Baş nazirin sərəncamı inflyasiyanın qarşısını alacaq? (ŞƏRH)
Xəbər verdiyimiz kimi, baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib. Görəsən, sözügedən sərəncam və ondan irəli gələn addımlar inflyasiyanın qarşısını almaqda hər hansı bir rol oynayacaq? Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, verilən sərəncamdan irəli gələn mexanizmlər inflyasiya prosesinə təsir edən amilləri tam üzə çıxarmaqda yardımçı olacaqsa, inflyasiya tempini çərçivəyə almaq mümkün olacaq: “Hər şey mexanizmin hansı formada təşkil və necə təqdim olunacağından asılıdır. 2022-ci il yaddaşlarda ən yüksək inflyasiya ili kimi qaldı. Xüsusən də ərzaq və qida məhsulları üzrə artım 19 faizdən də çox oldu. Bilirsiniz ki, bu günlərdə dövlət başçısı cari ilin 6 ayın yekunlarına dair müşavirədə inflayasiyanın ikirəqəmli səviyyədə olduğunu qeyd edərək, onun nəzarətdə saxlanılmalı olduğu barədə fikir irəli sürdü. Bu açıqlama qarşıdakı altı ay ərzində hökumətin əsas hədəflərindən birinin məhz ikirəqəmli inflyasiya ilə mübarizə olacağına işarə idi. Ona görə də baş nazir tərəfindən “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalandı. Bu da onu göstərir ki, indiki situasiyada inflyasiya amilinə təsir edən vasitələrin öyrənilməsi və nəzarətdə saxlanılması hazırda tələb olunan əsas şərtlərdən biridir. Hazırda xarici ölkələrdə inflyasiya tempi zəifləməyə doğru gedir. Buna müvafiq olaraq ölkəmizdə də kənardan inflyasiya təzyiqləri nisbətən zəifləyib. Belə bir şəraitdə ölkədə inflyasiya yenə də ikirəqəmli səviyyədə qalırsa, yaranmış vəziyyət sözsüz ki, narahatlıq doğuracaq. Belədə mövcud durumda prosesin ciddi şəkildə nəzarətə alınması, təsir göstərən amillərin araşdırılması tələb olunur. Nazirlər Kabinetinin bu təşəbbüsü yüksək qiymətləndirilməlidir”.
Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.