“AGBank”ın ləğv prosesində QARA-QURA İŞLƏR... - BU NƏDİ BELƏ?..
"Dünən Bakı Apellyasiya Məhkəməsində Rəşid Səmədovun sədrliyi ilə ləğv prosesində olan “AGBank”ın 2024-cü ilin III rübü üzrə ləğv planına baxılmalı idi..." "DİA-AZ" bildirir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
"Kreditorlar Komitəsinin sədri kimi təkcə mən iştirak edirdim" deyə özünün məhkəmədə iştirakı barədə bilgi verən Ə.Həsənov daha sorna ilginc məqamları açıqlayıb: "Nə planı təqdim etmiş ləğvedicinin (Əmanətlərin Sığortalanması Fondunun), nə də ona münasibət bildirməli olan Mərkəzi Bankın nümayəndələri gəlməmişdi. Mən onu demirəm ki, artıq IV rübün ilk ayı bitmək üzrədir, bunlar isə hələ bitmiş rübün planını təsdiq etmək istəyir (heç bitmiş dövrün də planı təsdiqlənə bilər?). Onu da demirəm ki, prosesdə kreditorların (bankda pulu qalanların) adından üçüncü şəxs kimi iştirak etsəm də (axı ləğv prosesi guya kreditorların maraqları naminə aparılır – GUYA!!!), mənə nəinki heç bir sənədlə tanış olmağa imkan vermirlər, heç təsdiq olunmalı olan ləğv planını da göstərmirlər (yəqin, plan həmişəki kimi o qədər bisavad və pozuntu və yeyintiləri ört-basdır etmək məqsədilə tərtib olunub ki, göstərməyə qorxurlar). Əsas odur ki, o qədər həyasızlaşıblar ki, heç məhkəməyə də hörmət edib iclasa gəlmirlər. Bu işlərdə məhkəməni notarius kimi istifadə edirlər: özlərinə lazım olan sənədlərin təsdiqi üçün. Həmin sənədlər isə ləğv prosesində olan bankların talanması, kreditorlara çatası vəsaitin yeyilməsi üçün lazımdır. Zaman gələcək, ləğv prosesində olan banklarda yeyinti və özbaşınalıqlar onsuz da üzə çıxacaq. Onda da ya bunu edənlərin goruna söyüləcək, ya da ömürlük azadlıqdan məhrum ediləcəklər. Məhz bunun naminə də mən bu məsələləri Allahın izni ilə daim təqib edəcək, mübarizəmi davam etdirəcəyəm..."