Dövlət şirkətlərində audit yoxlamalarından sonra HƏBSLƏR GÖZLƏNİLİR...

Dövlət şirkətlərində audit yoxlamalarından sonra həbslər gözlənilir

"İnvestisiya Holdinqinə daxil edilən dövlət şirkətlərində aparılacaq ciddi audit yoxlamalarından sonra həbslər gözlənilir”.
 "AzerTaym.az" bildirir ki,bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, əgər şirkətlərdə çox ciddi qanun pozuntuları və yeyintilər aşkarlanarsa, onun cəzası da olmalıdır:
"Azərbaycanda ən böyük problemlərdən biri bu tipli məsələlərdə cəzasızlıq mühütinin olmasıdır. Cəza mexanizmi olmalıdır ki, digərləri üçün də dərs olsun və bundan sonra belə dövlət şirkətlərinin idarə olunmasında şəffaflıq təmin olunsun. Şirkətlərin ziyanla işləməsinin əsas səbəbi qeyri-şəffaq idarəetmə və xərclərin şişirdilməsidir. Satınalmalarda qiymətlər çox yüksək, real bazar qiymətlərindən dəfələrlə artıq qoyulur. Nəticə etibarıyla yeyintilərə yol verilir və bu yeyintilər maya dəyərinin şişməsinə səbəb olur”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi publik hüquqi şəxs yaradılıb. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən şirkətlər bunlardır: "Azərbaycan Hava Yolları” QSC, "Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” MMC.
 
Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "AzerGold” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC AİH-nin idarəetməsinə daxil edilib.






Fikirlər