Zəngəzur dəhlizi Azərbaycana nə verəcək?
Son günlər Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəm olub. Dəhlizinin açılması nəzəriyyəsi il yarımdan çox irəli sürülsə də, görünür Ermənistan tərəfi artıq Azərbaycanın diktə etdiyi yeni reallıqları qəbul edərək bu məsələdəki müqavimətini dayandırıb. Artıq nəzəriyyədən praktiki işə keçid mərhələsi başlayıb. Rusiya FSB-sinin Sərhəd Xidmətinin də Ağbənd-Nüvədi-Aqarak avtomobil magistralında postlar qurması dəhlizinin açılacağı günlərin çox da uzaqda olmadığını göstərir. Yenisabah.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, dəhlizin açılmasının Azərbaycan üçün birinci önəmi hazırda belə müzakirə olunur ki, biz Naxçıvanla əlaqəni təmin edəcəyik: “Lakin məsələ burasındadır ki, həm Azərbaycan, həm də region ölkələri üçün bundan da önəmli məsələlər mövcuddur. Birincisi, o dəhliz açıldıqdan sonra Azərbaycan üzərindən Orta Asiyadan Avropaya daşınan yüklərin sayı on dəfələrlə artacaq. Bu da ilk növbədə, Azərbaycana iqtisadi dividentlər gətirəcək, digər tərəfdən isə Azərbaycanın dünya iqtisadiyyatının hərəkətində önəmi artacaq. Bu isə nəinki iqtisadi, eləcə də siyasi dividentlərə gətirib çıxaracaq. Orta Asiyadan, Çindən və digər ölkələrdən Avropaya çatdırılan yüklər Azərbaycan üzərindən və Zəngəzur dəhlizindən daha asanlıqla keçəcək”.
A. Nəsirli əlavə edib ki, digər yandan başqa bir önəmli məqam isə türk dövlətləri arasında quru yolun yaranması və türk zolağının yenidən birləşməsidir: “Burada Türkiyə də birbaşa Azərbaycan üzərindən Orta Asiyaya çıxış əldə edə biləcək. Bu, həm də Ermənistanın iqtisadi dividenti, eləcə də Ermənistanın dünyada əhəmiyyətinin artması və bu ölkənin iqtisadi-siyasi, eyni zamanda tranzit baxımından blokadadan çıxarılması deməkdir. Bu gün Ermənistanın dünyaya çıxışı yalnız Gürcüstan, İran və Rusiya vasitəsilədir. Onların da yalnız İranla əlaqələri yaxşıdır; hansı ki, İran da dünyanın bütün dövlətləri tərəfindən təcrid olunub, sanksiyaya məruz qoyulub. İndi də Rusiya sanksiyalar altında inildəməkdədir. Ermənistan isə Rusiyaya yalnız Gürcüstan vasitəsilə çıxa bilir. Gürcüstanla da onların münasibətləri o qədər yaxşı olmadığına görə tez-tez Yuxarı Lars yolu Gürcüstan tərəfindən müxtəlif mövsümlərdə bağlanılır. Bu da Ermənistanın vəziyyətini gərginləşdirir. Yəni Ermənistan da Zəngəzur dəhlizinin açılması ilə Avropaya birbaşa çıxış əldə edəcək”. İqtisadçının sözlərinə görə, bəzən səsləndirilir ki, Azərbaycandan çox bu dəhliz Ermənistana lazımdır. Bu, çox doğru fikirdir. Çünki Azərbaycan alternativ yolla da İran ərazisindən Naxçıvana quru yolu ilə çıxa bilər. Qısacası, İran, yaxud Ermənistan ərazisindən Naxçıvana quru yolunun açılması o qədər də böyük fərqə malik deyil. Amma məsələ burasındadır ki, Azərbaycan həm də İran ərazisindən Naxçıvana çıxış əldə etmək üçün Araz üzərindən keçəcək yeni yol layihəsinin icrasını həyata keçirməyə başlayıb. Belə ki, Araz çayı üzərindən artıq körpünün tikintisinə başlanılıb. Bu da Azərbaycan üçün əlavə önəm daşıyır. Lakin hər iki yolun da açılması iqtisadi, siyasi və mədəni baxımdan çox önəmlidir. Ona görə də bu istər Zəngəzur, istərsə də Arazboyu İran dəhlizi türk dünyasına birləşdirəcək bir gücə sahib olacaq”, - deyə müsahibimiz vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev isə söyləyib ki, iqtisadi nəzəriyyədə, praktikada, o cümlədən də logistika praktikasında istənilən dəhlizin açılması, avtomobil və dəmiryolunun çəkilməsi istər maliyyə, istər iqtisadi, istərsə də coğrafi, bir sözlə bir çox tərəfdən hesablanır: “Yəni bu yolun başqa magistral yollara birləşməsi necə olacaq, illik yükdaşıma qabiliyyəti necə olacaq və s. Nəzərə almaq lazımdır ki, bu günləri Azərbaycanda nəqliyyat multi-modal xarakter daşıyır. Yəni biz bunu dənizlə də, dəmiryolu ilə də, yaxud avtomobil yolu ilə də yükü daşıya bilərik.
Sözsüz ki, bunun müsbət cəhəti çox olacaq, tək Azərbaycana yox, eləcə də bütün qonşu dövlətlərlə yanaşı regionu iqtisadi artımına kifayət qədər öz bəhrəsini verəcək”. Deputat düşünür ki, bu dəhlizin kifayət qədər perspektivləri var: “Ümumiyyətlə, belə dəhlizlər bu gün daha çox önəm daşıyır. Ona görə ki, Azərbaycanda dəmiryolu infrastrukturu da kifayət qədər inkişaf edib. Biz bunu çox böyük uğurla istifadə edirik. Təbii ki, bunun da minimal və orta hesablanmış daşınma gəlirləri var. Nəzərə alaq ki, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri daha yüksək və daha sıxdır, ona görə də nəqliyyat sistemimiz regionun və dünyanın nəqliyyat sisteminə da çox inteqrasiya olunub. Hesab edirəm ki, burada İran dəhlizindən çox Zəngəzura daha çox üstünlük veriləcək”. Azərbaycanın günü-gündən artan nüfuzuna toxunan R. Quliyev əlavə edib: “Bu gün Azərbaycanın artan nüfuzunu nəzərə alaraq təbiidir ki, ölkəmizlə daha rahat iş qurmaq istəyən xarici ölkələr və şirkətlər çoxdur. Bir də bu, bir həqiqətdir ki, İran sanksiya altındadır və ən böyük problemi də maliyyə sanksiyalarıdır. Burada SWIFT məsələsi, pulun köçürülməsi, transaksiyalar məsələsi var. Bunların hamısını nəzərə alaraq təbiidir ki, Azərbaycan operatorları ilə işləmək daha rahat və daha ucuzdur”. Rafi MÜSLÜMOV Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.