Azərbaycanda bahalaşma “yorulmaq” bilmir: Bizi NƏ GÖZLƏYİR?
Son dövrlər Azərbaycanda kəskin qiymət artımları müşahidə olunur. Bir çoxları bu bahalaşmanı ölkədə mövcud olan inhisarçılıq, bazar iştirakçılarının sui-istifadə halları ilə əlaqələndirsələr də, dünyada cərəyan edən iqtisadi proseslər, eləcə də ölkə daxilində yanacağın qiymətinin artması fonunda baş verdiyini iddia edənlər də var. Birincilərin qənətinə görə, qiymətlərdə olan artımlar xarici amillərlə bağlı olsaydı, o zaman yerli məhsulların qiymətlərində artım müşahidə edilməzdi. Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının da qiymətlərində ciddi artım var. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, qiymətlərdə bahalaşmanı şərtləndirən əsas amil ölkədə yerli istehsalın payının az, idxalın payının isə çox olması ilə bağlıdır: “Məlumdur ki, koronavirus pandemiyası dünya üzrə bir çox sahələrin fəaliyyətinə mənfi təsir göstərib. Əksər sektorlar pandemiya nəticəsində uzun müddət fəaliyyətsiz qalıb. Onların büdcəsinə böyük ziyan dəyib, hətta müflis olmaq həddinə yaxınlaşanlar da var. Hesab edirəm ki, dünya bazarında qeydə alınan bahalaşma əsasən bu amillə bağlıdır. Azərbaycan bazarına çıxarılan məhsulların əksəriyyəti isə xaricdən idxal olunur. Bu səbəbdən son dövrlər həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edirik”. “Digər səbəb isə psixoloji faktorlarla bağlıdır. Hazırda dünyada iqtisadi sabitlik olmadığına görə, beynəlxalq istehsalçılar məhsullarını baha qiymətə bazara təklif edirlər. Onlar yenidən karantin qaydalarının sərtləşəcəyini ehtimal edirlər və bu səbəbdən hazırkı şəraiti özləri üçün fürsət bilirlər. Eyni zamanda dünyada müxtəlif təmayüllərin baş qaldırması, koronavirus və bu kimi gözlənilməz halların meydana çıxması da psixoloji inamsızlıq yaradıb. Bunun fonunda istehsalçılar özlərini sığortalamağa çalışır. Təbii ki, baş verən hər bir böhran ilk növbədə istehlakçılara zərbə vurur. İnsanlar gəlirlərinin azalmasına baxmayaraq, əvvəlkindən daha artıq vəsaiti ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına sərf edirlər”, - deyə deputat bildirib. Onun sözlərinə görə, yanacağın qiymət artımı fonunda bahalaşma təbiidir: “Lakin bir çox hallarda biz sui-istifadə hallarını da müşahidə edirik. Təəssüf ki, əksər hallarda qiymətlər məhsulun maya dəyərindəki yanacağın qiymətindəki paya adekvat olmur. Bəzi işbazlar isə bunun yaratdığı psixoloji təsirlərindən istifadə edib, daha çox gəlir əldə etmək üçün qiymətləri süni şəkildə qaldırırlar. Bahalaşma təkcə idxal deyil, həm də yerli məhsullar bazarında hiss olunur. Kənd təsərrrüfatı məhsullarının qiymətlərində olan kəskin artım bunun bariz nümunəsidir. Sözsüz ki, belə bir vəziyyət arzuolunan deyil. Müvafiq qurumlar məsələyə müdaxilə etməli, süni qiymət artımlarının qarşısını almalıdır”. “Əsas çıxış yolu qiymətləri optimallaşdırmaqdan keçir. Məhsulların birinci əldən bazara çıxışı təmin edilməlidir. Bununla yanaşı rəqabət mühitini artırmaq və müəyyən stimullaşdırıcı addımlar da atılmalıdır. Misal üçün, meyvə-tərəvəz məhsulları birinci əldən təklif olunan qiymətdən üç dəfə baha qiymətə yerində təklif olunur. Yaxşı olardı ki, müxtəlif ərazilərdə kənd təsərrüfatı yarmarkalar təşkil olunsun. Bununla bağlı ortada təcrübə var. Həmin yarmarkalarda çalışan sahibkarlara güzəştli şərait yaradılsın. Belə olarsa, biz qiymətlərdə azalmanı müşahidə edərik. Nəticədə süni qiymət artıran işbazlar məcbur qalaraq bazara uyğunlaşmaq məcburiyyətində qalacaqlar”, - deyə Bayramov fikrini yekunlaşdırıb.