İqtisadiyyatda artım, investisiyalarda azalma - 6 ayın yekunu iqtisadçıların şərhində
Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyasının təsirindən çıxmaqdadır. Dövlət Statistika Komitəsinin 2021-ci ilin birinci yarısının iqtisadi yekunlarına dair açıqladığı məlumatlardan aydın olur ki, bir qədər zəif də olsa, iqtisadiyyatın bərpa prosesi gedir. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb. ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub. 2021-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,3 faiz azalaraq 23,1 milyard manat təşkil edib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş verib. Belə ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,6 faiz artıb. 2021-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 919,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalıb. Ümumi sərmayənin 4068,9 milyon manatı və ya 68,7 faizi məhsul istehsalı sahələrinin, 1381,5 milyon manatı (23,4 faizi) xidmət sahələrinin, 469,0 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,6 faizi dövlət, 65,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 66,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 61,0 faizini təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın qeyri-neft sektorunun əsas prioritet sahələrindən olan kənd təsərrüfatında istehsal olunan ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 4370,4 milyon manat təşkil edib. Bunun 2153,7 milyon manatı heyvandarlıq, 2216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artıb. Rusiyanın tətbiq etdiyi idxal qadağası Azərbaycanda istixanaların sayının və sahəsinin azalmasına səbəb olub. Belə ki, əgər 2021-ci ilin yanvarın 1-nə ölkədə sahəsi 1,5 min hektar təşkil edən 3275 istixana vardısa, 2021-ci il iyul ayının 1-nə bu göstəricilər 1,4 min hektar və 3159 vahid təşkil edib. Bu azalmaya baxmayaraq, istixanalarda istehsal artıb. Belə ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 17,2 faiz artaraq 213,0 min ton, xiyarın istehsalı 13,5 faiz artaraq 12,2 min ton olub. Ölkədə quş əti və yumurta istehsalında azalma isə davam edir. Belə ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 268,5 min ton, süd istehsalı 1,8 faiz artaraq 1075,3 min ton, yun istehsalı 0,1 faiz artaraq 14,6 min ton, barama istehsalı 10,2 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4,0 faiz azalaraq 951,3 milyon ədəd təşkil edib. Bu zaman quş əti istehsalı 3 min ton, yumurta istehsalı isə 61,2 milyon ədəd azalıb - cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 36,1 min ton (keçən ilin yanvar-iyun aylarında 36,4 min ton) quş əti və 339,9 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 402,0 milyon ədəd) yumurta istehsal olunub. 2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,2 faiz və 19,5 faiz azalıb. Magistral neft kəmərləri ilə neft nəqlində də azalma baş verib. Ötən ilin birinci yarısında bu göstərici 18356,7 min ton təşkil edirdisə, bu ilin eyni dövründə 17458,1 min ton neft olub. Nəqletmənin 74,9 faizi Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 13072,3 min ton neft(ötən il 14685,9 min ton) ötürülüb. Dövr ərzində BTC kəməri ilə 1649,8 min ton(2100,2 min ton) tranzit nefti də nəql edilib. Magistral qaz kəmərləri ilə nəqletmə isə artıb. Belə ki, ilk yarımildə kəmərlərlə 17070,4 milyon kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artım deməkdir. İlk yarımildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19383,1 milyon manatlıq, o cümlədən 10436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8946,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz artıb. Statistika Komitəsi istehlak bazarında iyun ayında maya nisbətən 0,5 faizlik ucuzlaşma qeydə alsa da, birinci yarımildə qiymətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 4,3 faiz baha olub. Çox maraqlıdır ki, bu zaman idxal olunan məhsulların qiymət indeksləri 2021-ci ilin yanvar-may aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz artıb. Eyni dövrdə ixrac olunan məhsulların qiymət indekslərində 44,1 faizlik bahalaşma qeydə alınıb. Ölkə iqtisadiyyatına xarici sərmayələrin axınındakı azalma davam edir. Rəsmi statistikaya görə, 2021-ci ilin 6 ayında Azərbaycana 2.3 milyard manat həcmində xarici sərmayə yatırılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 145,3 milyon manat və ya 5,9 faiz azdır. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 037,3 milyon manatı (88,2 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Natiq Cəfərli: “Bu addımlar atılmasa, xarici investisiyalarda artım gözləməyə dəyməz” İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan iqtisadiyyatına sərmayə axını son illərdə azalma dinamikası nümayiş etdirir: “Ötən il də, bu ilin ilk yarısında da azalma var. Bunun əsas səbəbi odur ki, Azərbaycanda xarici investisiyalar əsasən enerji sektoruna yatırılır, xarici sərmayədarlar əz vəsaitlərini bu sahəyə qoymağa həvəslidilər. İndiyədək ölkəyə cəlb olunan xarici investisiyaların çox mühüm hissəsi bu səbəbdən neft-qaz sektoruna qoyulub. Bu sektorda isə böyük həcmli layihələr üzrə əsas qoyuluşlar artıq başa çatıb. Sonuncu böyük layihələr ”Şahdəniz-2" və Cənub Qaz Dəhlizi idi. Bu layihələr üzrə əsas xərcləmələr artıq başa çatıb. Buna görə də ölkəyə ümumi xarici investisiya yatırımlarında azalma qeydə alınır". Ekspertin sözlərinə görə, bu azalmanın qeyri-neft sektoruna yatırımlar hesabına artımla əvəz olunması o halda mümkündür ki, müvafiq investisiya mühiti yaradılsın: “İnvestisiyaların haradan gəlməsi bir o qədər də önəm daşımır, əsas odur ki, ölkə xarici sərmayədar üçün cəlbedici olsun. Azərbaycanı belə cəlbedici hala gətirmək üçün zəruri olan tədbirlər hər kəsə aydındır: stimullaşdırıcı vergi-gömrük siyasəti, mülkiyyət hüququnun toxunulmazlığı, ümumilikdə ədalətli məhkəmə hüququnun təmin olunması, investorların fəaliyyətinə məmur müdaxilələrinin aradan qaldırılması. Bu qeyd etdiyim addımlar atılmasa, xarici investisiyaların artmasını gözləməyə dəyməz”.
Vüqar Bayramov: “Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərib” İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır: “Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa, real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”. N.Cəfərli də hesab edir ki, iqtisadi artımın bərpa olunması müsbət haldır: “İqtisadiyyatdakı qapanmaların böyük ölçüdə aradan qaldırılması, iqtisadi canlanma, həmçinin neftin dünya bazar qiymətinin əlverişli olması ölkədə 2,1 faizlik iqtisadi artımın qeydə alınmasına səbəb olub. Bu, müsbət haldır. Amma yetərli deyil - ötən il Azərbaycanda ÜDM illik ifadədə 4,3 faiz azalıb. Biz hələ bu azalmanı aradan qaldıra bilməmişik”. İqtisadçının fikrincə, növbəti mərhələdə yeni qapanmalar, məhdudiyyətlər olmasa, ilin sonunadək Azərbaycanda ÜDM-in 3 faizlik artımına nail olmaq mümkündür. /“Yeni Müsavat”