"Əsrin müqaviləsi"nin 29-cu ili - qazancımız nələrdir...

Sabiq nazir: “Bu müqavilə Azərbaycanın sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı oldu”

Bu gün-sentyabrın 20-də Azərbaycanın dünya miqyasında iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində, etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzlanmasının 29-cu ili tam olur. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması regionda, eləcə də dünyada qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu.

İlham Əliyev illər öncə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdi ki, gəlin fərz edək, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq, nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası böyük imkanlar yaratdı, bundan sonra da yaradacaq və bundan səmərəli istifadə edəcəyik. “Əsrin müqaviləsi”nin Qarabağ məsələsinə, yekunda torpaqlarımızın azad olunmasına təsirləri oldumu? Bəziləri iddia edir ki, Azərbaycan neftinin dünyaya çıxarılması ölkənin siyasi inkişafında mənfi rol da oynayıb. Bu iddialar nə dərəcədə əsaslıdır? 

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Heydər Əliyev 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi: “Əsrin müqaviləsi” Ulu öndər Heydər Əliyevin şah əsərlərindəndir. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması isə ölkəmiz üçün inqilabı bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı oldu.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi. 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmasa da, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dolları ötmüşdü. Ən maraqlısı isə o idi ki, yatırımların 2,2 milyard dolları ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yönəldilmişdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkədə aparılan iqtisadi islahatlar daha da sürətləndi. Müqavilənin imzalanmasından ötən bir ildən sonra ölkə iqtisadiyyatında yaranmış hiperinfilyasiya 8-10% səviyyəsinə qədər endirilə bildi. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı".

Sabiq nazir qeyd etdi ki, “Əsrin Müqaviləsi” ilə başlayan Azərbaycanın yeni enerji strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək sonda Azərbaycanın dünya iqtisadi və siyasi müstəvisində xüsusi yerini formalaşdırdı: “Neft və qazın satışından əldə olunan milyardlarla dollar vəsait hesabına Azərbaycanda misli görünməyən quruculuq işlərinə rəvac verildi. Azərbaycan regionun ən güclü ordusunu yarada bildi. Ən müasir silahlarla təchiz edilmiş bu ordu, erməni işğalçılarının 30 ildə qurduğu müdafiə sədlərini 44 gündə yerlə yeksan etdi. "Əsrin müqaviləsi"nin nəticələri işğal olunmuş torpaqlarımızın azad olunması üçün çox ciddi əhəmiyyət kəsb edir. İqtisadiyyatı, maliyyə gücü zəif olan dövlət müasir ordu qura bilməzdi. “Əsrin müqaviləsi”nin gətirdiyi imkanlar Azərbaycanın iqtisadiyyatının, maliyyə gücünün 21-ci əsrin müasir ordusunu qurmağa şərait yaratmasında xüsusi rol oynadı. Bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 2/3-nə sahib bir dövlətdir. Regionda heç bir qlobal layihə onun iştirakı olmadan reallaşdırıla bilməz. Bütün bu uğurlar öz başlanğıcını “Əsrin müqaviləsi”ndən götürdü..."

 






Fikirlər