"Ömür boyu paltarlarımı geyinmisən" - ELNARƏDƏN RÖYAYA SƏRT sözlər

"Ömür boyu paltarlarımı geyinmisən" - Elnarədən Röyaya sərt sözlər

Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasındakı qalmaqal daha da böyüyüb.

Xəlilova Uitni Hyustonun "I have nothing" mahnısını İnstaqramında paylaşıb. İzləyicilər paylaşıma ifaçının Röyaya söz atdığını yazıblar. Bir çoxları mahnını Röyanın "Mənə sevgindən bəhs et"inə bənzədiblər.

Hətta bəstəkar Muxtar Abseynov da ona "Mən bildim" şərhini yazıb. Elnarə ona "Elə bildim Röyanın mahnısıdır" şərhini yazan izləyicisinə "Oxşayır, yox?" cavabını verib. Röya isə Elnarənin həmin paylaşımını paylaşaraq onu tənqid edib.

Xəlilovanın qarşı tərəfə cavabı gecikməyib. O, paylaşım edərək Röyanın ünvanına sərt sözlər deyib:

"İcazə verirsən bu videonu paylaşım? (Fatihə surəsini paylaşıb - red.) Yoxsa bunu da özünə götürəcəksən? Bütöv bir verilişi ("Hər şey daxil" verilişini nəzərdə tutur -red.) mənə həsr etdiyinizə görə demək ki, haqlıyam. Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə "çox sağ ol" demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. Mahnı mahnıya oxşayar da. Mahnını mahnıdan götürərlər. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan? Mahnında problem var, get onu düzəldənlərin boğazından yapış ki, ətək-ətək pul tökmüşəm sizə, bu nədi eləmisiz? Məni niyə iynələyirsən? Ey ulduzların ulduzu... Ey starların starı. Ey əməkdarların əməkdarı.

Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur. Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür. Bilsəydim özünü təsdiq etmək üçün efirdə erməni mahnısı oxuyanın ümidinə qalacaqsan, heç sənə kömək eləməzdim. Bir düz-əməlli adam yox idi çıxarasız ora? Yazıq Tolik qalmışdı kəkələyə-kəkələyə. Bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın. Canım, ay Tolik! Səni və Röyanı nə qədər çox istəyirəm bunu yalnız Allah bilir. Amma məhkəmə quranda heç olmasa, qarşı tərəfdən çox demirəm, bircə nəfər obyektivlik üçün çağırmalıydız. Yoxsa elə özünüz çaldız, özünüz oynadız.

Hələ o jurnalist etiraf edir öz diliylə ki, bəli, Elnarə reklam simasıdır. Sonra da deyir iş gör. Mən iş görməsəm, trend olmasam, tələbatlı olmasam bu qədər şirkətlər məni özlərinə sima seçər? Sən də oxuyursan, mən də. Sənin öz izləyicin, mənim öz... Sən də klip çəkdirirsən, mən də... Sən də Türkiyədə iş gördürürsən, mən də... Sən konsert verirsən, mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdur. Sən birini də verirsən, mən birini də doğuram. Nəyi pisdi ki... Səndə o var. Məndə bu. Sən konsert verirsən, mən təhsil alıram. Buna da zaman gedir".

Elnarə Röyanın "Unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür..." sözlərinə belə cavab verib:

"Yeri gəlmişkən, təhsil dedim, təhsil yadıma düşdü. Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam, söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir? Bir var yalan, bir də var ağ yalan. Belə olmaz, bacım. Ömür boyu mənim paltarlarımı geyinmisən. İndi "modnu" olmusan, məni bəyənmirsən? Bir dedin, susdum. İki dedin, susdum. İndi də Elnura sifarişlə yazı yazdırmısan ki, Elnarə zövqsüzdür. Utanıram, sadəcə hər ikinizin yerinə. Bir əski parçası, dünya malı insanlıqdan dəyərli olarmış. Sonda sizin öz sözünüzlə bitirmək istəyirəm.

Bir halda ki, səni milyonlar sevir məni heç kim, ey milyonların sevimlisi dünya şöhrətli ulduz, siz dediyiniz məntiqlə yanaşsaq, əgər keyfiyyətə deyil, kəmiyyətə nəzər salsaq, onda Azərbaycanda hal-hazırda 2 ulduz var. Biri Damla, digəri də Üzeyir. Onunla deyil axı, düzdür? Tolik demiş, adamı gərək Allah istəsin.

Allahıma çox şükür, nəyim yoxdu sənə paxıllıq edəm? Ərin var, ərim yoxdu? Oğlun var, oğlum yoxdu? Qızın var, qızım yoxdu? Yerdə qalanı da yuxarıda sadaladım. Birdən elə bilərsən sənlə dava edirəm ha, qətiyyən ağlına elə şey gətirmə. Sadəcə köhnəlmiş münasibətlərimizi aydınlaşdırdım, vəssalam. Səni yenə də çox sevirəm. Unutma, uman yerdən küsərlər".

mənbə: axşam.az






Fikirlər