Qızıl qızıla dönüb... – bazarda kəskin bahalaşmanın səbəbi (ŞƏRH)

Qızıl qızıla dönüb... – bazarda kəskin bahalaşmanın səbəbi (ŞƏRH)

Son 10-15 gündə Azərbaycanda qızılın qiymətində nəzərəçarpan artım müşahidə olunub. 
Bu haqda Qayanrinfo-ya qızıl bazarı iştirakçıları məlumat verib. Bildirilir ki, lom qızılın qramı 48 manatdan 51 manata qalxıb. Eynilə də satış qiymətində 3-5 manat artım var. Bu, 583 problu qızılın qiymətidir. Bazar iştirakçıları deyirlər ki, bu problu qızıl artan kimi hamısı artır: 
"Bazarda onsuz da hərə bir qiymətə satır, ona görə satışda nə qədər bahalaşma olduğunu demək çətindir. Amma qiymətlər topdansatışda 2-3 manat artıb”.
Xatırladaq ki, ötən həftə "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə zərgərlik bazarında bir sıra çatışmazlıqların olduğunu deyib. Nazir qeyd edib ki, bazar iştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmi əməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatların rəsmi qaydada almaq imkanının bir çox halda olmadığı, affinajın (qızılın təmizlənməsi – red.) bir neçə böyük bazar iştirakçısı tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi, bazarın ixrac imkanlarını da, bazarın vəziyyətini də ciddi dərəcədə zəiflədir. "Qızıl və qiymətli daşların keyfiyyətinə nəzarətin istənilən səviyyədə olmaması, həmçinin maliyyələşdirilmə və stimullaşdırma mexanizmlərinin yoxluğu, həm istehlakçıların hüquqlarına, həm də bizim strateji hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sirr deyil ki, sektorda qeyri-şəffaf əmək münasibətləri hallarına da tez-tez rast gəlinir. Düşünürəm ki, bu çatışmazlığı aradan qaldırılması istiqamətində birgə iş aparılmalıdır", - deyə nazir bildirib.
Ekspertlər hesab edirlər ki, nazirin açıqlaması, həmçinin digər amillər – koronavirus və s. qızılın bahalaşmasına səbəb olacaq. Artıq müəyyən meyillər də hiss olunmaqdadır. Qeyd edək ki, qızılın hazırkı qiyməti 2020-ci il büdcəsində nəzərdə tutulan proqnozdan yuxarıdır. Bugünku duruma nəzər saldıqda aydın olur ki, dünya birjalarında qızılın və digər əlvan metalların qiyməti həm tələbat, həm də digər geosiyasi vəziyyətlərə bağlı olaraq dəyişir. Hazırda dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir. Buna səbəb də investorların qızılı ehtiyat üçün almasıdır. Məhz bu, tələbatı artırıb. 
Nəzərə alsaq ki, Azərbaycanda möhtəkirlər hər durumdan istifadə edərək aktual olan mal və məhsulların qiymətini kəskin bahalaşdırırlar, o halda qızılla bağlı da eyni durumu müşahidə edəcəyimiz ehtimalı böyükdür. Bəs bunun qarşısını almaq üçün hansı addımlar atıla bilər? 
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əgər zərgərlik məhsullarının istehsalı ilə məşğul olan sahibkarların ucuz maliyyə resurslarına çıxış imkanları artarsa, biz zərgərlik sektorunun potensialından daha geniş şəkildə istifadə edə bilərik. İqtisadçı ölkəmizdə zərgərlik sektorunun potensialının olduğunu vurğulayaraq deyib ki, hətta sovet dövründə Azərbaycanda zərgərliklə bağlı xüsusi müəssisələr fəaliyyət göstərib: "Sonrakı dövrdə isə bu müəssisələr özəlləşdirilib və SSRİ dağıldıqdan sonra ölkədə zərgərlik sektorunun potensialından istifadə olunmayıb. Zərgərlik yerli istehsalın genişləndirilməsi baxımından vacib sektordur. Azərbaycan qızıl hasil edən ölkələrdən biridir. 2019-cu ildə Azərbaycanda qızıl pomidordan sonra ən çox ixrac etdiyimiz qeyri-neft məhsulu olub. Ölkəmiz təxminən 140 milyon dollar dəyərində qızıl ixrac edib. Bu isə zərgərliyin həm də ixrac imkanlarına malik olduğunu göstərir. Qızıl daha çox külçə formasında ölkəyə idxal edilir, ona vergi və rüsumlar tətbiq olunur. Bu, daxili bazarın qorunması baxımdan da vacib faktorlardan biridir. Azərbaycanda zərgərlik məhsullarına yüksək tələb var. Ölkəmiz adambaşına düşən zərgərlik məhsullarının istehlakına görə regionun öndə gedənlərindən biridir. Ona görə də bu sektorda islahatların davam etdirilməsi və xüsusən də, zərgərlik məhsullarının istehsalı ilə məşğul olan sahibkarların təşviq edilməsinə ehtiyac var. Burada vergi yükü yüksək deyil. Son illər Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra ölkədə vergi yükünün kəskin azalması müşahidə olunur. Digər tərəfdən, qeyri-leqal sektorun leqallaşdırılması da zərgərlik sektorunun inkişafına stimul yaradıb. Çünki əvvəlki dövrlərdə ölkəyə idxal edilən zərgərlik məhsullarının bir qismi qeydiyyatdan keçmirdi və 2018-ci ilədək bunu müşahidə etmişik. Nəticədə bu, daxili bazarda rəqabətin pozulmasına gətirib çıxarırdı. Artıq bu halların qarşısı ciddi şəkildə alınıb. Qeyri-leqal sektorun və eləcə də qeyri-leqal idxalın leqallaşması prosesi gedib. Bu da sektorun inkişafını stimullaşdıran faktorlardan biridir”.
V.Bayramov zərgərlik fəaliyyəti ilə məşğul olan sahibkarlara aşağı faizli, güzəştli kreditlərin verilməsini təklif edir. Onun sözlərinə görə, zərgərlik maliyyə tutumlu sektordur: 
"Xammalın bir qismi idxal olunur və bu da vəsait tələb edir. Bu sahədə çalışan sahibkarların təşviq edilməsi üçün onlara aşağı faizli kreditlərin təklif edilməsi daha məqsədəuyğun olar. Mövcud vergi islahatları fonunda daha məqsədəuyğun olardı ki, bu sahədə çalışan sahibkarlar məhz güzəştli kreditlərdən daha çox istifadə etmək imkanları qazansınlar, bu yolla təşviq edilsinlər. Əgər onların ucuz maliyyə resurslarına çıxış imkanları artarsa, biz zərgərlik sektorunun potensialından daha geniş şəkildə istifadə edə bilərik”.
İqtisadçı ekspert Samir Əliyev Qaynarinfo-ya açıqlamasında bildirdi ki, koronavirus dünya bazarlarına ciddi mənfi təsir edir. Ekspertin sözlərinə görə, virus həm əmtəə, həm valyuta bazalarına, birjalara zərbə vurub: 
"Birjalarda, qiymətli kağızlar bazarında qeyri-müəyyənlik yaranıb. İstər iri şirkətlərin qiymətli kağızlarında, istər əmətəələrdə ucuzlaşma müşahidə edilir. Amma bunların içində qızıl fərqli bir tendensiya nümayiş etdirir. Bu istiqamətdə bu il bahalaşma müşahidə edilir. Əgər ilin əvvəlində qızılın unsiyası 1515 dollar idisə, hazırda 1600 dollara yaxındır. Bu ilin iki ayında təxminən 5,5 faiz civarında bahalaşma gedib. Dünya bazarında qızılın bahalaşmasına səbəb koronavirusa görə qiymətli kağızların ucuzlaşması, investorların öz kapitalını qorumaq üçün qızıla üz tutmasıdır. Dünyada bir böhran şəraiti olanda həmişə investorlar etibarlı aktiv olaraq qızıla üz tuturlar. Bu dəfə də analoji vəziyyət yaranıb və bu səbəbdən dünya bazarında bu qiymətli metal bahalaşmaqdadır”.
S.Əliyev qeyd etdi ki, Azərbaycan özü qızıl hasil etməsinə baxmayaraq, əsasən idxaldan asılı olan ölkədir: 
"Hasil olunan qızıl məişət məqsədilə istifadə edilmir, külçə şəklində ixrac edilir, xaricdə saflaşdırılır. Ona görə də daxili tələbatı ödəmir. Bizim zinət məqsədilə istifadə olunan qızıl daha çox idxal edilir. Daha çox qızıl idxalı isə Yaxın Şərq ölkələrindən, Türkiyədən və Avropadandır. Hazırda sərhədlərin bağlanması ilə bağlı qızıl idxalı da çətinləşib, ona görə də daxili bazarda bahalaşma var. Düşünürəm ki, virus məsələsi həllini tapmasa, bu sahədə də bahalaşma qaçılmazdır. Necə ki, başqa məhsulların qiymətlərində bahalaşma müşahidə edirik. Qarşıdan Novruz bayramı gəlir. Bayram ərəfəsində adi hallarda da qiymətlər bahalaşırdı, hesab edirəm ki, bu il daha ciddi artım müşahidə edəcəyik”.






Fikirlər