ÖLKƏDƏ BİR AİLƏNİN NORMAL YAŞAMASI NEÇƏYƏ BAŞA GƏLİR? - ARAŞDIRMA

Mütəxəssislər hesab edirlər ki, mövcud bazar qiymətləri ilə hesablandıqda ailənin bir üzvünün yaxşı yaşaması üçün minimum aylıq 1000 manatı keçən gəliri olmalıdır. Amma sağlamlıq, istirahət xərclərini də nəzərə alanda vəziyyət daha da mürəkkəbləşir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim ediri:

Son vaxtlar dükan-bazarda tez-tez bahalaşma ilə rastlaşırıq. Qiymətlər artdıqca, təbii olaraq, aylıq xərclər də çoxalır. Bu xərclər də maaş, təqaüd hesabına ödənir. Bahalaşma əslində, öyrəşdiyimiz standartları da dəyişir. 3 il öncəki xərclərlə indikilər eyni deyil.

Maraqlıdır, bu gün Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır?

Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

 

210 manatla istehlak səbətini doldurmaq mümkündürmü?

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, hazırda bazarda 50 kq-lıq unun qiyməti 45-50 manatdır: “Bir adam üçün illik təxmini, 2,5 kisə un lazımdır. Qiymət baxımdan hazırda bunu 50 manatdan götürsək, 137 manat pul edir. Yəni, unun kilosu 1 manata düşür. Bazarda çörəyin qiymətinə baxsaq və uyğunluq aparsaq, 380 qramlıq çörək 50 qəpiyə satılır. Beləliklə, istehlak səbəti ilə müəyyən etmək olar ki, bir adamın tək çörəyinə gündəlik azı 50 qəpik lazımdır. Bu, əmək qabiliyyətli şəxs üçündür. Burada pensiyaçılar və uşaqlar üçün norma daha aşağıdır. Üstəlik, qoyulan minimum təkcə çörək üçün deyil, bütün un məhsullarına aid edilib. Minimum əmək haqqı 300 manatdır. 300 manatdan vergiləri çıxsaq, təxmini 270 manat edir. Bunun 50 qəpiyi tək bir nəfər üçün gündəlik çörəkdir. Hesab etsək ki, orta hesabla 1 ayda 30.4 gün var. Deməli, bir insan bir ay ərzində yalnız çörəyə 15 manat 20 qəpik pul xərcləməlidir. Yerdə 254 manat vəsait qalır. Səbətdə əmək qabiliyyətli əhali üçün kartof illik 54.80 kq nəzərdə tutulub. Bir günlük norma təxmini 150 qramdır. Bu qiymətlə aylıq 4 kq 560 qr kartofu hesablasaq, kartofun qiyməti hazırda 80 qəpikdirsə, ona çəkilən xərc aylıq 3 manat 65 qəpik edir. 254 manatdan çıxsaq, yerdə 251.15 manat vəsait qalır”.

 

“Minimum əməkhaqqı bazar qiymətlərindən 3 dəfə aşağıdır”

Bu gün ən çox bahalaşma yağ məhsullarında müşahidə edilir. Marketlərdə ən ucuz günəbaxan yağının 1 litri 5 manat 10 qəpikdir. Mütəxəssis vurğulayır ki, Nazirlər Kabineti normasında əmək qabiliyyətli əhali üçün bitki yağı, marqarin və digər piylər 10.9 kq qeyd olunub. Bu səbətə görə, bir adama ayda 0.912 kq yağ lazımdır. İndiki qiymətlə, 5 manat 10 qəpikdən hesablasaq və o məbləği 251 manatdan çıxsaq, 246 manat qalır. Cədvələ əsasən, 1 ay kartof qızartması ilə çörək yesək, aya 24 manat vəsait lazımdır. Reallıq onu göstərir ki, hazırda minimum əməkhaqqı bazar qiymətlərindən azı 3 dəfə aşağıdır. Bir əməkqabiliyyətli şəxsin yaşaması üçün azı 900 manat vəsait lazımdır. Gündəlik qiymətlər qalxırsa, hökumət bununla bağlı addım atmalıdır. Çünki NK qeyd edilən cədvəli minimum əmək haqqı ilə belə uzlaşmır, nəinki bir adamın normal yaşaması”.

“Minimum əmək haqqı bir ailəyə bəs etmir”

Mütəxəssis deyir ki, yaşamaq tək yeməkdən, geyinməkdən ibarət deyil. Hər bir insanın istirahət etmək haqqı var: “Məsələn, bir ailədə 2 nəfər işləyir. Ata və ana hərəsi 300 manat (minimum əmək haqqı) alır. 2 övladları var, onlar məktəblidir. Onların əməkhaqlarından vergiləri çıxsaq, təxmini əllərinə 540 (270 + 270) manat gələcək. Bu məbləğlə bu ailə istirahət edə bilməz. Hətta hesab etsək ki, yerli həmkarlar təşkilatı ailəyə məzuniyyət zamanı 80 faiz ödəməklə göndəriş versə, yenə də istirahət etmək mümkün olmayacaq. Demək minimum əmək haqqı bazar qiymətlərini nəzərə alaraq ailəyə bəs etməyəcək. Onlar əlavə xərclər üçün kimlərdənsə borc almalıdırlar və ya istirahətdən imtina etməlidirlər”.

“1000 manat belə rahat yaşamağa kifayət deyil”

Mütəxəssis hazırda bazar qiymətlərini nəzərə alaraq, öz hesablamalarına əsasən düşünür ki, ailənin bir üzvünün orta yaxşı yaşaması üçün 1000 manat belə kifayət deyil: “İndiki tələblərə uyğun olaraq, hər bir ailə üzvü üçün gəliri 1000 manat götürsək və ümumilikdə, ata və ana vergiləri çıxmaqla 800 manat alsa belə, bu, yenə də rahat yaşamaq üçün kifayət etməyəcək. Rəsmi statistikaya inansaq və 23 faiz inflyasiyanı nəzərə alsaq, bir ailənin üzvlərinin gəliri 1000 manat həddini keçməlidir ki, ölkə daxilində normal yaşasın. İndiki halda ölkə üzrə statistik rəqəmləri götürsək, ümumi olaraq əhalinin 25-30 faizi bunu özü üçün edə bilər”.

Ev almaq və tətilə getmək istəyirsinizsə...

İqtisadçı Xalid Kərimli deyir ki, yaşayış minimumu minimum istehlak səbəti əsasında hazırlanır. Amma burada adından da göründüyü kimi minimum norma götürülüb. Orta norma çıxarılmayıb. Mütəxəssis hesab edir ki, orta yaxşı yaşamaq üçün, ailədə adambaşıma düşən məbləğ 1200 manat olmalıdır: “Bir ailənin Azərbaycan standartlarında yaşaması üçün adambaşına ən azı 600 manat pul lazımdır. Burada yığım və mənzil təminatından söhbət getmir. Cari xərclərin qarşılanması üçün ailə 2 nəfərdən ibarətdirsə 1200 manat, 5 nəfərdən ibarətdirsə 3000-dən artıq gəliri olmalıdır ki, normal yaşasın. Ev almaq və tətilə getmək istəyirsinizsə, təbii ki, gəlirləriniz artmalıdır. Daha yaxşı yaşamaq üçün isə adambaşına 1200 manat gəlirin olmalıdır”.






Fikirlər