Sentyabrın 6-da mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostu Vüqar Bəkirov ifadə verib.
Qeyd edək ki, Vüqar Bəkirov hazırda həbsdədir. O, dələduzluqda təqsirləndirilərək 4 il müddətinə azadlıqdan mərhum edilib.
İfadə verməzdən əvvəl V.Bəkirov prosesdə jurnalistlərin iştirak etməsini istəməyib. O, deyib ki, ifadəsində tərəflərin bir-birlərinə təhqiramiz ifadələri var. Hakim isə bildirib ki, prosesdə kiminsə kimisə təhqir etməsindən yox, Mehriban Hüseynovanın İlhamə Quliyevanın əmlakını ələ keçirməyə cəhd etməsindən söhbət gedir. Hakim şahiddən gördüyü və bildiyi iş üzrə ifadə verməsini tələb edib.
V.Bəkirov əvvəlcə İlhamə Quliyevanın oğlu Orxan Kərimovun borc məsələsi haqda danışıb. O, deyib ki, O.Nadirov onun vasitəsi ilə başqa şəxslərdən pul alıb. Lakin geri qaytarmadığından pulu ondan tələb ediblər. V.Bəkirov pulunu ala bilmədiyindən İ.Quliyeva ilə görüşmək qərarına gəldiyini deyib.
O, İ.Quliyevaya zəng edərkən telefona Mehriban Hüseynova cavab verib: “Mehriban telefonu açdı. Nə lazımdırsa, ona deməyimi istədi. Mən də İlhamə xanımla görüşmək istəyirdim. Sonra Mehriban özü mənə zəng elədi. Dedi ki, İlhamə Quliyeva ona baş etibarnamə verib. Nə lazım olsa ona deyim. Sonra İlhamə Quliyeva ilə görüşməyimizə razılıq verdi. İlhamə xanımla görüşəndə ona Orxanın borcunun olmasını dedim”.
V.Bəkirov ifadəsində bildirib ki, İ.Quliyevaya oğlu barədə danışarkən mərhun müğənni əvvəlcə onun polisə məlumat verməsin istəyib: “Birinci İlhamə xanım dedi ki, polisə şikayət et. Ancaq sonradan fikrini dəyişdi. Dedi ki, bu iş mətbuata çıxmasın. Pulu ödədi. Orxanın 10 min manat borcu var idi”.
Şahid Mehriban Hüseynova ilə aralarında olan digər söhbətləri də danışıb. Məhkəmədə məlum olub ki, Vüqar Bəkirov əvvəlcə Orxan Nadirovun borc məsələsi ilə bağlı problemi Mehriban Hüseynovaya danışıb. Onun dediklərinə görə, Mehriban Hüseynova bundan istifadə edərək, İlhamə Quliyeva ilə onun arasını vurmaq istəyib.
Lakin işdə maraqlı bir məqam da bu olub ki, Vüqar Bəkirov həm Orxandan pulunu almaq istəyib, həm də Mehribandan eşitdiklərini Orxana danışmağa başlayıb: “Mən Mehribanla görüşəndə onun İlhamə Quliyevaya qarşı kinini gördüm. Mənə Orxanın İlhaməyə baxmadığını, ona hörmət etmədiyini deməyə başladı. Mehriban dedi ki, İlhamə Quliyeva müalicə alır. Vəziyyəti ağırdır. 4-5 görüşdən sonra mənə dedi ki, hər şeyi öz adına keçirəcək. Ona vəsiyyətnamə düzəltməyə kömək etməyimi istədi. Mənə Orxanla bağlı dediklərini, hər şeyi Orxana danışırdım. Orxan da deyirdi ki, özümü elə göstərim ki, Mehriban məndən şübhələnməsin və hər şeyi danışsın. Orxan elə hər görüşdən sonra məni gözləyirdi. Səs yazılarını da ona verirdim. Həmin səs yazılarını da istintaqa təqdim etmişəm.
Aramızda görüşlər olandan sonra məni İlhamə Quliyeva ilə görüşdürdü. Orxanla bağlı problemi ona danışdım. Orxanın İlahmənin mülklərini ələ keçirməsini istəmirdi. Mən də bunu Orxana çatdırırdım. Mehriban İlhamədən bezdiyini deyirdi. Biz Orxanla Mehribana saxta vəsiyyətnamə düzəltməyi planlaşdırdıq. Məqsəd bu idi ki, mən vəsiyyətnaməni ələ keçirim, Orxana verim. O da İlhamə Quliyevaya göstərsin və Mehribanın necə adam olduğunu sübut etsin. Mən əvvəlcə Orxana təklif elədim ki, Mehribanın bu işini polisə deyək. Ancaq Orxan dedi ki, bunu sübut edə bilməyəcəyik”.
Vüqar Bəkirov İlhamə Quliyevaya dərman verilməsindən də danışıb. O, qeyd edib ki, dərman Mehribanın istəyi ilə İlhamə Quliyevaya verilib: “Mehriban dedi ki, elə bir dərman tapım ki, İlhamə Quliyevanın huşu itsin. Notariusdan gələn olanda sənədlərə etiraz etmədən qol çəksin. Ancaq Orxanla biz Mehribana vitamin verdik. Həmin dərmandan mən də istifadə edirdim. C vitamini idi. Gündə 4 ədəd atırdı. Bu, onun sağlamlığına zərər vurmurdu. Əksinə xeyir edirdi”.
Mehriban Hüseynovanın vəsiyyətin hazırlanması üçün ona 2700 manata qədər pul verdiyini deyən V.Bəkirov sonradan həmin pulun geri qaytarıldığını bildirib.
Vəkillərin suallarını cavablandıran V.Bəkirov İlhamə Quliyeva ilə oğlu arasında münasibətlərin korlanmasının səbəbini belə danışıb: “Orxandan eşitdiyimə görə, Mehriban evə baxıcı gətirib. Evdən cadular çıxıb. Sonra Mehriban İlhamə Quliyevaya deyib ki, bu caduları Orxanın arvadı qoyub. Bundan sonra onların münasibətləri korlanıb. Mənim bildiyim səbəb budur”.
İ.Quliyevanın Mehribanın dediklərinə necə inanması ilə bağlı suala isə V.Bəkirov belə cavab verib: “İlhamə xanımın belə bir xasiyyəti var idi ki, 3-4 ay tanıdığı bir adamın dediyinə həmin an inanırdı. Mehribana da belə inanırdı. Mehriban onların arasında münasibətləri pozurdu. Mən Orxanla anasını görüşdürüb, barışdırmaq istədim. Mehriban mənə qışqırırdı ki, niyə belə etmişəm”.
V.Bəkirov Mehriban Hüseynovanın nüfuzlu şəxslərlə münasibətinin olduğu halda, niyə məhz vəsiyyətnaməni ondan istəməsini belə izah edib: “Dedi ki, həmin nüfuzlu şəxslər MTN işçiləridir. Mənə dedi ki, bu işə görə onlara ağız aça bilməyəcək”.
Mehriban Hüseynovanın vəkili bildirib ki, İlhamə Quliyeva oğlundan və Vüqar Bəkirovdan ölümündən əvvəl polisə müraciət edib. V.Bəkirov bunun doğru olmadığını deyib.
Vəkil onu da əlavə edib ki, V.Bəkirov İlahmə Quliyevanın evinə dinləmə cihazı qoymaq üçün mərhumdan külli miqdarda pul alıb. V.Bəkirov bunun da doğru olmadığını söyləyib.
V.Bəkirov İlhamə Quliyevanın öz köməkçisi Mehriban Hüseynovadan polisə şikayət etməsi haqda bunları danışıb: “Mehriban İlhamə xanımı şantaj edirdi. Onun barəsində xəbərlər yayacağını deyirdi. İlhamə xanım da Mehribanın evdən oğurluq etdiyini deyirdi və mənim də şahid olmağımı istəyirdi. Mən isə razılaşmadım”.
Mehriban Hüseynovanın diz çökərək İlhamə Quliyevadan üzr istədiyi gün yaşananları da danışan V.Bəkiorv qeyd edib ki, həmin gün onun yazdığı səs yazıları dinlənilib.
Bundan sonra M.Hüseynova evə çağırılıb: “Mehriban evə girəndə Kəmalə ona bir sillə vurdu. Mən ilk dəfə İlhamə xanımı görəndə beli bükülmüşdü, ayaqları çirkin içində idi. İlhamə xanım həmin gün onu bağışlamaq istəyirdi. O da ona yalvarmağa başladı. Onu heç kim vurmadı”.
Məhkəmə prosesində İlhamə Quliyevanın 10 il mətbuat katibi olmuş Faiq Ələkbərov da ifadə verib. Məlum olub ki, o, Mehriban Hüseynovanın diz çöküb yalvararkən videosunu çəkibmiş: “İlhamə xanım mənə zəng elədi ki, evə gəl. Dedi ki, sən mənim yaxınımsan, başıma belə bir iş gəlib. Getdik evə. Bizə səs yazıları dinlətdirdilər. Mehriban İlhamə Quliyeva haqda danışırdı. Mülkünü ələ keçirmək istədiyini, onu öldürmək istədiyini eşitdik. Mehriban evə girən kimi rəfiqəsi olan Kəmalə onu vurdu. Sonra Mehriban yalvarmağa başaldı ki, səhv edib. Səs yazılarında var idi ki, Mehriban deyirdi ki, “verdiyiniz dərman təsir etmir. Bu qadın hər gün yaxşılaşır”.
O, Mehribanı videoya çəkməsinin İlhamə Quliyevanın istəyi ilə olduğunu bildirib: “İlhamə xanım dedi ki, olanları videoya çəkim. Hamı görürdü. Gizli çəkmirdim. Sonra videonu İlhamə xanım özü istədi. Mətbuat konfransında da jurnalistlərə verib”.
Təqsirləndirilən M.Hüseynova isə çəkilişin gizlin olduğunu və görmədiyini bildirib.
Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında, 73 yaşında dünyasını dəyişib.