Elxan Şahinoğlu: “Qərbin iqtisadi, siyasi, hərbi təşkilatları ilə əlaqələri intensivləşdirilməlidir”; İqbal Ağazadə: “5 trilyon dollara yaxın büdcəsi olan ABŞ-ın 20 trilyon dollara yaxın xarici borcu var, ancaq heç kim narahat deyil”
Azərbaycan sürətlə xarici borclanmaya gedir. Bir tərəfdən neft gəlirlərinin azalması, ölkəyə valyuta daxilolmalarının məhdudlaşması, digər tərəfdən iri infrastruktur və enerji layihələrinin külli miqdarda maliyyə tələb etməsi səbəbindən ölkə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avrasiya İnkişaf Fonduna və digər maliyyə qurumlarına kredit üçün müraciət edib.
İqtisadçı ekspert Qubad İbadoğlunun açıqladığı rəqəmlərə görə, bu il yanvarın 1-nə kimi beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10.3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.
Bu arada xəbər yayılıb ki, Azərbaycan Dünya Bankından (DB) Cənub Qaz Dəhlizinin (CQD) reallaşmasına 500 milyon dollar kredit cəlb etmək istəyir.
ANS PRESS-in məlumatına görə, bu haqda bankın Bakı nümayəndəliyindən məlumat verilib. “Azərbaycan tərəfi DB-yə müraciət edərək CQD-dəki payının maliyyələşdirilməsi üçün 500 milyon dollar kredit ayrılmasını istəyib”, - deyə bankın nümayəndəsi bildirib. Onun sözlərinə görə, layihənin benefisiarı kimi “Cənub Qaz Dəhlizi” QSC çıxış edəcək.
Bankın nümayəndəsi qeyd edib ki, müsbət cavab alınacağı təqdirdə kredit vəsaitləri dövlətin zəmanəti ilə veriləcək.
“Layihənin hazırlanması ilə bağlı bütün məsələlər, danışıqların aparılması və bankın direktorlar şurasının kreditin ayrılmasını təsdiqləməsinin 2016-cı ilin sonunadək yekunlaşdırılacağı planlaşdırılır”, - deyə mənbə qeyd edib...
Bəs xarici borclanmanın ölkəyə qazandırdığı siyasi üstünlüklər və ya problemlər varmı?
“Borclu borclunun sağlığını istər” məsəlini əsas götürsək, Azərbaycanın kredit götürdüyü təşkilatlar və onları himayə edən Qərb dövlətləri ölkəmizin iqtisadi inkişafında, təhlükəsizliyində maraqlı olacaqlarmı? Xarici borclanmanın təhlükəsi varmı?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xarici borclanmanı ölkə üçün təhlükə hesab etmir: “Məsələ burasındadır ki, Azərbaycan xarici dövlətlərdən yox, daha çox beynəlxalq maliyyə fondlarından borc alır. Hansısa böyük enerji və ya infrastruktur layihələrinin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlara borclanır. Həmin borcu qaytarmağa çətinlik çəkərsə, uzaq başı həmin təşkilatların təsiri altına düşə bilər. Mən bunu Azərbaycan üçün böyük təhlükə hesab etmirəm. Əgər Azərbaycan İran və Rusiya kimi böyük dövlətlərdən borc alsaydı, bunun böyük təhlükə olduğunu söyləmək olardı. Amma bizim özümüz də hər dəfə deyirik ki, Azərbaycanın istiqaməti Qərblə əməkdaşlığa olmalıdır. Qərbin iqtisadi, siyasi, hərbi təşkilatları ilə əlaqələri intensivləşdirməlidir. Azərbaycan da da əsasən Qərbin maliyyə qurumlarından kreditlər alır. Ona görə də mən Azərbaycan üçün siyasi mənada böyük təhlükə görmürəm.
Digər tərəfdən, Avropanın beynəlxalq təşkilatları Azərbaycanda siyasi və iqtisadi islahatların dərinləşməsini istəyir. Əgər Azərbaycan həmin qurumlardan kredit alırsa, onlar bu tələbləri bir qədər də sərtləşdirə bilərlər. Bu baxımdan xarici borclanma Azərbaycanın ziyanına deyil, əksinə, xeyrinədir".
Ümid Partiyasının sədri İqbal Ağazadə isə hər bir dövlət üçün xarici borclanmanın önəmli olduğunu bildirdi: “Mən neft kontraktları işə düşüb gəlir gətirməyə başlayan ilk gündən parlament çıxışlarımda da qeyd etmişdim ki, hökumət nə qədər mümkündürsə, valyuta ehtiyatlarını xərcləməməlidir. Bunun əvəzində borclanmalı, bu borclanmanı da konkret sahələr üzrə həyata keçirməlidir ki, bir neçə ildən sonra bu yatırımlar gəlir gətirsin. Həm Neft Fondunun pulları gələcək nəsillərə qalsın, həm də dünyada ən ucuz, 1.7 -1.8 faizlə beynəlxalq təşkilatların və ya ayrı-ayrı dövlətlərin verdiyi puldan istifadə edilsin. Borclanma siyasətini düzgün quracaqsansa, bunun şəffaflığını təmin edib, düzgün istiqamətlərə yönəldəcəksənsə, bu gün pul qazanmağın ən asan yollarından biridir. İstənilən dövlət və ya iri şirkət qədər hər hansı sahəyə yatırım edənlər 10 faizdən artıq öz vəsaitini qoymur, daha çox xarici dövlətlərə və ya beynəlxalq fondlara borclanaraq, uzun müddətli kreditlər hesabına həyata keçirir”.
İ.Ağazadə hesab edir ki, xaricdən alınan kreditin hər dolları iqtisadiyyata yatırılarkən onun nə qədər gəlir gətirəcəyi öncədən hesablanmalıdır: “Gec də olsa hökumət bu siyasətə başlayıbsa, bunun arxasında konkret iqtisadi nəticə dayanıbsa, uğurludur. Yoxsa əvvəlki illərdəki kimi xırda layihələrə görə borclanmaya gedəcəksə, bunun hər hansı faydası yoxdur. Dövlət fundamental olaraq, iqtisadi yatırımlarının, hər manatının nə qədər müddətdən sonra, nə qədər gəlir gətirəcəyini dəqiq hesablamalı və yola onunla çıxmalıdır. Bu hesablama olacaqsa, o zaman istənilən qədər borclanmaq olar və bunun heç bir qorxusu yoxdur.
Yoxsa pulu götürüb hansısa müəssisəyə versən, o da hansısa cari işləri üçün xərcləsə, borc yükü dövlətin boynunda qalsa, o zaman bunun altından çıxmaq mümkün olmayacaq. Bu gün cari layihələrə yox, strateji iqtisadi layihələrə pul xərcləmək lazımdır".
Partiya sədri borc verən ölkənin borc alanla iqtisadi müttəfiqliyinin daha səmimi olacağını bildirdi:“Amerika kimi bir dövlət uzun illər bu siyasəti həyata keçirib. 5 trilyon dollara yaxın büdcəsi olan bir dövlətin təxminən 20 trilyon dollara yaxın xarici borcu var. Ancaq heç kim qorxmur, heç kim narahat deyil. Çünki o pulların yatırıldığı layihələr zaman-zaman özünü doğruldur. Təkcə Çinə 1 trilyon 300 milyard dollar borcu var. Yaponiyaya, Səudiyyə Ərəbistanına da borcu var. Qonşu Türkiyəyə Amerikanın 54 milyarda yaxın borcu var. Bunlar hamısı onu göstərir ki, iqtisadiyyat dinamikdir və borcları qaytarmağa imkan verir. Azərbaycan da bu cür dinamik bir iqtisadiyyat yaratmağa yönəlik kredit siyasəti həyata keçirməyə çalışsa çox yaxşı olar. Borc verənlərin hamısı avtomatik olaraq borc götürən ölkənin iqtisadi portnyoruna çevrilir. İstənilən halda sən iqtisadi portnyorunla daha səmimi, daha isti və qarşılıqlı mənafeləri qoruyaraq münasibətlər sisteminə girə bilərsən. Siyasi müttəfiqliyin başlanğıcı elə buradandır. İqtisadi maraqların siyasətdə rolu hər zaman önə çıxıb. Ölkələr arasında siyasi maraqlarla yanaşı, iqtisadi, sosial, mədəni maraqlar da var. Bütün bunlar hamısı kompleks siyasətlə həyata keçirilməlidir”.