Vergilər Nazirliyində köklü dəyişiklik...
Virtualaz.org nazirliyin Analitik-informasiya şöbəsinə istinadən bildirir ki, Vergilər Nazirliyinin struktur bölmələrinin fəaliyyətinin və vergi nəzarətinin təkmilləşdirilməsi, mövcud kadr potensialının imkanlarından daha səmərəli istifadə olunması məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi Aparatının, nazirlik yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyinin Ərazi Vergilər departamentləri və idarələrinin strukturunda müəyyən dəyişikliklər edilib. 2 saylı Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər idarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilib.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqlar üzrə Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, vergilər nazirinin müavinlərinin iştirakı ilə Ərazi Vergilər departamentləri və idarələrində, eləcə də Bakı şəhərində yerləşən müvafiq struktur bölmələrində keçirilmiş görüşlərdə dövlət başçısı tərəfindən verilmiş göstərişlərin icra vəziyyəti müzakirə edilib, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb.