“Azərbaycanda qida böhranı gözlənilmir” - EKSPERT
Pandemiya səbəbi ilə dünya iqtisadiyyatında ciddi durğunluq yaranıb. Hazırda mütəxəssislər qida sektorunda problemlərin olması ilə bağlı xəbərdarlıq edir. Əsas ehtimal odur ki, koronavirusun dünyada yayılması nəticəsində qida sənayesi və ət istehsalı sahəsində, xüsusən də Qərbi Avropa və ABŞ-da istehsal, eləcə də qablaşdırma və daşınmada problemlər yarana bilər. Bununla yanaşı, pandemiya səbəbindən bu sahədə çalışan əsasən miqrant işçilərin sayı azalacaq. Digər tərəfdən, bir sıra ölkələr artıq taxıl, qarğıdalı və düyü kimi məhsulların daxili tələbatdakı rolunu əsas gətirərək ixracı dayandırıb. Bunun isə qida çatışmazlığı yaratması riski var. Maraqlıdır, Azərbaycanda qida böhranı riski varmı? İqtisadçı-ekspert Akif Nəsirli Yenisabah.az-a açıqlamasında bildirib ki, vəziyyətlə əlaqədar dünya ölkələri öz ehtiyatlarını artırmağa cəhd göstərirlər. Əvvəlkindən daha çox ehtiyat yığmaqda maraqlıdırlar, bunun da həm iqtisadi, həm psixoloji səbəbləri var. Son iki ayda dünya iqtisadiyyatının kiçilmə tendensiyası özünü göstərir. Ona görə də bütün dünyada qida idxal edən ölkələrdə qida çatışmazlığının yaranması gözləniləndir: “Məsələn, taxıl, ət, düyü, ümumiyyətlə ərzaq idxalçısı olan ölkələr var ki, belə risk gözləməlidirlər. Həmçinin Azərbaycan da buna hazır olmalıdır. Azərbaycanda ərzaq buğdasının 40 faizindən çoxunu idxal edir. Bəzən də yerli tələbatın 45 faizi idxal edilir. Çox təəssüf ki, Azərbaycanda statistika reallığa söykənmədiyindən bunu tam dəqiqləşdirə bilmirik, bəlkə də həcm daha çoxdur. Digər ərzaq məhsulları da Azərbaycanda idxal edilir. Bu idxalda problemin yaşanması ölkə daxilində ərzaq qıtlığının yaranmasına şərait yarada bilər. Amma hazırda belə bir problem yoxdur”. Ekspert qeyd edib ki, Azərbaycanda bir neçə aylıq anbar ehtiyatları mövcuddur: “Düzdür, belə bir fikir səsləndi ki, Azərbaycanın guya üçillik ərzaq ehtiyatı var. Mən bunu real hesab etmirəm. Dünyanın heç bir yerində üçillik ərzaq ehtiyatı tədarük edilmir. O cümlədən Azərbaycanın buna potensialı da yoxdur. Heç Azərbaycanın birillik ərzaq ehtiyatı da ola bilməz. Mən hesab edirəm ki, Azərbaycanın bir neçə aylıq taxıl ehtiyatı var. Əsasən, taxıl ehtiyatını qeyd etmək istəyirəm, çünki taxıl strateji məhsuldur. Burada adət-ənənə , mədəniyyət məsələsi də var. Ölkəmizdə ərzaq buğdası daha çox istifadə olunur. Bir-iki ay sonra taxıl biçini mövsümü başlayır. Bu da gərginləşən vəziyyəti bir qədər yumşaldacaq. Yəni payızadək Azərbaycanda ciddi problemlər yaranmayacaq. Çünki məhsul mövsümü başlayır. Həmçinin ətə tələbat aşağı düşür”. Akif Nəsirli Azərbaycanda problemlərin bu ilin payızında yarana biləcəyini, lakin bunun böhrana çevrilməyəcəyini vurğulayıb: “Müəyyən ərzaq məhsullarında problem yarana bilər, bu da qiymətlərin qalxmasına səbəb olacaq. Amma bunu qida böhranı adlandırmaq tezdir. Çünki payızadək güman ki, pandemiya səngiyəcək, dünyada bunun aradan qaldırılması üçün müəyyən işlər görüləcək və qeyd etdiyim idxal, ixrac problemləri də buna uyğun olaraq aradan qaldırılacaqdır. Ola bilsin ki, ümumiyyətlə mən dediyim dövrdə ciddi problemlər də yaşanmasın. Buna baxmayaraq bəzi tədbirlər var ki, mütləq görülməlidir”. Həmsöhbətimiz diqqətə çatdırıb ki, payızadək əsasən, yerli tələbatın ödənilməsi istiqamtində stimullaşdırma aparmaq lazımdır: “Qısa zamanda yerli tələbatın idxaldan asılılığının azalması istiqamətində hökumət ciddi proqramlar hazırlamalıdır. Yəni ölkə iqtisadiyyatının mümkün qədər idxaldan asılılığı azaldılmalıdır ki, bu cür problemlər yarananda daxili iqtisadiyyaqtımızda problemlər yaranmasın. Lakin tamamilə aradan qaldırmaq mümkün deyil. Yəni elə məhsullar var ki, Azərbaycan şəraitində bu məhsulların yerli tələbatı ödəyəcək qədər istehsalına şərait yoxdur. Amma məsələ burasındadır ki, biri var ətə tələbatın 50 faizi, biri də var 80 faizi ödənilsin. Ölkədə ətə tələbatın 80 faizini ödəmək üçün potensial var. Məhsul bazarında yerli istehsalın xüsusi çəkisinin artırılmasına münbit şərait var. Sadəcə potensialı reallaşdırmaq üçün müəyyən proqramlar lazımdır.Azərbaycan hökuməti qarşısında dayanan əsas məsələ həmin potensialı reallaşdırmaqdır. Çünki yerli tələbatın ödənilməsində yerli istehsalın xüsusi çəkisinin artırılması strateji əhəmiyyətlidir”.