Aşıqlar Birliyi ölüm ayağındakı gənc aşıqla NECƏ MARAQLANIR?
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər Xanlaroğlunun səhhəti yenidən pisləşdiyindən bir neçə gün əvvəl təcili əməliyyat üçün Türkiyəyə yola salınıb. Maddi problemlər yaşayan aşıq üçün sosial şəbəkələrdə kampaniya başladıldı. Dostlarının mətbuata verdiyi açıqlamlara əsasən, kampaniyaya o qədər də çox adam qoşulmayıb. Məcburiyyət qarşısında qalan Azər Xanlaroğlu şəxsi avtomobili və ata yadigarı olan evi satmaq qərarına gəlib. Qeyd edək ki, hepatit xəstəliyindən əziyyət çəkən Azər Xanlaroğlunun ayaqlarında da şiş əmələ gəlib. Onun qaraciyəri təcili dəyişilməlidir. Azərbaycan Aşıqlar Birliyinin mətbuatda məsələyə münasibəti gözə dəymir. Qurum tərəfindən hər hansı xeyriyyə kampaniyasının, yaxud, maddi-mənəvi dəstəyin olması ilə bağlı Modern.az birliyin katibi Musa Nəbioğlu ilə əlaqə saxlayıb. Katib qısaca olaraq, Aşıqlar Birliyinin təbii ki, Azər Xanlaroğluna biganə qalmadığını bildirib. Lakin məsələ ilə daha geniş şəkildə birliyin sədri professor Məhərrəm Qasımlının danışmasının doğru olduğunu deyib. Modern.az saytı bir neçə dəfə cəhd etsə də, Aşıqlar Birliyinin sədri ilə əlaqə yarada bilməyib.