Banka kredit borcunu ödəməyənləri nə gözləyir? – AÇIQLAMA...
“Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Qərardad qəbul ediblə. Nəticəvi hissəsi belədir: “Kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır.” Bu problem barədə dəfələrlə fikrimi bildirmişəm. Deməli, vətəndaş maaş kartının olduğu bankdan kredit götürür (və ya kiməsə zamin durur). Müqavilədə də yazılır ki, kredit üzrə gecikmə olsa, bank maaşı tam silə bilər. Reallıqda məhz belə də olur! Hətta başqa əcaib hallar da olur. Belə ki, maaş kartı onda olan bank vətəndaşın digər bankdakı problemli kreditini ucuz qiymətə həmin bankdan alır və başlayır maaşı kredit hesabına tutmağa. Problemdir, eləmi? Əlbəttə, özü də çox ciddi! Çünki normal halda bank məhkəməyə müraciət edib işi udduğu halda belə maksimum maaşın 50%-ni tuta bilər. Özü də birbaşa özü yox, icra məmuru vasitəsilə! Belə isə tam, özü də birbaşa və dərhal tutur!” Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib. Ə.Həsənov qeyd edib ki, normal hüquq sistemi olan ölkədə belə problem zatən ola bilməz: “Niyə? Əvvəla, həmin ölkələrdə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda, sadəcə, bankın müqaviləyə belə şərt daxil etməsi qadağan edilir. Lakin bizdə istehlak kreditləri haqqında qanunu qəbul etmirlər. Halbuki, hələ 2014-cü ildə alman professoru P.Krebslə bərabər belə qanun layihəsini hazırlayıb aidiyyəti dövlət qurumlarına təqdim etmişik. Yeri gəlmişkən, Konstitusiyaya görə Ali Məhkəmənin qanunvericilik təşəbbüsü hüququ var. Problemi həqiqətən həll etmək istəyirsə, qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim edə bilər. Digər tərəfdən, həmin ölkələrdə işçi, sadəcə, bankdakı hesabını (kartını) bağlaya bilər. Bağlamasa belə, hər bir halda işəgötürəndən tələb edə bilər ki, maaşını nağd versin və ya başqa bankdakı hesabına köçürsün, vəssalam! İşəgötürən də mütləq bunu edəcək! Əslində, bizim qanunvericilik də buna yol verir. Lakin mövcud inhisarçılıq şəraitində işəgötürənlər banklarla əlbir olduğu üçün vətəndaşın başına bu oyun gətirilir. Yəni işəgötürənlər maaşı başqa hesaba köçürməkdən imtina edirlər. Deməli, bizdə adekvat qanun yoxdur, işəgötürənlər də məhkəmədən qorxmadıqları üçün mövcud qanuna da əməl etmirlər. Nəticədə də vətəndaşın başına oyun açılır. Bəs Ali Məhkəmənin kollegiyalarının Qərardadı məsələni necə həll edir? Deyir ki, bank maaşın yalnız 20%-ni tuta bilər. Müqavilədə bundan yuxarı məbləğin tutulması haqda şərt varsa, o, etibarsızdır. Əslində, Qərardaddakı əsaslandırma yanlışdır. Çünki istinad edilən qanunvericilik normaları bu məsələni tənzimləmir. Mövcud qanunvericilik yalnız dövlətin məcburi qaydada maaşın tutumasının yuxarı həddini müəyyən edir. Şərh edilən halda isə maaşı bank tutur, özü də müqavilə şərtinə əsasən. Ona görə ki, qanun müqaviləyə belə şərtin daxil edilməsini qadağan etmir. Ali Məhkəmənin, özü də onun Plenumu deyil, kollegiyalarının belə qadağa müəyyən etməyə səlahiyyəti yoxdur. Ali Məhkəmə Əmək Məcəlləsinin 176-cı maddəsinə istinad edir. Orada deyilir: “1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. 2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.” Bu maddədə söhbət əmək haqqının işəgötürəndən işçiyə verilməsi əsnasında tutulmasından gedir. İşəgötürən işçinin maaşını bank hesabına (karta) köçürübsə, maaşı tam vermiş hesab edilir. Bank isə maaşı müqavilə şərtinə əsasən tutur. Bu əmək haqqından tutma deyil, çünki o, artıq ödənilib. Bu, sadəcə bank hesabındakı vəsaitin silinməsidir və vətəndaşın qabaqcadan verdiyi razılıq əsasında həyata keçirilir. Nə isə! Əsaslandırma elə də böyük əhəmiyyət kəsb etmir. Təki vətəndaşın xeyrinə olsun! Lakin bu Qərardadın real təsiri demək olar ki, olmayacaq. Banklar əvvəlki kimi maaşı tam olaraq tutmağa davam edəcəklər. Axı onlar bununla heç bir qanunu pozmurlar. Ali Məhkəmənin kollegiyalarının Qərardadı qanun deyil, sadəcə məhkəmələr üçün tövsiyə xarakteri daşıyan aktdır. Gərək maaşı tutulan vətəndaş hər dəfə məhkəməyə üz tutsun, illərlə mübarizə aparsın, yekunda qalib gəlsin ki, bank maaşını daha tutmasın. Amma, əvvəla, heç də hər bir vətəndaş məhkəməyə müraciət etməyəcək. Hamının imkanı yoxdur. Digər tərəfdən isə onsuz da bank illərlə tutduğu pulu qaytarmayacaq. Ola bilər ki, bu müddət ərzində kredit artıq bağlanmış da olsun. Hələ onu demirəm ki, banklar Konstitusiya Məhkəməsinə müraciət edib düzgün qərarın qəbul olunmasına da nail ola bilər. Beləliklə, guya vətəndaşların xeyrinə olan bu sənədin real əhəmiyyəti çox azdır. Elə təəssürat yaranır ki, sanki bu, kiminsə “seçkiqabağı” xal yığmasıdır (yeri gəlmişkən, növbəti ilin əvvəlində Ali Məhkəmədə ciddi kadr dəyişiklikləri gözlənilir). Baş aldatmaqdır! Bunu düşünməyə o da əsas verir ki, söhbət yalnız maaşlardan gedir. Axı analoji problem digər ödənişlər üzrə də mövcuddur. Məsələn, pensiyalar üzrə. Niyə Qərardadda pensiyaların da eynilə tutulması məsələsinə toxunulmur? Ona görə ki, əsasən yalnız bankların xeyrinə qərar verən kimi tanınan məhkəmə sistemi reallıqda əhaliyə, hətta belə deklarativ dəstəyi də geniş şəkildə etmək istəmir. Elə bu səbəbdən də Ali Məhkəmə qanunvericilik təşəbbüsündən istifadə edərək vətəndaşların xeyrinə olan qanun layihəsini də irəli sürmür. Odur ki, aldanmayaq. Bu, sadəcə, savadsız və hiyləgər həkimin xəstəyə yalan ümid verməsinə bənzəyir… Qərardadın yalnız bir məqamı gələcəkdə əhalinin xeyrinə ola bilər. Orada deyilir ki, “əhalinin rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin, habelə əmək hüquqlarının təmin edilməsi dövlətin insan hüquq və azadlıqlarının qorunmasına dair əsas məqsədlərinə daxildir və bu hüquqların məhdudlaşdırılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada mümkündür.” Çox yaxşı! Bəs onda niyə məhkəmə-hüquq sistemi imkan verir ki, vətəndaşdan o qədər pul tutulsun ki, nəticədə özünün və ailəsinin yaşayış minimumu da təmin olunmasın? Məgər bu yanaşma “əhalinin rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin” təmin edilməsi məqsədinə uyğundurmu? Hər bir halda, Ali Məhkəmənin bu istiqamətdə dilinin açılması imkan verir ki, eyni məntiqlə vətəndaşın və ailəsinin yaşayış minimunun toxunulmaz olmasını da tələb edək. Populist deyillərsə, ardıcıl olsunlar, bu hüququ da tanısınlar!”