“Azərbaycan iqtisadi böhran ərəfəsindədir” - "Çünki neftdən istifadə edən sahələrdə inqilabi dəyişikliklər baş verir"
Neftlə bağlı ümidlər alt-üst oldu. Beynəlxalq Energetika Agentliyi (BEA) neftin qiyməti ilə bağlı illik hesabatı açıqlayıb. BEA-nın icraçı direktoru Fatih Birolanın proqnozuna əsasən “Qara qızıl”ın bir barrelinin qiyməti 80 dollara 2020-ci ildən tez çatmayacaq: “2015-ci ilin yekunlarına dair neft sahəsinə investisiyalar 20%-ə qədər azalacaq və bu tendensiya gələn il də davam edəcək ki, bu da neft bazarına təsirsiz ötüşməyəcək”. Onun sözlərinə görə, sutka ərzində neftə olan tələbat hər il 900 min barellədək artacaq və bu göstərici 2040-cı ildə 103,5 milyon barrelə çatacaq: “Tələbatın yüksəlməsinə həmçinin Çinin enerji istehlakının artması da təsir göstərir. Bu ölkənin göstəriciləri 25 ildən sonra ABŞ-ın anoloji göstəricilərini iki dəfə üstələyə bilər. Hazırda iqtisadiyyatında artım qeydə alınan Hindistan da neft bazarına təsir göstərə bilər. Məlumat üçün bildirək ki, bu həftənin əvvəlində neftin qiyməti artmağa başlayıb. Brent neftinin London birjasında qiyməti hazırda 48 dollar ətrafında dəyişir. Tanınmış iqtisadçı Natiq CƏFƏRLİ də AİM.Az–a bildirib ki, Azərbaycanda iqtisadi böhranın başlanması ərəfəsindəyik. Çünki neftdən istifadə edən sahələrdə inqilabi dəyişikliklər baş verir: “Bu günə qədər daxiliyanma mühərriyində dünyada istehsal olunan neftin 40 faizə qədəri istehsal olunurdu. Avtomobil, təyyarə və yükdaşımalarda neftdən çox ciddi asılılıq vardı. Amma son zamanlar inqilabi texniki irəliləyişlər ona gətirib çıxardı ki, artıq yeni nəsil avtomobillər meydana gəldi və bu proses çox sürətlə gedir. Hətta 2020-ci ildə Avropa və Amerikada ya elektrik, ya da hidrogenlə çalışan avtomobillər üstünük təşkil edəcək ki, bu da neftin istehlakını azaltmağa yönəldilmiş addımlardan biridir. İstilik enerjisinin alınmasında 70 faizə yaxın neftdən istifadə olunurdu. İndi artıq bu rəqəm 11-12 faizə qədər enib. Getdikcə də enməkdə davam edir. Dünyada yeni texnologiyalar yarandıqca neftdən asılılıq azalır. Bu da indiki qiymətin ucuzlaşmasına gətirib çıxartdı. Bir çox ölkələrdə maya dəyəri həddindən artıq ucuz olduğundan hətta neftin qiyməti 30 dollara düşsə də, orada neft istehsal etmək mümkündür. Məsələn, Ərəb ölkələrində neftin maya dəyəri 3-4, Rusiyada 7-8, Azərbaycanda Ceyhan limanından yüklənmə və daşınma da daxil olmaqla 10-11 dollardır”. Ekspertin qənaətincə, neftin qiyməti daha da ucuzlaşa bilər: “Ona görə ki, İran da dekabr ayından yenidən neft bazarına çıxmağa başalayacaq və daha çox neft satacaq. Bu proselər onu göstərir ki, yaxın illərdə neftin qiyməti çox aşağı səviyyələrdə qalacaq və bu da Azərbaycan üçün böyük bir zərbədir. Azərbaycanın iqtisadi modeli, təəssüf ki, neftdən çox asılı vəziyyətdədir. Gəlirlərimizin böyük bir hissəsi neftdən asılıdır. Bundan başqa xarici ticarətdə neft amilinin rolu 94-95 faizə yaxındır ki, bu da çox böyük rəqəmdir. Neftin ucuzlaşması ölkənin gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərəcək. Bu da bütün makroiqtsadi göstəricilərə, manatın məzənnəsi və iqtisadi aktivliyə mənfi təsir göstərməkdə davam edəcək”. AİM.Az