20 yaşlı arıçı, ayılardan gizlin toplanan bal, arı ölüsü - REPORTAJ
“Gəl, dadına bax!” İçəri daxil olan kimi ilk eşidilən cümlə budur. Hər satıcı öz məhsulunu tərifləyir, dadmağı təklif edir. Buraya ac gələn tox qayıdır. Söhbət Bakıda təşkil olunan arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasından gedir. Akasiya balı, qaratikan balı, meşə-çəmən balı, növbənöv arı məhsulları və s. Yarmarkada müştərilərin istəyinə uyğun seçim çoxdur. Satıcıların xətrinə dəyməmək üçün uzadılan əli geri qaytarmıram. Ətri xoş, rəngi xoş balın dadına baxa-baxa arıçılarla söhbətə başlayıram. “Arıçı qaraçıdır, arını gəzdirməsən, bal olmaz”.
Bal yarmarkasında məni ilk qarşılayan gəncəli arıçı Leyli Abbasova oldu: “Ailələliklə arıçılıqla məşğuluq. 10 uşağıq, hamı bu işlə çörək pulu qazanır. Təbii dağ balıdır. Bütün dağları gəzdiririk. Arıçı qaraçıdır, arını gəzdirməsə, bal olmaz. Gədəbəy, Axarçı, Nüjgar, Topalhəsənli, Zurnavar, Kür sahilləri... Hər yerə aparırıq. 400 kiloqram duru bal gətirmişəm, 28 dənə də pətək balı, hərəsi bir çəkidədir - 2 kiloluq pətək bal da var, 4 kiloluq da. Növündən asılı olaraq, 30, 40, 50 manata bal var. İmkansız, xəstəsi olan müştəriləri nəzərə alırıq, şəhid ailələrindən pul götürmürük”. Cənub bölgəsi də balı ilə məşhurdur. Miki kənd sakini Xanağa Hüseynovun təsərrüfatında 240 arı ailəsi var: “Bir neçə rayonda - Lerikdə, Hirkan meşəsində, Astarada öz kəndimizdə, İsmayıllıda yerləşdirmişəm. Hər il ən azı 2 ton yarıma qədər təmiz bal əldə edirəm. Bu ilin əvvəlində hava yaxşı oldu. Arılar qışlamadan çox yaxşı çıxdı. Məhsuldarlıq ürəyimcə oldu. Yarmarkaya gətirdiyim balın artıq 200 kiloqramını satmışam. İmkan olsa, yarmarkaya lap 1 ton bal da çıxararam. Ən aşağı qiymət 25 manatdır. Arı südünün qramı manatdır. Güləmin kilosunu 40 manata satıram. Çiçək tozunun 100 qramı 8 manatdır”. Builki bal yarmarkasının önəmli özəlliklərindən biri də Şərqi Zəngəzur bölgəsindən arıçıların öz məhsullarını təqdim etməsidir. Kəlbəcər rayonundan məcbur köçkün olan Firuzə Həsənova uzun illərdir arıçılıqla məşğul olur: “Allahın bu gününə şükür, Kəlbəcərimiz işğaldan azad olunub. Bu il iki ay yarım Kəlbəcərdə, Qazıxan, Bəylik tərəfdə qaldıq. Şükür, məhsulumuz bol oldu. Cökə, çəmən balı satırıq. İnanın, məhsul bol olmasa belə doğma yurdumuzu ziyarət etmək bizim üçün milyonlara dəyər. Allah şəhidlərimizə rəhmət eləsin! Onların sayəsində ayağımız torpağımıza dəydi. Ağsu, İsmayıllıda da təsərrüfatlarımız var”. Gənc bir satıcı diqqətimi çəkdi. Sən demə 20 yaşlı Maksim Voskresenskiy Vətən müharibəsi iştirakçısıdır, əslən Zaqataladandır: “Müharibənin ilk günündən döyüşlərdə iştirak etdim. Lələtəpədə yaralandım. Yaralandan sonra 20 gün hospitalda qaldım. Sonra yenidən döyüşlərə qatıldım. Minomyotçu idim. Şuşaya qədər vuruşmuşam. 5 medalım var: Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd və “Cəsur döyüşçü”. Ailəmə dəstək olmaq üçün təsərrüfata və satışa yardım edirəm. May balı, cökə balı, şabalıd balı satıram. İkinci ildir bura gəlirəm. Arıçılıq çətin işdir, əziyyəti çoxdur. Arılarımız əsasən Zaqatalada, Gürcüstanla sərhəddə yaxın yerdə olur. Bütün bal növlərinin qiyməti 25-30 manat arasında dəyişir. Bundan başqa, çiçək tozu da satırıq, 100 qramı 10 manatdır, güləmi 15 manata satırıq”. Piştaxtaların arasında gəzişərkən maraqlı yazılara rast gəlmək olar. Məsələn, vəhşi bal. Astaralı Barat Əlimərdanov aydınlıq gətirir: “Bu bal insan ayağı dəyməyən, çətin keçilən yerlərdə olur. Ağaclardan toplayırıq. Ayı yeyən bal olduğu üçün vəhşi adlanır. Bir mövsümdə maksimum 20 kilo vəhşi bal toplaya bilirik. Amma bunun üçün ən azı 2 ayının yaşayış arealını müəyyən etmək lazımdır. Yarmarkaya 8 kiloqram vəhşi bal gətirmişik. Bir dəfə başıma iş gəldi. Arıları dağa çıxaranda atımı gecə otlamaq üçün buraxdım. Səhər gördüm ki, ayı iki arı yeşiyini dağıdıb, atımı da parçalayıb”.
Yarmarkada baldan başqa arı məhsulları da satılır: propolis, arı südü, güləm. Hər məhsulun özünəxas faydaları saymaqla bitməz. Məsələn, kiloqramı 30 manata satılan arı mumu yumşaldılaraq qırışların qarşısını almaq üçün istifadə oluna bilər. Arı ölüsü isə qan durulaşdırıcı hesab olunur, 8 manata satılır. Yarmarkada ağac içində bala da rast gəldik. Arı təbii şəkildə balını ağacda istehsal edir. Elə ağacda gətirilməsi də insanların diqqətini cəlb edir. Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndəsi Qalib Bəhramov “Yeni Müsavat”a bildirdi ki, bu yarmarka sayca 5-cidir: “Builki bal yarmarkasında ilk dəfə Şərqi Zəngəzur iqtisadi rayonundan arıçılar iştirak edir. Həmçinin, bu il bütün inzibati rayonların yarmarkada təmsil olunmasına çalışmışıq. Yarmarkada 50 inzibati rayondan 250 arıçı iştirak edir. Arıçılar onlayn qeydiyyatdan keçiblər. Bu il Astara rayonu daha çox arıçı ilə təmsil olunur, 40-dan çox arıçı iştirak edir. Daşkəsən rayonu da arıçıların sayına görə öndədir. Yarmarkada iştirak edən hər bir arıçı minimum 40 arı ailəsinə malik olmalıdır. Ümumilikdə, yarmarkaya təxminən 120 ton məhsul çıxarılıb. Yarmarkanın ünvanı: Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yaxınlığı) / Musavat.com