“Kəskin borclanmaya getmək arzuolunan deyil” – XƏBƏRDARLIQ

Azərbaycanın xarici borcunun  sürətlə artması və təhlükəli həddə yaxınlaşması ilə bağlı ölkə mediasında narahatverici fikirlər səslənməkdədir.

Maraqlıdır, ölkəmizin xarici borcu doğrudanmı təhlükəli həddədir? Xarici borcumuzun artması ilə bağlı səslənən fikirlərdə həqiqət payı varmı?

Moderator.az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov xarici borclanmanın ötən illərə nisbətən artdığını təsdiqlədi:

“Xarici borcun tənzimlənməsinə məsul olan qurum Maliyyə Nazirliyidir. Maliyyə Nazirliyinin  2016-cı ilin 1 yanvar tarixinə olan məlumatına görə, Azərbaycanın xarici borcu 6 milyard 894 milyon dollardır. Bu, həmin dövrə olan kursla 10 milyard 751 milyon manat deməkdir. Bu, ümumdaxili məhsulun, 19, 8%-ni təşkil edir. Bütövlükdə xarici borcun payı artıb. Azərbaycanın uzun müddət xarici borcun ümumdaxili məhsuldakı payı bir rəqəmli olub, 10%-dən az olub. İndi isə bu rəqəm ikirəqəmlidir, yəni 20% ətrafındadır. Xarici borcun artması onun ümumdaxili məhsudlakı payının artmasına səbəb olub.

Beynəlxalq standartlara görə, xarici borc ümumdaxili məhsulun 1/3-ni təşkil edirsə, bu, təhlükəli hesab olunmur. Lakin Azərbaycanla bağlı məqamlardan biri ondan ibarətdir ki, bizim ümumdaxili məhsulumuz manatla osla da, xarici borcumuz xarici valyutadadır. Əgər manat gələcəkdə devalvasiyaya məruz qalarsa, bu, xarici borcun ümumdaxili məhsuldakı payının artmasına səbəb olacaq.

Hesab edirik ki, kəskin borclanmaya getmək arzuolunan deyil. Kəskin borclanma sonradan bu borcun geri qaytarılması ilə bağlı çətinlikər yaradır. Bu baxımdan hökumət optimal borclanmaya getməlidir. Gələcəkdə xarici borcun ümumdaxili məhsulun payına münasibətdə arzuedilən səviyyədə saxlanılmasına çalışmaq lazımdır. Yəni çalışmaq lazımdır ki, xarici borcun ümumdaxili məhsulun payının 1/3-dən çox olmasın. Bu balansın pozulması artıq təhlükə kimi dəyərləndirilir”.






Fikirlər