Musavat.com-un əməkdaşı Bakıda yerləşən qızıl mağazalarında hazırkı qiymətlər və mövcud durumla tanış olub.
Öyrəndik ki, hazırda Bakıda yerləşən qızıl mağazalarında bu ilin may ayı ilə müqayisədə təxminən 2 dəfə qiymət artımı var. Satıcılar artımın davam edəcəyini söyləyirlər. Lakin onlar da bu qiymət artımından razı deyillər. Çünki satıcıların sözlərinə görə, qiymətin artması müştərilərin sayının kəskin azalmasına səbəb olub.
Mərkəzi Univermaqda (MUM) yerləşən qızıl mağazalarında olduğumuz zaman müşahidə etdik ki, bu ay toyların çox olmasına baxmayaraq, qızıl alanlar demək olar, yoxdur. Alıcıların əksəriyyətinin zinət əşyalarına sadəcə olaraq, kənardan baxdıqlarını gördük. Onlar heç yaxınlaşıb qiyməti də soruşmurdular, ya da buna ürək etmirdilər.
Söhbət etdiyimiz satıcı Ümid Rzayev bildirdi ki, qızılın qiymətində artım aybaay davam edir: “Hesab edirik ki, bir müddətdən sonra qiymətlərdə enmə olacaq. Çünki bu gedişlə heç hara getmək olmaz. Qiymət artır, müştəri isə azalır. Hazırda 583-585 əyyarlı qızıl təxminən 75-80 manata satılır. 750 əyyar isə modelindən asılı olaraq 85-90 manat arasında qiymətlə satılır. Bu da ötən aylarla müqayisədə təxminən yarıbayarı qiymət artımıdır. Qiymət artımının yanvar ayına qədər davam edəcəyini düşünürük. Yəqin ki, növbəti ildən qiymətlərdə enmə müşahidə olunacaq. Olunmasa, bazarda vəziyyət daha da pis olacaq. Hazırda gördüyünüz kimi müştəri demək olar ki, yoxdur”.
Satıcı bildirdi ki, qızılın qiyməti bahalaşdıqca insanlar daha çox sarı qızıl almağa üstünlük verirlər. Elə söhbət etdiyimiz müştərilər də təsdiqlədilər ki, artıq ağ qızıl almaq mümkün deyil.
Alıcı Sevda Həsənova bildirdi ki, ötən ay alacaqları zinət əşyasının behini veriblər, bu ay isə almağa gəldikləri zaman qiymətin əvvəlki ilə müqayisədə 60 manat bahalaşdığını görüblər: “Getdikcə bahalaşma davam edir. Özü də təkcə qızıl bahalaşmayıb. Qızılın üzərindəki brilyant da bahalaşıb. Gümüş də həmçinin bahalaşıb. Satıcılar da deyirlər ki, onlardan asılı deyil, dollar bahalaşdıqca hər şey bahalaşır”.
Lakin şəhərdə yerləşən sadə bəzək əşyalarının, gümüşün qiymətində endirimlərlə də rastlaşdıq. Misal üçün iri ticarət mərkəzlərində olan bir çox bəzək əşyaları satan mağazalar bəzi əşyalara 50-70 faiz endirim ediblər. Onlar bunun mövsümi xarakter daşıdığını bildirdilər.
Bəs qızılın qiymətindəki bu cür kəskin artımın səbəbi təkcə dolların bahalaşmasıdırmı?
Musavat.com-a danışan iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, qızılın qalxmasının əsas səbəbi ABŞ iqtisadiyyatında baş verən qeyri-sabitlikdir: “Dünya bazarlarında neftin qiymətinin kəskin dəyişməsi və bu istiqamətdə neft hasilatı ilə məşğul olan dövlətlərin bir neçə dəfə cəhdlərinin boşa çıxmasının da qızılın qiymətinə təsiri var. Bundan başqa da amillər var. Həmin amillər bütövlükdə iqtisadi böhranla bağlıdır. Hazırda dünyanın xüsusilə də neft hasil edən ölkələrində iqtisadi böhran tüğyan edir. Qızılın qiymətinin artması da məhz bununla bağlıdır. Ola bilər ki, qızıl hasilatında da azalma var. Tələb, təklifi üstələməsə, heç zaman bu qədər artım ola bilməz. Tələbin kökləri isə ondan ibarətdir ki, dünyada qızıla olan güvən daha böyükdür. Kapital sahibləri öz kapitallarını daha etibarlı saxlamaq üçün qızıla üstünlük verirlər. Bu da qeyd etdiyimiz kimi, qiymət artımına səbəb olur. Qızılın qiymətinin qarşıda necə dəyişməsi də sadaladığımız amillərdən asılıdır. Birinci növbədə ABŞ-ın iqtisadiyyatında lazım olan sabitlik baş verməlidir. Yaxın dövrdə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini qaldırmaqla bağlı qərar qəbul etmək istədi. Lakin ABŞ-ın iqtisadiyyatında makro göstəricilərin proqnozlaşdırılan həddə gəlib çatmaması səbəbindən bu qərardan vaz keçdi. Ola bilər ki, növbəti toplantı da eyni qaydada yekunlaşsın. Çünki hələ də istənilən göstərici əldə olunmayıb. Yəni dünya iqtisadiyyatının dörddə birini verən ABŞ bu məsələlərdə də dominantlıq edir. Ona görə də qızılın qiymətinin sabitləşməsi də iqtisadiyyatda ümumi sabitliklə düz mütənasibdir”.
Ekspert bildirib ki, Azərbaycanda manat dollara nisbətdə ucuzlaşsa da, qızılın qiymətində sabitlik müşahidə olunmaz: “Qızılın qiymətinin belə olan halda ucuzlaşması o qədər də inandırıcı görünmir. Ola bilər ki, manat ucuzlaşarsa, bunun qızılın da qiymətinə müəyyən dərəcədə təsiri olsun. Lakin bu, əsaslı təsir olmaz”.