Vasif Talıbovun ailə üzvlərinin keçmiş bankı məhkəməyə üz tutdu...
Bakı Kommersiya Məhkəməsində "Naxçıvan Bank" ASC-nin "VIP Garage Service" MMC-yə qarşı məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib. Qeyd edək ki, "Naxçıvan Bank" ASC "VIP Garage Service" MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr tələb irəli sürüb. Xatırladaq ki, Azərbaycanın yeganə regional bankı olan "Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bundan əvvəl səhmlər Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub. Bu ilin iyun ayında bank yeni səhmdarları açıqlanıb. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.