"Cəmiyyətdə tolerant düşüncə qıtlığı var"
4 günlük müharibədən çıxardığım ən böyük dərs milli ruhun ölməməsi, güclü ordumuzun yaranması oldu. Şükürlər ki, qlobal problemlərdə, ölkənin tale yüklü məsələlərində iqtidarlı-müxalifətli millətin bütün kəsimləri eyni nöqtəyə vurdu. Azərbaycan ziyalılarının mövqeyi milli mövqe ilə tam üst-üstə düşdü. Unutmayaq ki, bütün uğurların açarı milli birlikdədir. Kütləvi informasiya vasitələrimiz necə də adekvat və peşəkar iş nümayiş etdirdilər!
Əfsuslar olsun ki, 4 günlük savaş qurtarar-qurtarmaz milli birliklə səsləşməyən bir hadisə ilə rastlaşdım. Görkəmli ziyalı, BDU-nun professoru Qulu Məhərrəmli məhkəmə çəkişməsinə cəlb olunub. Ziyalılar kövrək insanlardır. Onlarla rəftar bir qədər başqa cür olmalıdır. Amma kim düşünür ki, ziyalını əzə bilər, yanılır. Ziyalıların ömrü uzundur, ziyalı ömrü tək bioloji ömür deyil. Düşünürəm ki, ölkənin təxminən baş jurnalisti kürsüsündə duran bir ziyalı elə Qulu Məhərrəmlinin fikirlərinə azad mətbuatda özü cavab verə bilərdi. Ziyalıların bu cür məhkəmə çəkişmələri sabahımız olan gənclərimiz, ümumiyyətlə cəmiyyətin bütün kəsimləri üçün hansı milli birlik örnəyi ola bilər?!
Ümumiyyətlə, ziyalılarımızın məhkəmə cəkişmələrinə cəlb edilməsini yaxşı hal saymaq olmaz. Kütləvi informasiya vasitələrində oxudum ki, indi Azərbaycan ədəbiyyatına görkəmli töhfələr vermiş (“Daş yuxular“ istisna olmaqla) Əkrəm Əylisli, bir qədər öncə kinossenarist Eldəniz Quliyev məhkəmə çəkişmələrinə cəlb olunublar. Görünür bu, cəmiyyətdə tolerant düşüncə qıtlığı ilə əlaqədardır. Belə olmasaydı bir çox TV-in qapıları seçilmiş ziyalılar üzünə bağlı olmazdı, hətta 10-15 il qabaq çəkilmiş filmlərdən müəlliflərin, məsləhətçilərin adları titrlərdən çıxarılmazdı. Bu qeyri-səlis yox, binar məntiq düşüncə tərzinin nəticəsidir.
Milli birliyə gedən yol milli barışıqdan keçir, ona görə də bu birliyə barışıq yolu ilə gedilməlidir. Milli birliyə gedən yolun nüvəsini ziyalılar təşkil etməlidir. Milli birliyə gedən yolun əsas yolçuları ziyalılar olmalıdırlar. Bu yolda ziyalı münasibətləri məhkəmələrdə yox, mənəvi müstəvidə həll olunmalıdır.
Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlər ölmür, əbədi yaşayırlar. Gəlin çalışaq ki, heç olmasa mənəvi şəhid verməyək.
Rafiq Əliyev, professor