Ermənilırin Qarabağdan topladığı 100 milyon dollar
Qarabağ torpaqlarının “əldən verilməsi” hesabına Ermənistan ildə təkcə kənd təsərrüfatından 100 milyon dollar itirəcək. “Yeni Sabah” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda “Ermənistan aqrar-kəndli ittifaqı” adlı QHT-nin rəhbəri Qraç Bərbəryan jurnalistlərə deyib. Onun hesablamalarına görə Qarabağdakı müharibənin nəticəsi olaraq 3 min hektar nar, ərik, şaftalı və digər meyvə bağları, 50 min hektarlıq taxıl sahələri, azı 200 hektar soğan əkini sahəsi (ildə 2 min ton soğan yığılırdı) itirilib. “Qarabağdan Ermənistana ildə 100 min ton buğda daşınırdı. Belə resursun itirilməsi o deməkdir ki, ölkə taxıla əvvəl olduğundan 20-30 milyon dollar çox xərcləməli olacaq”,-Bərbəryan Ermənistanın Azərbaycanın işğal altında saxladığı ərazilərini 30 ilə yaxındır talan etməsini sanki qanuni fəaliyyət kimi təsəvvür edərək bildirib. Xatırladaq ki, bundan əvvəl Ermənistan rəsmiləri Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasının nəticəsi olaraq işğal altındakı ərazilərdən ucuz elektrik enerjisi əldə edə bilməyəcəklərini deyiblər. Bildirilirdi ki, təkcə bu il Ermənistan Qarabağdan 300 milyon kVt/saat elektrik enerjisi əldə etməyi nəzərdə tuturdu. Bu isə Azərbaycanın daxili bazar qiymətləri ilə 13.5 milyon dollara yaxın dəyərində elektrik enerjisi deməkdir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, işğal altındakı ərazilərdə törədilmiş dağıntılara, şəhər və kəndlərin yer üzündən silinməsinə, habelə bu ərazilərin yeraltı və yerüstü sərvətlərinin talanmasına görə Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təzminat iddiası qaldırılacaq. Artıq bu yöndə işlər gedir, hesablamalar aparılır. Şübhə yoxdur ki, Ermənistanın münbit Qarabağ torpaqlarında qanunsuz kənd təsərrüfatı fəaliyyəti hesabına apardığı talançılıq da bu iddiada əksini tapacaq. /Virtualaz.org