“Azərbaycanda un və çörək bahalaşmaya bilərdi, ancaq …”

“Azərbaycanda un və çörək bahalaşmaya bilərdi, ancaq…”

“Bu gün Rusiyadan olan taxıl idxalından asılılığımız  kritik səviyyədədir…”
“Azərbaycanda un və çörək bahalaşması olmaya bilərdi.  Amma əgər ölkədə istehsal prosesləri uzun illər ərzində lokallaşdırılsaydı və bizim idxaldan asılılığımız bugünkü mövcud səviyyədə olmasaydı...  Bu isə artıq, belə düşünürəm ki, hökumətin iqtisadi blokuna, bank sektoruna aid bir məsələdir. Və təəssüflər olsun ki, ölkədə investisiya həcminin lazımi səviyyədə olmaması, yerli istehsalın, idxalın əvəz olunmasının  gərəkli dərəcədə  təmin edilməməsi ona səbəb oldu ki, biz bir çox istiqamətlər üzrə gerilədik. Və ən təəssüfedici məqam da odur ki,  istehlak  bazarında ərzaq təminatıyla bağlı olan sahələr üzrə idxaldan yüksək səviyyədə asılıyıq”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  son günlərin ən ciddi iqtisadi-sosial problemi olan un və çörəyin bahalanmasından bəhs edən iqtisadçı ekspert Elşad Məmmədov söyləyib.
 
“Bəzən bir sıra çıxışlar, bəyanatlar olur ki,  bizim hansısa istiqamətdə idxaldan asılılığımız 10, 15, yaxud 20 faizdir. Amma reallıqda  iqtisadi  təhlillər onu göstərir ki, bu, belə deyil. Gerçəklik ondan ibarətdir ki, Azərbaycanda qablaşdırılan həmin məhsulların sonda  istehlak bazarına çatmasınadək olan o zəncirvari prosesdə yaranan əlavə dəyərin xüsusi  çəkisi kritik dərəcədə azdır...
 
Biz çox yüksək səviyyədə idxaldan asılıyıq.  Və hazırda  dünya iqtisadiyyatında baş verən proseslər, dərin struktur böhranı, istehsalda və daşınmalardakı problemlər onu şərtləndirir ki, hər bir ölkə ilk növbədə öz daxili bazarını qorumağa çalışır. Bax, biz bu gün real olaraq bunun şahidi oluruq”- açıqlamasının davamında bunları söyləyən ekspert konkret olaraq çörək və un məmulatlarının bahalaşmasının səbəblərindən danışıb.
 
“Əgər söhbət konkret olaraq çörək və un məmulatlarından gedirsə,  bizim bu gün Rusiyadan olan taxıl idxalından asılılığımız  kritik səviyyədədir. Yəni hazırda şimal qonşumuz faktiki  olaraq  bu istiqamətdə də hegemon dövlətlərdən birinə çevrilib. O mənada ki, əgər dünya taxıl bazarının təxminən  1/3-ni ixracat nöqteyi-nəzərdən Rusiya təmin edirsə,  bizim bölgədə faktiki olaraq həmin ölkə ilə rəqabət aparan digər ölkə yoxdur. Və biz öz daxili bazarımızı daxili istehsalımız hesabına təmin edə bilmiriksə, sözsüz ki, bu istiqamətdə asılılığımız getdikcə yüksələcək. Yeri gəlmişkən, bu asılılığımızı Moskvanın Azərbaycana qarşı hansısa  siyasətinin tərkib hissəsi kimi qəbul etməyin tərəfdarı da deyiləm. Sadəcə, hər bir ölkə kimi Rusiya Federasiyası da öz daxili bazarını qorumağa çalışır və ixrac rüsumlarını tətbiq edir. Bu rüsumların da tətbiqi istər-istəməz Azərbaycan üçün  həmin məhsulun idxalının dəyərini artırır.  Eyni zamanda  onu da bilməliyik ki, hətta biz başqa ölkədən də taxıl idxal etsək belə, onsuz da dünya bazarında taxılın qiyməti artır. Və digər ölkələr də ixraca rüsumlar tətbiq edir ki, daxili bazarını qorusun və əsas mənfəəti ixracdan götürsün. Çünki heç kəs daxili bazarda qiymətləri qaldırmaq istəmir. Ona görə də biz idxaldan asılılığımızı aradan qaldırmasaq, unun, çörəyin, eləcə də digər məhsulların qiymət artımı problemi həll olunmayacaq”- deyə iqtisadçı alim bildirib və əsasən taxılçılıq sahəsində idxaldan asılılığımızı yaradan baslıca amilləri də sadalayıb.
 
“Bəs idxaldan asılılığımız əsasən hansı səbəbdən yaranıb? 1990-cı illərdə ölkənin kənd təsərrüfatının inkişafı sanki uçuruma düşdü. Sahələrarası balans tam şəkildə pozuldu.  Suvarma sistemində çox böyük problemlər yaşanmağa başlandı. Azərbaycanda su potensialı ölkə iqtisadiyyatının inkişafıyla tam qeyri-taraz formada xərclənməyə başlandı.  Və biz görürük ki, bir tərəfdən, illərlə torpaqların şoranlaşması, yararsız hala düşməsi prosesi, digər tərəfdən isə suyun effektiv və düzgün bölünməməsi  və s. kimi problemlər yaşadıq. Odur ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafının əsas istiqamətlərindən biri olan  su təminatında, su balansının tərtibi ilə bağlı,  zənnimcə, kritik səviyyədə problemlər var. Və bu da,  sözsüz ki, kənd təsərrüfatının həm ixrac yönümlü, həm də daxili bazar yönümlü inkişafına əngəl törədir.  Yəni iqtisadiyyatda sahələrarasl balansın olmaması yerli istehsalın deqradasiyasına səbəb olur. Bu məsələnin bir tərəfidir…
 
İkinci tərəf ondan ibarətdir ki, ticarət şəbəkələrində inhisarçılığın yüksək səviyyədə olması istehsalçıların bilavasitə istehlakçılara - əhaliyə çıxış imkanlarının  çox zəif olması ona gətirib çıxarır ki, əsas  mənfəəti  ticarət şəbəkələri götürür. Nə istehsalçılar, nə alıcılar olaraq əhali udur, nə də dövlət… Udan ticarət şəbəkələridir ki, onlar mənfəətlərini artırır və bu da onların inhisarçı statusundan irəli gəlir.  Burada isə hesab edirəm ki, dövlətin müvafiq qurumları və ilk növbədə anti-inhisar siyasəti ilə məşğul olan qurumlar effektiv fəaliyyətə keçərək bunun qarşısını almalıdır…
 
Üçüncü amilə gəldikdə, bilirsiz,  biz yerli istehsalı qursaq belə, bizim istehsal üçün satış bazarları təşkil etmək problemimiz də var. Etiraf etməliyik ki, Azərbaycanın elə də böyük satış bazarı yoxdur. Odur ki,  biz müəyyən istiqamətlər üzrə idxalı əvəz edə bilərik, amma son nəticədə bir problem də çıxacaq: satış bazarlarının genişlənməsi… Və bu nöqteyi-nəzərdən hesab edirəm ki, regional iqtisadi inteqrasiya prosesləri olmazsa, qeyri-iradi ölkə iqtisadiyyatındakı problemlər  getdikcə dərinləşəcək. Odur ki, vəziyyətdən çıxış yolu kimi  qonşu dövlətlərlə iqtisadi inteqrasiya prosesi gücləndirilməlidir”-  deyə iqtisadçı professor vurğulayıb.
 
Azərbaycandakı son sosial-iqtisadi durumla bağlı iqtisadçı ekspert Elşad Məmmədovla geniş müsahibəni yaxın müddətdə oxuya bilərsiniz.
Sultan Laçın
 

 

 
 
 
 
 






Fikirlər