Əli Mirəliyevdən jurnalistlərin mənzil davasına münasibət - “Allah gec-tez QƏNİM OLACAQ”

Картинки по запросу əli mirəliyev

“Bizim millət hələ daş dövründən başlayaraq bir-birinin paxıllığını edib, bir-birinin ayağını çəkib. Babalarımdan da bunu görmüşəm, 68 illik ömrümdə indiyə qədər də bunu görə-görə gəlirəm. Jurnalistlər də bizim millətimizdir, o üzdən indi ev məsələsinə görə qalmaqal salmalarına da təbii baxıram”.

Bu fikirləri Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev son günlərdə jurnalistlər arasında gedən mənzil qovğasına münasibət bildirərkən səsləndirib.
Əli Mirəliyev deyib ki, biz heç vaxt birləşə, mehriban yaşaya bilmirik:
“Təəssüflər olsun ki, millət olaraq bir-birimizin uğurunu gözü götürməməzlik, qabağa gedənin ayağını tapdalamaq bizimlə yoldaşdır. Bizim xasiyyətimizdə, qanımızda, kökümüzdə bir-birimizi tapdalamaq var. Paxıllığımız o həddədir ki, vəfat etmiş ədiblərimizə, ziyalılarımıza, sənətkarlarımıza, hətta dövlət rəhbərlərimizə belə qara yaxmaqdan, təhqir etməkdən çəkinmirik. Tariximizə baxın, milli və tarixi qəhrəmanlarımızın ölümünə belə özümüz paxıllıqdan səbəb olmuşuq. Bu faktdır və nə etsək də bunu silə bilmirik. Ancaq biz bugünkü günlə yaşamamalıyıq, özümüzü düşünməsək də övladlarımızı, onların gələcəyini düşünməliyik. Düşünməməliyik ki, bizim evimiz olsun, maşınımız olsun, yaxşı şəraitimiz olsun, yerdə qalanlar da cəhənnəm olsun. Axı bizim aramızda da dəyərli insanlar, ziyalılar, siyasətçilər, tarixi şəxsiyyətlər, dövlət başçıları, deputatlar, sənətkarlar var. Paxıllıqdan əl çəkib, onların qədrini bilməliyik”.
İfaçı “Jurnalistə ev verilməməlidir” fikrinə də münasibət bildirib:
“Bəziləri deyir ki, jurnalistlərə niyə ev verilər axı, indi də dava edələr. Mən isə belə düşünmürəm, jurnalistə də ev verilməlidir, jurnalist bəyəm adam deyil?! Yazıq jurnalist ev ala biləcək qədər pulu hardan tapsın?! Elə yazdığı yazının müqabilində aldığı qonorar da ancaq gündəlik tələbatını ödəməyə çatır. Əlbəttə ki, əsl jurnalistlərdən söhbət gedir. Şou əhli isə toyda, konsertdədir gecə gündüz, prodüserləri var. Jurnalistin prodüseri yoxdur axı, özü yazıq oturur, başını işlədir, düşünür və yazır. Üçü güclü yazanda biri zəif yazsa da olar, nə fərqi var, əsas olan haqqı, doğrunu yazmaqdır. Jurnalistin qələmindən başqa yerdən qazancı yoxdur axı. Efirlərdə aləmi qatan, dava-dalaş, qalmaqal salan aparıcılara şamil etmirəm bunu, çünki onlar jurnalist deyillər”.  
Əli Mirəliyev sonda jurnalistlərə bir ağsaqqal kimi öz məsləhətin də verib:
“Jurnalistlərə məsləhət görürəm ki, başlarını aşağı salıb öz işləriylə məşğul olsunlar, haqqı, doğrunu yazmaqda davam etsinlər. Doğruluq, düzgünlük hər zaman onlara həyatda baş ucalığı gətirəcək. Əyrini düz yazanın həyatda heç vaxt yeri olmur, gələcəkdə çox əziyyət çəkəcəklər buna görə. Bəri başdan məsləhət görürəm ki, nə görürlərsə, onu da yazsınlar, yaza bilmirlərsə, gedib başqa sahədə işləsinlər, jurnalistikanın adını batırmasınlar. Jurnalistika dördüncü hakimiyyətdir, layiqli olan jurnalistə ev də verilməlidir, fəxri ad da. Verilmirsə də dava-dalaş salmaq lazım deyil. Mənə baxın, heç bir adım yoxdur, istəmirəm də, çünki mən xalqın sənətkarıyam. Bəzi xalq, əməkdar artistləri kimi erməni mahnısı oxumamışam, oxumuram. Erməni mahnısı oxuyanlara da Allah gec-tez qənim olacaq.
Jurnalistlərə də arzum budur ki, şou-biznes əhlinə dönməsinlər, səviyyələrini saxlasınlar, xalq da onlara qiymət verəcək. Onsuz da insan bu həyata əziyyətlə gəlib, əziyyətlə də gedir, rahat yaşamaq ancaq o dünyada olacaq, bu dünyada rahat yaşamaq yoxdur. Onsuz da torpaqlarımızın 20 faizi işğaldadır, özümüzü heç bir yerdən dəstəkləyən yoxdur, bacaran əzir bizi. Biz də özümüz içimizdə bir-birimizi didirik. Belə olmaz axı. Biz bir bayraq altında birləşməyi bacarmalıyıq ki, düşmənlərimiz olan üç millətlə - rus, fars, erməni ilə vuruşmağa gücümüz olsun”.






Fikirlər