SƏFƏR ƏBİYEVİN sabiq müavini Ali Məhkəməyə MÜRACİƏT EDİB
Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimov Ali Məhkəməyə müraciət edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin M.Səlimovun Müdafiə Nazirliyində işləyərkən mənimsədiyi 1,2 milyon manatın geri qaytarmasına qərar verib. O, bəraət istəyi ilə müraciət etdiyi apellyasiya instansiyasından rədd cavabı alıb. Bu qərardan isə kassasiya şikayəti verib. Keçmiş nazir müavinin azadlıq istəyi ilə bağlı bu dəfə hakim Gülzar Rzayeva yekun qərar verəcək.