara nail ola biləcək? Bunun üçün hansı islahatların aparılmasına ehtiyac var?

İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, aqrar sektor Azərbaycan üçün prioritet sektor hesab olunur: “Amma ölkə ixracatının strukturuna diqqət yetirsək, təxminən 1 milyard dollarlıq qeyri-neft ixracatı var. Qeyri-neft ixracatının 70 faizi aqrar məhsullardır. Həmin aqrar məhsulların da 90 faizi Rusiya bazarına ixrac olunur. Bu isə ondan xəbər verir ki, aqrar sektor Azərbaycan qeyri-neft ixracatının əhəmiyyətli hissəsini təşkil etsə də, yenə də aqrar məhsullarımızın dünya bazarına çıxışında problemlər var, standartlara uyğunlaşdırılmasında və keyfiyyət standartlarının tətbiq edilməsi ilə bağlı çətinliklər var. Xüsusən də bizim üçün yeni olan və 500 milyon istehlakçısı olan Avropa bazarına çıxış üçün məhsullarımızın standartlara uyğunlaşdırılmasına ehtiyac var. Bizim qiymətləndirmələr göstərir ki, aqrar sektorun ixrac potensialı digər sahələrdən, həm subsidiyalaşmadan, həm də aqrar sektorda investisiya mühitinin yaxşılaşması istiqamətində görülən işlərdən asılıdır”.

Vüqar Bayramov vurğuladı ki, əgər bütün bunlar qaydasında gedərsə, aqrar sektorun ixrac potensialı 3 milyard dollara qədər arta bilər: “Əgər biz inkişaf etmiş ölkələr diqqət yetirsək, təxminən bizim qədər əraziyə malik olan Hollandiyada aqrar sektorun ixrac qabiliyyəti 80 milyard dollara yaxındır. Azərbaycanın Hollandiya ilə müqayisədə aqrar məhsulların növünə görə üstünlüyə malik olduğunu nəzərə alsaq, bizdə ixrac imkanları böyükdür. Sadəcə, bu ixrac imkanlarından istifadə edilməsinə ehtiyac var. Ona görə də islahatlar birmənalı şəkildə daxili bazarı qorumaq, məhsul istehsalının artırılması və aqrar sektorun ixrac qabiliyyətinin gücləndirilməsinə xidmət etməlidir. Aqrar sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində islahatların aparılmasına ehtiyac var. Xüsusən də fermerlərin torpaq təminatına diqqət ayrılmalıdır. Aqrar sektorun problemlərindən biri də torpaq qıtlığının aradan qaldırılmasıdır. Çünki torpaqların bir qismi praktik olaraq zəbt olunub və istifadəsiz qalıb. Bir qismində şoranlaşma yüksəkdir. Şoranlaşmaya qarşı mübarizənin aparılması və həmin torpaqların yenidən torpaq fonduna qaytarılmasına ehtiyac var. Buna görə də kompleks tədbirlər həyata keçirilməlidir. Subsidiyalaşma ilə yanaşı torpaq fondunun imkanlarının artırılmasına, maliyyə imkanlarının genişləndirilməsinə, fermerlər üçün aşağı faizli kreditləşmə təşkil olunmasına ehtiyac var. Güman edirəm ki, kompleks tədbirlər nəticəsində Azərbaycanda aqrar məhsulların ixrac potensialının yaxın illərdə 3 milyard dollara qədər artırılması mümkündür. Bunun üçünsə aqrar sektorda kompleks islahatların aparılmasına ehtiyac var”.

Aqrar sahə üzrə ekspert Babək Tatlıyev də “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, bu sahədə atılan addımlar hələ yetərli deyil: “Hökumətin kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımları ancaq alqışlamaq lazımdır. Ancaq həmin addımlar büdcədə pulun çox olduğu vaxtlarda olsa daha yaxşı olardı. Əlbəttə, bu addımlardan sonra müəyyən inkişaf olacağını gözləmək olar. Ancaq yaxın dövr üçün yox. Çünki kənd təsərrüfatına qoyulan vəsait dərhal bəhrəsini vermir. Təxminən 4-5 ildən sonra müsbət nəticəsini göstərə bilər. Hələlik o cür effekt görünmür. Atılan addımlar da bu gün üçün tam yetərli deyil. Daha çox islahatların aparılmasına ehtiyac var. Onlardan da biri budur ki, daxili bazarın qorunması haqqında qanun qəbul olunmalıdır. Çindən gətirilən ucuz və keyfiyyətsiz ərzaq məhsullarının qarşısı alınmasa, burada çətin ki, nə isə etmək mümkün olsun”.

Ekspertin sözlərinə görə, strateji məhsullar meyvə-tərəvəz məhsullarından daha gəlirli olduğundan onların istehsalını artırmaq lazımdır: “Son zamanlar strateji məhsulların, xüsusən də pambıq, şəkər çuğunduru və sairin əkini çoxalıb. Bu, çox müsbət haldır. Kənd təsərrüfatının ən gəlirli sahələri çoxillik bitkilər- üzüm, pambıq və sairdir. Taxıl o qədər də gəlirli sahə deyil. Ona görə də bu məhsulların əkininə marağın artması müsbət haldır. Kəndlilərin bu işə marağının artırılması üçün bir çox addımların atılmasına ehtiyac var. Başqa bir məsələ isə odur ki, bizim fermerlərimiz çox konservatordurlar, köhnə sovet üsullarından başqa heç bir yeniliyi qəbul etmirlər. Burada nəinki onlara maliyyə yardımı etməyə, həm də maarifləndirmə tədbirləri aparmağa ehtiyac var. Azərbaycanda aqrar sektorda İsraildə tətbiq olunan metodlar tətbiq olunsa müsbət nəticələr əldə etmək olar. Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin strukturu tamamilə dəyişməlidir və yeni metodlardan istifadə olunmalıdır. Köhnə nazirlik strukturu ilə yeniliklər həyata keçirmək çox çətindir. Çünki atılan addımlar kompleks olmalıdır”.






Fikirlər