ƏLİ MƏSİMLİ: “Azərbaycanda SAHİBKARLIQ deyəndə daha çox məmur sahibkarlığı GÖZ ÖNÜNƏ gəlir”
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın qarşısında duran vacib məsələlərdən biridir. Uzun müddətdir dövlət müxtəlif yollarla bu sektorun inkişafına dəstək verməyə çalışır. Lakin hələ ki, Azərbaycanda kiçik və orta həcmli sahibkarlığın inkişafına nail olunduğunu söyləmək mümkün deyil. Bu sahədə ölkənin üzləşdiyi hansı çətinliklər var? Dünya təcrübəsindən nələri əxz etməliyik ki, kiçik və orta sahibkarlığın inkişafına nail ola bilək? Bu və digər suallarımıza iqtisadçı-alim, Milli Məclisin üzvü Əli Məsimlidən cavab almağa çalışdıq. Deputatla müsahibənin davamını təqdim edirik: - Kredit məsələsində əsas çətinliklərdən biri girov təminatı tələbi ilə bağlıdır. Sizcə, bu problemi necə həll etmək olar? - Regionlarda girov məsələsi qaydaya salınmalıdır ki, insanlar daşınmaz əmlaklarını girov qoyub kredit götürə bilsinlər. Regionda yaşayan sahibkar kredit üçün müraciət edəndə, bir sıra hallarda ondan girov kimi Bakının yaxşı yerlərinin birində daşınmaz əmlak tələb edirlər. Həmin sahibkarın Bakının mərkəzində daşınmaz əmlakı olsaydı, 10-15 min manatlıq kreditə heç ehtiyacı olmazdı... Həmin əmlakı icarəyə verib, yetərincə gəlir götürərdi. Kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında 15 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən “Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılması sahəsində görülən işləri, bu il sentyabrın 15-də həmin fərmanın bir illik icra vəziyyətini obyektiv surətdə yoxlamaq lazımdır. Kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışı daha çox iki mənbə - bank kreditləri və qiymətli kağızlar bazarlarına çıxış vasitəsilə təmin olunur. Azərbaycanda qiymətli kağızlar bazarı zəif inkişaf etdiyindən, kiçik və orta sahibkarların ikinci mənbədən istifadəsi yox dərəcəsindədir. Ona görə də qiymətli kağızlar bazarının inkişafı sürətləndirilməlidir. Kiçik və orta sahibkarların fəaliyyətində şəffaflıq və hesabatlılığın beynəlxalq standartlar səviyyəsinə qaldırılması, müvafiq hüquqi baza yaradılması və xarici maliyyə mənbələrinə çıxış istiqamətində səylər artırılmalıdır. Kiçik və orta sahibkarların innovativ səylərini artırmaqdan ötrü əlavə maliyyə güzəştlərinin edilməsi, eləcə də startaplar üçün zəmanətlərin verilməsi kimi təcrübələrdən biz də istifadə etməyə başlamalıyıq. Bir sözlə, bu yöndə sınaqdan yaxşı çıxmış beynəlxalq təcrübə var. Biz də yaradıcılıqla həmin təcrübədən yaxşıca yararlana bilərik. - Ümumiyyətlə, kiçik və orta sahibkarlığın inkişafı nə üçün lazımdır? Bu, bir ölkə üçün nə deməkdir? - Cavab daha məntiqli alınsın deyə ikinci sualdan başlayaq: beynəlxalq təcrübə sübut edib ki, kiçik və orta sahibkarlığın iqtisadiyyatda oynadığı rol hər baxımdan iri müəssisələrə nisbətən daha əhəmiyyətlidir. Dünya təcrübəsində kiçik və orta sahibkarlığın yüksək səviyyədə inkişaf etdiyi ölkələr daha sabit və daha dayanıqlı ölkələr sayılır. Son onilliklərin təcrübəsi təsdiqləyir ki, kiçik və orta sahibkarlıq iqtisadi inkişafın əsas təminatçısıdır, məşğulluğun və yeniliklərin vacib mənbəyidir. Bundan əlavə, kiçik və orta sahibkarlıq orta təbəqənin formalaşması və genişlənməsinin əsas mənbəyi kimi cəmiyyətdə zəruri sabitlik təmin edərək, ölkədə həyata keçirilən mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəkənməsinin sosial bazasını genişləndirir. İnkişaf etmiş ölkələrin çoxunda mövcud müəssisələrin 99 faizi kiçik və orta müəssisələrdir. Onların məşğulluqda payı 50-70 faiz səviyyəsində dəyişir. ÜDM istehsalında payları isə 50-60 faiz həcmindədir. Kiçik və orta sahibkarlığın vəziyyətindən danışdıqda daha çox iqtisadi inkişafın katalizatoru, hərəkətverici qüvvəsi olması amili önə çəkilsə də, burada əsas məqsəd təkcə iqtisadi artım deyil, həm də sosial rifahın davamlı surətdə yaxşılaşdırılmasıdır. Azərbaycan iqtisadiyyatının yeni mərhələsinin yaxın, orta və uzunmüddətli perspektivində kiçik və orta sahibkarlığın inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. Təkcə 2020-ci ilədək oradakı strateji hədəflərə nail olmaq üçün 700 milyon manat investisiya xərclənəcəyi gözlənilir ki, nəticədə ölkə iqtisadiyyatında 1,3 milyard manat əlavə dəyər və 35000-ə yaxın yeni iş yeri yaradılacaq. Həmin hədəflərin reallaşdırılması “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair Proqram”ın hazırlanıb qəbul edilməsini; hüquqi bazanın təkmilləşdirilməsini, imkan daxilində sahibkarlıqla bağlı əsas məsələləri özündə cəmləşdirən kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinə dair yeni qanunun qəbul edilməsini; sahibkarlığın qarşısında duran maneələrin aradan qaldırılması, kredit resurslarına əlçatanlığın artırılması, kredit faizlərinin azaldılması və ya faizlərin bir hissəsinin subsidiyalaşdırılması; vergi dərəcələrinin aşağı salınması və sair istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruri sayılır. Bu baxımdan Azərbaycanın qeyri-neft sənayesinin 3 model üzərində qurulması və inkişaf etdirilməsi üçün hər cür şərait var: Birincisi, idxalı əvəz edən sahələrin inkişafı. İkincisi, ixracyönümlü sahələrin inkişafı. Üçüncüsü, innovasiya modellərinin tətbiqi. Həmin modellərin dolğun şəkildə reallaşdırılmasından ötrü kiçik və orta sahibkarlığın inkişafının proqram, hüquqi və maliyyə təminatları gücləndirilməlidir. İdxalı əvəz edə bilən və ixracı artırmaq imkanları olan istehsal sahələrinin, xüsusən də kiçik və orta sahibkarlara güzəştli dövlət kreditlərinin ayrılmasına, ölkəyə qabaqcıl texnologiya gətirməsinə, ixrac subsidiyalarının tətbiqinə geniş meydan verilməlidir. - Bu gün kiçik və orta sahibkarların əsas problemləri hansı sahədədir: qanunvericilik, yoxsa qanunların icrası? - Əsas problem müvafiq qanunların olmamasında yox, mövcud qanunların tam gücü ilə dolğun şəkildə səmərəli işləməməsindədir. Hər yerdən əli üzüləndən sonra sahibkar özünə qarşı olan maneəni aradan qaldırmaq üçün məhkəməyə müraciət edir. Hakimlərsə bir sıra hallarda sahibkarın və qanunun yox, dövlət orqanlarının tərəfini tutur. Nəticədə ədalət prinsipi pozulur, sahibkarların bir hissəsi ağır duruma düşür, müflisləşir və sıradan çıxır. Bu ciddi problemi həll etməkdən ötrü ölkədə iqtisadi və hüquqi islahatlar genişləndirilməli və dərinləşdirilməlidir. Azərbaycanda sahibkarlıq deyəndə daha çox məmur sahibkarlığı göz önünə gəlir. Hansı obyekti soruşursan, hansısa məmurun və ya onlara yaxın adamların adı hallanır. Bəzi istisnaları çıxmaq şərtilə, həmin məmurların çoxu onlara tapşırılan dövlər qurumunu və ya sahəni necə idarə edirsə, öz biznesini də birbaşa və ya kimlərinsə vasitəsilə elə o səviyyədə də idarə edir. Bu amil perspektivi dumanlı olan, səmərəsiz iqtisadiyyatın, monopoliyanın, kölgə iqtisadiyyatının, qanundan yuxarıda duran təbəqənin yaranmasının, özbaşınalıqların və sairin əsas mənbələrindəndir. Ona görə də məmurun biznesdən ayrılmasının səmərəli mexanizmini hazırlayıb tətbiq etmək lazımdır. İslahatlar yolu ilə müstəqil və sivil prinsiplər əsasında işləyən məhkəmə sisteminin formalaşmasına nail olmaq lazımdır. Hüququn aliliyinin təmin edilməsi və qanundan yüksəkdə duran təbəqənin qanunlara riayət etməyə dəvət edilməsi istiqamətində ciddi addımlar atılmalıdır. - Bəs dünyada kiçik və orta sahibkarlığın inkişafı üçün hansı üsullardan istifadə edilir? Onların Azərbaycanda tətbiqi nə qədər realdır? - Beynəlxalq praktikada hökumətlər kiçik və orta sahibkarlığın inkişafı üçün bu sahəni iqtisadi siyasətin real prioritetlərindən birinə çevirir, xüsusi proqramlar qəbul edir və hər il həmin tədbirləri həyat keçirmək üçün böyük həcmdə maliyyə buraxır. Beynəlxalq praktikada dövlət kiçik və orta sahibkarlığın inkişafına daha çox maliyyə yardımı, zəruri infrastrukturlarn qurulması, konsaltinq, informasiya dəstəyi, ixraca yardım və sair bu kimi vasitələrlə dəstək verir. Müəyyən maliyyə dəstəyi və onun düzgün istifadəsi əsasında dünya ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycana gətirmək, eləcə də gənclərimizin intellektual potensialını işə salmaqla ölkədə innovativ sahibkarlığı yüksək səviyyədə inkişaf etdirmək olar. Azərbaycanda İxracın və İnnovasiyaların Təşviqi Fondu xətti ilə bu yöndə çox iş görmək olar. Dövlət müəssisələrin süni surətdə sıradan çıxarılmasının qarşısını almaq üçün kiçik müəssisələrə münasibətdə haqsız rəqabətə qarşı tədbirlər görür. Ciddi islahatlar aparmaqla bunların hər birinin yaradıcılıqla Azərbaycana tətbiqi mümkündür. Aparılan sosioloji tədqiqatların nəticələri göstərir ki, inhisarçılıq və korrupsiya, məmur müdaxilələri, sağlam rəqabət mühitinin yetərli səviyyədə olmaması, kredit resurslarının bütün sahibkarlar üçün eyni dərəcədə əlçatan olmaması, vergi yükünün ağırlığı, hüquqi-normativ baza sahəsindəki çatışmazlıqlar sahibkarlığın inkişafına mane olan amillər arasında daha ciddi xarakter daşıyır. Bütün bunlarla əlaqədar olaraq Azərbaycanda azad sahibkarlığın inkifanın genişləndirilməsi və sürətləndirilməsi bir sıra tədbirlərin həyat keçirilməsini zəruri edir. Əvvəla, sahibkarlığa yeni nəfəs verilməsi, açılan yeni iş yerləri sayının sürətlə artması və bu sahənin iqtisadi inkişafın lokomotivinə çevrilməsindən ötrü dövlətin iqtisadiyyatda iştirakının azaldılmasına, səmərəliliyin artırılmasına və məmur sahibkarlığının aradan qaldırılmasına gətib çıxaran islahatlar həyata keçirilməlidir. İnstitusional islahatlar dərinləşdirilməli və iqtisadiyyatın liberallaşdırılması artırılmalıdır. Sahibkarların mülkiyyət üzərində öz hüquqlarını sərbəst şəkildə tam həyata keçirmək, azad rəqabət şəraitində işləmək, istehsal etdiyi məhsulu harda istəsə satmaq və sair istiqamətlərdə qanunvericilikdə öz əksini tapmış hüquqları təmin olunmalıdır. Eyni zamanda, biznes mühiti yaxşılaşdırılmalı, kiçik və orta sahiblarlığın qarşısında duran bütün maneələr aradan qaldırılmalı, onlara real dəstək gücləndirilməlidir. Bununla yanaşı, istehsalda və idxaldakı inhisarçılıq tamamilə aradan qaldırılmalıdır. Bütün bunlar edilərsə, Azərbaycanda dayanıqlı inkişafa, sabitliyə, əhalinin rifahının davamlı yaxşılaşmasına xidmət edən sahibkarlıq sistemi yaradıla bilər.