“MİLLƏTİN KODU DƏYİŞDİRİLDİ” – Professor Rafiq Əliyevlə MÜSAHİBƏ
Texnika elmləri doktoru, professor Rafiq Əliyev “Azadlıq” radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.
- Rafiq müəllim, istəyərdim ki, Sizinlə milli özünə inamsızlıq mövzusunda söhbət edək. Son vaxtlar tez-tez “əşi, azərbaycanlıdır da…”, “biz düzələn deyilik” kimi bir az təəssüf, bir az peşmanlıq, bir az da ironik ifadələr eşidilir. Qərbdə elə azərbaycanlılar var ki, heç özlərini azərbaycanlı kimi təqdim etmək də istəmirlər. Nə düşünürsüz bu haqda?
– Razı deyiləm bu fikirlə. Bağışlayın ki, belə sərt səsləndim. Çünki sual məni bərk tutdu. Millət də fərd kimidir. Çox istedadlı xalqların çox istedadlı insanlar kimi qəribəlikləri olur. Bizim millətin qəribəliyi odur ki, bizdə milli təfəkkür formalaşmayıb. Bu millətin Üzeyir bəyi var, Tusisi var, Ramiz Rövşəni var. Bu millətdən necə utanmaq olar?
Sadəcə olaraq, bizdə milli təfəkkür – ümuminin xatirinə fərdiyyətçiliyi qurban vermək hələ hələ ki, yetişməyib. Bunun da bir sıra səbəbləri var. Bir səbəb odur ki, bir çox dövlətlərdə milli dövlətlər qurulanda bizdə xanlıqlar hakimiyyəti idi.
Mən və dostlarım heç vaxt belə bir utanc keçirməmişik. Mən nəinki ölkəmin, doğulduğum kəndin belə adını internetə qoymuşam. Bir insan ki doğulduğu koma ilə fəxr eləmir, deməli, onda milli mənlik yoxdur.
İkinci səbəb isə millətin kodlaşdırması ilə bağlıdır. Mən bizim TV-lərdən çox narazıyam. Reytinq xatirinə bunu etmək doğru deyil. Bugünkü şoularla milli təfəkkürü dəyişdirmək mümkün deyil. Meyarları dəyişəndə milli təfəkkür yaranacaq.
Milli təfəkkürün formalaşması üçün “mən”dən “biz”ə keçmək lazımdır. Bir epsilon qədər olsa belə. Mənə elə gəlir ki, 2 faiz insan var ki, 98 faizi arxasınca aparır.
Milli təfəkkürə sahib, elit ziyalı, bu iki faiz olur. Qalan 20 faiz o ideyaları daşımaq və yerinə yetirmək üçündür. Qalan faizlər olmalıdır. Bu 2 faizi əzmək lazım deyil, bu 2 faizi olmayan xalqın gələcəyi yoxdur. Bu 2 faizin qədrini bilmək lazımdır.
- Varmı Azərbaycanda bu 2 faiz?
-Bəlkə də 1 faiz var.
- Kimdir bu faizə aid olanlar?
– Məsələn, Musa Yaqub, Ramiz Rövşən. Musa Yaqub dağlardan süzülən sular kimi təmiz adamdır. Dostumdur deyə demirəm, Ramiz Rövşən bu günün şairi deyil. Onun məntiqi Aristotel məntiqi deyil.
-Ümuminin xeyri üçün nəyi güzəştə gedib Ramiz Rövşən?
-Ziyalı odur ki, imtina etməyi bacarsın. Ramiz Rövşən çox imtina edib. Jurnalistlərə müsahibə də vermir. Əlbəttə, yalnız müsahibə məsələsi deyil. Necə olur ki, Ramiz Rövşən xalq şairi olmur? Bu heç onun ağlına da gəlməz. Çünki o onsuz da xalqın şairidir.
-Ramiz Rövşənin xalq üçün verdiyi qurbana nümunə verə bilərsinizmi?
-Məsələn, ona deyiblər ki, ssenari yaz. Amma yazmayıb. Ramiz Rövşənə Allahdan başqa heç kim deyə bilməz ki, bunu yazma, onu yaz. İnsan tək dediklərinə görə yox, həm də demədiklərinə görə ziyalı ola bilir. Bəzən susmağın özü də qəhrəmanlıqdır.
Ziyalı odur ki, zamanı qabaqlaya bilsin. Elə sözlər var ki, onu indi demək lazım deyil – bu məsafədə susmaq daha çox fayda gətirə bilər.
-Niyə susmaq? Millətin xatirəsi üçün susmaq ki, mövcudluğunu qoruyub saxlayasan və özünü gələcəyə saxlayasan?
-Elə insanlar var ki, millətin xatirəsi üçün onlar qorunmalıdır. Mövlanənin sözü yadıma düşdü – korlar bazarında ayna sayma, karlar bazarında qəzəl atma. Elə məqam olur ki, sən eşidilmirsən, sözü eşidiləndə demək lazımdır.
-Bu cür susmaq ziyalılığa kölgə salarmı?
-Elə məqamlar var ki, o sözü deməyin mənası yoxdur. 2008-ci ildə bir yazı yazdım. Elmi publisistik məqalə idi. Azərbaycanın post-neft dövrü haqqında idi. 2010-cu ildə bu yazını yenə yazdım. Dünyada 4 iqtisadi model var, 5-si yoxur.
Birincisi bilik istehal edən iqtisadi modeldir. BMT-nin də hesabatlarında yazılır ki, ABŞ bilik və bir necə sənaye məhsulu istehsal edir. Şimali Avropa da bu modeli tətbiq edir.
İkinci model texnoloji modeldir: bilik istehsal edilmir, amma idxal edilib, uğurla tətbiq olunur və gözəl məhsullar buraxır. 2-ci Dünya Müharibəsindən sonra Yaponiya qərara aldı ki, ancaq bəzi sənaye sahələrini inkişaf etdirəcək və vurğusu məhsulların keyfiyyəti olacaq. Dünyanın 100 unversitetin siyahısına baxsanız, 79 universitet ABŞ-ın payına düşür, bir-ikisi Yaponiyanın.
Üçüncü model isə xammalyönümlü modeldir: Bizim Azərbaycanımız, Rusiya Qazaxıstan bura aiddir.
Dördüncü, aqrar modelə isə Monqolustan, Yunanıstan kimi ölkələr aid edilir
Biz bilməliyik ki, post-neft dövrüdən sonra hansı sahələr prioritet olmalıdır, hansı məhsullar ixrac olunacaq, hansı bazarlar tapılacaq.
2011-ci ildə bu mövzuya yenidən qayıtdım. Jurnalistlər 2015-ci ildə həmin məqaləni yenidən götürüb çap etdilər. Məndən soruşdular ki, “post-neft” dövrü deyəndə hansı dövrü nəzərdə tuturdun? Onlara dedim ki, bax, indiki dövrü.
Yəni, söz vaxtında deyilir. Mən vaxtında sözümü demişdim, yenə də deyim, yenə də eşidilməsin? Yox, mən bundansa susmağı üstün tuturam. Susmaq deyəndə, bunu nəzərdə tuturam.
Mən siyasət adamı deyiləm. Siyasətlə partiyalar məşğul olur. Ziyalı ağrıyan yeri deyə bilər. Qərbdə Amerikada buna “soft power” deyirlər. “Soft power”in nə gücü var ki, sözdən başqa? Çox yaxşı olar ki, onun sözü eşidilsin.
-Belə arqumentlər də var ki, ziyalının sözü eşidilmədisə gərək gedib sözünü ucadan, meydanda desin.
– Mən mitinq adamı deyiləm. Mitinqi siyasi partiyalar təşkil edir. Düzdür, xaricdən olan basqılara qarşı millətin hamısı bir yerdə olmalıdır. Bütün hallarda, söz daha güclüdür.
- Belə fikirlər də var ki, söz deyənlər indi həbsdədir. İndi Azərbaycan türməsində ziyalı varmı?
-Ziyalı anlayışını vermək çətindir. Bir şey deyə bilərəm ki, Allah hamısının qapısını açsın.
-İntiqam Əliyevi ziyalı sayır bir çoxları. Sizcə, İntiqam Əliyev xalqın milli kimliyinə xidmət etmək üçün şəxsi mənafeyindən vaz keçən ziyalıdırmı, milli qüruru özünə qaytaracaq ziyalıdırmı?
– Düzü, bizim onunla tanışlığımız yoxdur. Amma mətbuatdan oxumuşam haqqında – bir cəsarətli insan kimi, yaxşı adam kimi. Amma şəxsi tanışlığımız olmayıb.
-Bir neçə il əvvəl Sizin də üzvü olduğunuz Ziyalılar Forumu ictimai-siyasi mövzularda təşəbbüslər irəli sürürdü. Nədir son vəziyyət Ziyalılar Forumunda?
-Ziyalılar Forumu da susma mövqeyindədir. Arabir yığışıb siyasətdən kənar söhbətlər aparırıq. Siyasətə gedənlər getdi siyasətə.
-Rafiq müəllim mövzumuzu dəyişək və elm mövzusuna keçək. Azərbaycan elmində hansı islahatlar keçirilməlidir ki, elm irəli getsin. Siz ABŞ-da da çalışırsız. Hansı təcrübələrin Azərbaycana gəlməsi realdır?
-Əgər hər hansı dünya ölkəsində elmə ayırmalar 2 faizdən azdırsa, o elm o ölkənin iqtisadiyyatına təsir etmir. Bunu bütün dünya qəbul edib. Bizdə bu ayırmalar 0,6 faizdir.
İkincisi, kəskin surətdə təhsili dəyişmək lazımdır. Bir dəfə təhsil naziri mənə dedi ki, təhsildə islahat aparmaq istəyirik. Dedim ki, Sovet cəmiyyətinə mənim nostalgiyam yoxdur və bu cəmiyyətdə yaşamaq istəməzdim, amma onun da müsbət cəhətləri var idi. Mənə o cəmiyyətdəki mənəviyyatlı müəllimləri qaytarın, heç bir reformaya ehtiyac yoxdur, kompüterə ehtiyac yoxdur. Bununçün də müəllimlərin maaşı başqa cür olmalıdır, bununçün etik standartları qaldırmaq və yüksəltmək lazımdır. Elmə insanlar orta məktəbdən, universitetlərdən getməlidir. Yoxsa, gərək xaricdən adamlar gətirək.
Ən əsası odur ki, elmin öz siyasəti var. Elmdə siyasət olmaz.
Məsələn, tanışbazlıq, layiqli olmayan adamların akademik seçilməsi. Özbaşına seçilmir ki bu adamlar?!
Belə fikirlər var ki, hətta ABŞ-da da tanışlıq, nepotizm var. Bizim dostlardan biri deyirdi ki, almanca danışanda bir çox mətləblər bir fincan qəhvənin arxasında həll olunur. Avropada, Amerikada kiməsə desən ki, mənim xətrimə bu artıq qiyməti yaz, səni ömründə başa düşməzlər. Lütfüzadəni tanıyırsız yəqin ki. Məsələn, biz onunla nəinki birgə elmi işlər aparırıq, hətta ata-bala münasibətimiz var. Ona desəm ki, bu məqaləni çap edək, başa düzməz ki, mən nə deyirəm ona. Amerikada belə tanışlıq var, başqa nə tanışlıq ola bilər?!
-Bəlkə onda söhbətimizin əvvəlinə qayıdaq. Niyə onda bunlar Azərbaycanda baş verir?
-Burda çox səbəblər var. Mən Rusiyada elmlər namizədi dərəcəsi alanda 25 yaşım var idi. Professorum dedi ki, elmi işini kitab kimi çap elə- kitabda müəllif kimi onun adını birinci, öz adımı ikinci qeyd etmişdi. Çıxartdı öz adını. Amma indikilər öz adı olmasa, bir məqaləni belə çapa buraxmaz.
-Belə başa düşürəm ki, Sovet dövrünə nəzərən vəziyyət pisləşib. Niyə pisləşdi bəs, Sizcə?
-Ölkədə sosial vəziyyət dəyişdi. Yenidən sosial kodlaşdırma baş verdi. Dəyərləri dəyişin, görəcəksz nəticəni.
-Axı məntiqlə sosial kodlaşdırma yaxşılaşmaya xidmət etməli idi. Çünki Sovet hökuməti dağılıb, milli hökumət yaranmışdı…
-Məsələn, kütlənin çoxu indi “Fəlakət” adında bir adama baxır. Adını eşitmişəm bir obrazın.
-Bütövlükdə dəyər dəyişimini yalnız TV-lərləmi bağlayırsız?
-TV çox güclü alətdir. Facebook da yaxşıdır, qəzetlər də. Amma insan çox şeyi görməklə qəbul edir, TV hamının evinə daxil olur. TV-lərdən bunu niyə etdiklərini soruşanda deyirlər ki, bunu reytinq üçün edirik.
-Cəmiyyətdə bir müzakirə mövzusu da budur ki, telekanallar hakimiyyət tərəfindən idarə olunur…
-Axı bir TV kanal dövlətindir, qalanları özəldir. İdarə olunmaları barədə dərinlikləri bilmirəm. Söhbət edəndə deyirlər ki, bizə reytinq lazımdır. Amma bilmirəm səbəbi doğrudanmı reytinqdir, yoxsa başqa səbəbdir.
-Azərbaycanda dərs deyirsinizmi? 2011-ci ildə sizi Azərbaycan Dövlət Neft Akademiyasından işdən çıxarmışdılar. İndi Azərbaycanda hardasa dərs deyirsinizmi?
-1998-ci ildə ABŞ Dövlət Departamentinin qərarı ilə ABŞ-ın Corciya Dövlət Universiteti və Azərbaycanın Dövlət Neft Akademiyası ilə birlikdə MBA, BA proqramları yaradılıb. Bu proqramların məzunları çox nüfuzlu şirkətlərdə çalışırlar. Mən həmin proqramın direktoruyam və həmin universitetdə həftədə iki dəfə mühazirə oxuyuram. Hec arzum da yoxdur k, Neft Akademiyasına bərpa olunum. Elə olmasaydı, son illər yazdığım kitabları yazmağa vaxt tapmazdım.