Xəbərdən qan damır - ARAŞDIRMA
Kriminal hadisələrin mətbuatda vizual görüntülərlə yayılması, kriminal xəbərlərin dolayı təbliği günün aktual mövzularındandır. Qan, zorakılıq, ölüm səhnələri, odlu silahın obyektivə tuşlanmış görüntüsü, terrorçuluq, vəhşi həyat səhnələri yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq əksər insanlarda ikrah hissi yaradır.
(Aərtaym.az)
Bu günlərdə təsadüfən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Koncuk Musa Özençinin “Kriminal xəbərləri seçmə ölçüləri” mövzusunda kurs işi ilə tanış olduq. Kurs işində qeyd edilir ki, Bakı şəhər Dövlət Yol Polisinin feysbuk səhifəsində avtomobil qəzaları ilə bağlı video-görüntülərə baxışın artdığı fəxrlə qeyd olunub.
“Mən kriminal xəbərlərə ”ətli xörək" kimi baxıram"
Kurs işində eyni zamanda Azərbaycan mediasında kriminal sahə üzrə ixtisaslaşmış jurnalislərinin də fikirlərinə yer verilib. Tanınmış media qurumunun kriminal sahə üzrə bir müxbiri bildirir ki, belə xəbərlərə cəmiyyətin tələbatına görə geniş yer ayrılır: “Mən kriminal xəbərlərə ”ətli xörək" kimi baxıram, hər gün nə qədər göy-göyərti yeyəsən..."
Müxbir kriminal xəbərlərin ictimailəşməsini faydalı hadisə hesab edir.
Kriminal hadisələrin vizual tərəfi, video, şəkil, görüntü necə verilə bilər ki, cəmiyyətdə mənfi emosiyaların artmasına səbəb olmasın?
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, media orqanı kriminal xəbərlərin vizual görüntülərini təqdim edərkən auditoriya nəzərə alınmalı, qan, zorakılıq, insan psixologiyasına mənfi təsir edən amillərdən yan keçilməlidir: “Təəssüf, bir çox hallarda media mənsubları daha çox oxucu, yaxud izləyici cəlb etmək üçün ən kəskin, qəddar vizual görüntülərdən istifadə edirlər ki, bu da yolverilməzdir”.
Ya örtülməli, ya da dumanlı verilməlidir
Elçin Mirzəbəyli bildirdi ki, bu cür səhnələri açıq-aşkar təqdim etməmək üçün müxtəlif üsullar var: “Qanlı, yaxud zorakılıq səhnəsi varsa, bunu dumanlı şəkildə təqdim etmək olar, yaxud üzərini müxtəlif rənglərlə örtmək mümkündür. Vizual görüntü internet media və televiziya üçün xüsusi əhəmiyyət kəsb etdiyinə görə bu məsələyə çox önəm verilməlidir. Qənaətimə görə, belə hallarda oxucu sayı arxasınca qaçmaq yox, cəmiyyətin gələcəyini düşünmək lazımdı”.
Qərb mediasından nümunə gətirən Elçin Mirzəbəylinin sözlərinə görə, Avropa ölkələrində belə prosesə dövlət o zaman müdaxilə edə bilər ki, yayılan məlumatlar bütün sərhədləri ötüb keçir və şok sosial effekti yaradır, artıq bu məsələ dövlətin təhlükəsizliyi çərçivəsinə daxil olur: “Amma kriminal xəbərlərdə vizual görüntülər auditoriyanı nəzərə alınmadan təqdim edilirsə, təbii ki, onlar birinci növbədə ictimai qınağa məruz qalırlar, media təşkilatları tərəfindən də onlara bu və ya digər dərəcədə xəbərdarlıq edilir.
Dünya mətbuatında vətəndaş təəssübkeşliyi nümayiş etdirilib, konkret bir media orqanının məhkəməyə verilməsi, yaxud həmin kriminal xəbərdən zərərçəkmiş şəxslərin, yaxud vəkillərinin, ailə üzvlərinin məhkəməyə müraciət etməsi presedentləri də var. Azərbaycanda oxşar hallar hələ ki, tətbiq olunmayıb. Zaman keçdikcə bütün bunlar müəyyən dərəcədə tənzimlənəcək".
Kriminalın təbliğinə yol açmamaq üçün...
Kriminal hadisələrin daha çox görüntülənməsi cəmiyyətdə kifayət qədər narazılıq doğurur. Bəs Mətbuat Şurasına cəmiyyətdən bununla bağlı narazılıq, şikayət daxil olurmu?
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qəzetimizə açıqlamasında bildirdi ki, təmsil etdiyi qurum “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın layihəsini hazırlayarkən, bu məqama ciddi nəzər yetirib. Onun sözlərinə görə, Kodeksdə 3-cü prinsipin əksər bəndləri, demək olar ki, bu mövzuya həsr edilib: “Hansısa KİV qurumunun kriminal hadisələri, onun iştirakçılarını bilərəkdən, düşünülmüş şəkildə təbliğ etməsi, ona haqq qazandırması barədə faktlara ya rast gəlinmir, ya da qeyri-peşəkar, qeyri-populyar KİV-lərdə təsadüf edilir.
Amma kriminal mövzuya həsr edilimiş informasiyanı ictimailəşdirərkən, əksər KİV-lər hadisənin fərqinə varmadan kriminal hadisənin səbəbkarlarının təbliğatçısına, zərərçəkənlərin isə daha ciddi problemlə rastlaşmasına yol açırlar.
Məsələn, cinayəti törətmiş qatilin adını, soyadını, əməlinin formasını verib onu təbliğ etməklə yanaşı, cinayət formasını detallı təsvir etməklə cəmiyyətdə xof, bəzi insanlarda isə cinayətin həmin növünə maraq, meyil yaradırlar. Yaxud zərərçəkmişin adını, soyadını, hətta təvəllüdünü və yaşadığı ünvanı detallı şəkildə təsvir etməklə, ona dəymiş ziyanı daha da artırırlar. Nəzərə almırlar ki, rəqəmsal informasiya texnologiyaları dövründə yaşayırıq və cinayətin qurbanı olmuş şəxs bu informasiyaların təkrar-təkrar gündəmə gəlməsilə daha çətin duruma düşür. Bu cür hallar çox intensiv şəkildə təsadüf edilir".
Müşfiq Ələsgərli bildirdi ki, bu məsələ çox həssas olduğuna görə, nüansları fərqləndirmək heç də asan deyil. Bu həssaslığı nəzərə alaraq Jurnalistikanın Peşə Kodeksini hazırlayan bütün beynəlxalq təşkilatlar ona diqqətlə yanaşıb, xəbər istehsalçılarının nüansları qarışdırmamaları üçün çoxsaylı vəsaitlər hazırlayıblar. Beynəlxalq Jurnalistlər Federasiyası bu mövzunun aktuallığını nəzərə alaraq, jurnalistlər üçün qlobal standartlar da hazırlayıb: “Buna baxmayaraq, mövzu üzrə qayda və qanun pozuntuları çoxdur və getdikcə də intensivləşir. Səbəb peşə prinsipini, yaxud qanunları bilməməkdən qaynaqlanır”.
Narazılıq Mətbuat Şurasına çatmır
Qurum rəsmisinin sözlərinə görə, mövzunun bu qədər aktuallıq kəsb etməsinə baxmayaraq, həmin prinsipin pozulması üzrə Mətbuat Şurasına çox da şikayət daxil olmur: “Orta hesabla il ərzində Mətbuat Şurasına 600-ə qədər şikayət daxil olsa da, bu mövzu üzrə şikayətlər simvolik yer tutur.
Şəxsən mən Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında təmsil olunduğum müddətdə bu mövzuda yalnız bir neçə halla qarşılaşmışam. Görünür, bu prinsiplər mütəxəssislər səviyyəsində dəyərləndirilsə də, hələ ümumi ictimai səviyyədə o qədər də populyarlaşmayıb. Yəni bu mövzu üzrə şikayətlərin az olması həmin sahədə pozuntular yoxdur anlamına gəlmir".
Etik və estetik baxımdan qəbul olunmayan mənzərə
Media mütəxəssisi Qulu Məhərrəmlinin sözlərinə görə, kriminal hadisələr həyatımızın danılmaz faktına çevrilsə də bunu mətbuat, televiziyalar elə formada təqdim etməlidir ki, neqativ halların təbliğatçısına çevrilməsin: “İctimai əhəmiyyət kəsb edən, cəmiyyət üçün müəyyən təhlükə yaradan hadisə baş veribsə, bu, geniş çalarlarda təqdim olunmalıdır. Yox əgər gündəlik məişət cinayətkarlığı, yaxud avtomobil qəzası baş veribsə, bu xəbərlərin xüsusi təqdimatla, sensasiya ilə təqdim olunması yanlışdır.
Mən hesab edirəm ki, məişət xarakterli neqativ xəbərin bəh-bəhlə təqdim olunması Türkiyə mediasından gəlir. Etiraf edək ki, Rusiya mediasında bu şəkildə təqdimat yoxdur. Amma Türkiyə efirlərində, mətbuatında da maşının işində yanan insan, yaxud qanlı bir səhnə açıq görüntülənmir. Bu etik və estetik baxımdan qəbul olunmur. Bizdə isə bu həm etik qaydaları pozmağın, həm də qeyri-peşəkarlıq və sensasiya ardınca qaçmağın nəticəsidir.
Bəzən kriminal sahə üzrə fotoreportyor, jurnalist bu sahəyə çörək ağacı kimi baxır və öz xəbərlərini xüsusi vurğunluqla təbliğ edir. Unutmamalıyıq ki, qəza hadisələri və kriminal xəbərlərinə ekstremal şəraitin işıqlandırılmasına verilən tələblərlə yanaşılmalıdır".Sevil Hilalqızı